Bakıda terror aktı törətməyə hazırlaşan Əfqanıstan vətəndaşının hədəfində İsrail səfirliyinin olması şübhə doğurmur - ÖZƏL
13 İyul 2023 14:14 Siyasət"İyulun 10-da paytaxt Bakıda terror aktı törətməyə hazırlaşan Əfqanıstan vətəndaşı Favzan Musa Xanın hədəfində Azərbaycandakı İsrail səfirliyinin olması şübhə doğurmur. Düzdür DTX öz rəsmi məlumatlarında saxlanılan şəxsin hansı ölkədən gəldiyini və hansı səfirliyin hədəfdə olduğunu açıqlamayıb. Bununla belə, izlər həmin şəxsin İrandan ölkəmizə keçdiyini, terror törətmək istədiyini, hədəfin isə İsrail səfirliyi olduğunu göstərir".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, DTX-nın yaydığı videoda şəxsin saxlanıldığı ərazi, habelə ələ keçirilən dəftərdə qeyd edilən obyektlərin yeri və s. hücumun İsrail səfirliyinə ediləcəyini deməyə əsas verir: "İranın birbaşa iştirakını göstərən əsas ipucu Favzan Musa Xanın Əfqanıstan vətəndaşı olmasıdır. Belə ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) minlərlə əfqanı Suriyadakı vətəndaş müharibəsinə cəlb edib, müxtəlif birlikləri əvvəl təlimatlandırıb, sonra isə silahlandıraraq Yaxın Şərqdəki qaynar nöqtələrə göndərib. Eyni şəkildə əfqanlardan təşkil edilən "Fatimiyyun" hərbi birləşməsi də Suriyada və Livanda İranın əsas proksi qüvvəsi kimi müxtəlif tapşırıqları yerinə yetirib.
Onu da qeyd edim ki, bu İranın ölkəmiz ərazisində İsrailə qarşı planlaşdırdığı ilk terror cəhdi deyil. Xatırlayırsınızsa, hələ 2007-ci ildə İsrailin Bakıdakı səfirliyinə və Azərbaycanın şimalında o zaman Rusiyanın icarəsində olan Qəbələ Radiolokasiya Stansiyasına hücum planlaşdırdıqlarına görə 12 ildən 15 ilədək həbs cəzası alan şəxslər də İranın təlimatlandırdığı başqa ölkə vətəndaşları idilər. Həmçinin 2012-ci ildə Bakıda işləyən israillilərə və digər əcnəbilərə qarşı hücumlar törətmək üçün silah və partlayıcı maddələr gətirən üç terrorçu həbs edilmişdi. Aparılan araşdırmalar nəticəsində saxlanılanlardan birinin İran vətəndaşı olduğu sübuta yetirilmişdi. Təbii ki, bütün bunlar özbaşına baş vermir və İranın İsrailə olan nifrəti bu addımların arxasında İranın xüsusi xidmət orqanlarının dayandığını deməyə əsas verir. Eynilə Tehrandakı Azərbaycan səfirliyinə edilən terror hücumu kimi".
Politoloqun sözlərinə görə, İsrail səfirliyinin hədəf seçilməsinin əsas məqsədlərindən biri şübhəsiz ki, Azərbaycan İsrail münasibətlərinə hansısa mənada kölgə salmaqdan ibarətdir. İran çalışır ki, bununla İsrail vətəndaşlarına Azərbaycanda təhlükəsiz olmadıqlarını təlqin etsin: "Bu hadisənin İsrailin müdafiə naziri Yoav Qallant Azərbaycana səfəri ərəfəsində baş verməsi də təsadüfi hesab edilə bilməz. İsrail müdafiə nazirinin Azərbaycana səfərinin məqsədi təbii ki, ölkələr arasında strateji əlaqələri, siyasi əməkdaşlığı gücləndirmək, təhlükəsizlik və texnologiya sahəsində əlaqələri genişləndirməkdir. Bu isə İranı olduqca narahat edir. Başqa sözlə desək İran öz ayrı-ayrı mollalarının, deputatlarının, SEPAH generallarının və dövlət məmurlarının Azərbaycan yönəlik hədələrinin nəticə vermədiyini gördükcə çarəsizlikdən bu cür əməllərə əl atır.
Onu da qeyd edim ki, Azərbaycanla bağlı hədələrində istifadə etdiyi şəxslrdən biri, Azərbaycana qarşı çıxışları ilə tanınan Əli Əkbər Raefipur bu günlərdə Səudiyyə Ərəbistanında saxlanılıb. Bu o adamdır ki, "Azərbaycanda "Hüseyniyyun" hərəkatına dəstək olmalıyıq.. Onun hərbi təcrübəsi var" deyirdi və Azərbaycanda yaşayan etnik azlıqlardan istifadə etməyi təklif edirdi. Raefipur "Hüseyniyun"a hərtərəfli dəstək verilməsinin, onun daha da gücləndirilməsinin Azərbaycanın qarşısında dayanmağın və rəsmi Bakıya təzyiqin səmərəli yollarından biri olduğunu vurğulayırdı. Təbii ki, onun bu mövqeyi məhz elə İran Xüsusi Xidmət orqanlarının mövqeyidir və "Hüseyniyun" qruplaşmasının iki rəhbərinin - Tohid İbrahimbəyli və Orxan Məmmədovun indiyə qədər Azərbaycanın bütün istəklərinə baxmayaraq İranda saxlanılması və Azərbaycana təhvil verilməməsi deyilənləri təsdiqləyir. Düşünürəm ki, rəsmi qurumlarımız hal-hazırda bu fürsətdən istifadə edərək öz çıxışları ilə faktiki olaraq Azərbaycanda terror çağırış edən Əli Əkbər Raefipurun Azərbaycanda mühakimə edilməsi üçün Səudiyyə Ərərbistanına müraciət etməlidir".