Azərbaycançılıq ideologiyası günü-gündən möhkəmlənir
14 İyul 2023 11:20 Siyasətİstiqamət: Azərbaycançılıq ideyasının təbliği - "Heydər Əliyev İli"
Azərbaycançılıq ideologiyası termini əsasən müstəqillik illərindən sonra geniş yayılmağa, leksikonumuza daxil olmağa başlasa da, əslində isə sovetlərin zamanından gizli də olsa bu ideologiyanın yayılması, dünyada yaşayan azərbaycanlıları bu ideologiya ətrafında birləşdirmək cəhdləri var idi. Bu barədə danışarkən xüsusi olaraq vurğulamaq yerinə düşər ki, hələ SSRİ-nin mövcudluğu, həmin dövrün siyasi reallıqları və sovet ideologiyasının hakim olduğu dövrdə diaspor problemi ilə milli-ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verilməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqəsinə xidmət edəcək hər bir imkandan səmərəli şəkildə istifadə olunurdu. Müxtəlif ölkələrlə mədəni əlaqələrin güclənməsi, xaricdə yaşayan həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin ("Vətən" cəmiyyəti) yaradılması həmvətənlərimizin birliyinə və Vətənlə əlaqəsinə xidmət edən mühüm addımlardan idi. Məhz Ümummilli Liderimizin diqqəti və dəstəyi sayəsində o dövrdə Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəldi.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən Azərbaycanın rəhbərliyinə qayıdan Ulu Öndər azərbaycançılığın dünyadakı bütün azərbaycanlıların vahid ideologiyası halına gəlməsi üçün mühüm addımlar atıldı. Əksər ekspertlərin vurğuladıqları kimi, Heydər Əliyev azərbaycançılıq ideologiyasını müəyyən edərkən həm də beynəlxalq aləmdə cərəyan edən hadisələri, müasir dünya siyasətinin, qloballaşan və transmilliləşən dünyanın inkişaf meyillərini nəzərə alırdı. Beləliklə, azərbaycançılıq ideologiyası təkcə ölkəmizin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları səfərbər edərək dünyaya səpələnmiş azərbaycanlılarının milli istinad mənbəyinə çevrildi. Daha dəqiq desək, Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideyası milli həmrəyliyin və birliyin ideoloji əsası oldu. Eyni zamanda azərbaycançılıq ideyasının, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi üçün, həmçinin dünyaya səpələnmiş soydaşlarımızın Vətənlə əlaqələrinin, xüsusilə ölkəmizin bütün məsələlərdə milli maraqlarının və tarixən formalaşmış mənəvi dəyərlərinin qorunması məqsədilə diaspor quruculuğu sahəsində bir sıra mühüm addımlar atıldı.
Azərbaycançılıq ideologiyasının inkişafı mədəniyyət və incəsənət sahəsinə də öz müsbət təsirini göstərib. Belə ki, Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi birinci dövrdə olduğu kimi, 1993-cü ilin iyunundan sonra da Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəldi.

İctimai-siyasi fəal Anar Salehoğlu Azərbaycançılıq ideologiyasından danışarkən deyib ki, tarixdə ilk dəfə Azərbaycan adlı dövlət 1918-ci ilin mayında o, dövrün ziyalılarının, fədakar azərbaycanlıların gərgin əməyi, böyük məhrumiyyətlərə qatlaşmaları hesabına yaradıldı: "Təəssüf ki, sovet imperiyası müstəqil və demokratik Azərbaycan Xalq Cümhuriyyətini (AXC) süquta uğratdı. Bundan sonra 70 il əsarətdə yaşamaq məcburiyyətində qalmalı olduq. Ancaq bu illər ərzində xalq arasında ideoloji işlər aparan ziyalılar vahid milli ideologiyanın formalaşmasına nail oldular. Bu azərbaycançılıq ideologiyası idi".
O deyib ki, Azərbaycançılıq ideologiyasının təməl prinsiplərinin müəyyən edilməsi, daha da möhkəmlənməsi və cəmiyyətimizdə dərin köklər salması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: "Ümumilli lider Azərbaycana rəhbərlik etdiyi I dövrdə daim milli ruhlu, vətənpərvər gəncliyin yetişməsinə, ölkənin davamlı və dayanıqlı inkişafına xüsusi diqqətlə yanaşıb. O, SSRİ rəhbərliyində təmsil olunduğu dövrlərdə də öz doğma vətənini unutmamış, xalqının qeydinə qalmışdır. 20 Yanvar faciəsi baş verəndə ulu öndərin uzun illər üzvü olduğu Kommunist partiyasının sıralarından kənarlaşması və sovet rəhbərliyindəki bütün vəzifələrindən istefa verməsi tariximizə ən böyük azərbaycanlılardan biri kimi daxil olan Heydər Əliyevin vətən, xalq və dövlət sevgisindən irəli gəlirdi. Keçən əsrin 90-cı illərində Azərbaycanın çətin günündə xalqın səsinə - səs verən ümumilli lider hakimiyyətə qayıdışı ilə vətənimizə yeni nəfəs verdi. Ölkədaxili xaos, anarxiya və özbaşınalıq aradan qaldırıldı. Hərtərəfli islahatlar proqramı irəli sürüldü. Gücsüz, zəif Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətinə çevrildi".
Anar Salehoğlu qeyd edib ki, dahi şəxsiyyətin böyük əməyi nəticəsində yaranıb formalaşan azərbaycançılıq ideologiyası onun ölümündən sonra da, möhtərəm cənab prezident İlham Əliyevin yüksək idarəçilik, siyasi peşəkarlıq qabiliyyəti nəticəsində uğurla davam etdirilir: "Biz 44 günlük vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbəni, iqtisadi gücümüzü, bütün dünyaya səs salan qüdrətli ordumuzu buna misal olaraq göstərə bilərik.
Şübhəsizdir ki, hələ Azərbaycanı gələcəkdə çoxsaylı beynəlxalq uğurlar, müvəffəqiyyətlər gözləyir. Unutmaq olmaz ki, biz bütün bunları ulu öndər Heydər Əliyevin uzaqgörən, düşünülmüş və məqsədyönlü siyasətinə, azərbaycançılıq ideologiyasına, cənab prezident İlham Əliyevin uğurlu idarəçilik qabiliyyətinə və ən əsası Azərbaycan xalqının iradəsinə borcluyuq!".
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir