Azərbaycanın uğurlu sosial-iqtisadi siyasəti onun regionda və beynəlxalq aləmdə mövqelərini gücləndirir

Azərbaycan həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət kursu ilə ildən-ilə uğurlara imza atır, regionda və beynəlxalq aləmdə mövqelərini möhkəmləndirir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə cari ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısının səsləndirdiyi fikirlər, açıqladığı statistik göstəricilər də belə deməyə əsas verir. Sözügedən müşavirə barədə fikirlərini bölüşən Milli Məclisin deputatı İqbal Məmmədov deyib ki, cari ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Cənab Prezidentin geniş və əhatəli çıxışından bir daha aydın oldu ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət düzgün istiqamətdədir və bu əldə edilən nəticələr də məhz uğurlu siyasətin təcəssümüdür.

Millət vəkilinin sözlərinə görə, cari ilin 6 ayında əldə edilən nəticələr bu ilin sosial-iqtisadi baxımdan Azərbaycan üçün uğurlu olacağını deməyə əsas verir:

"Cənab Prezidentin müşavirədə geniş və proqram xarakterli çıxışından aydın oldu ki, ölkədə neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da inkişaf edir və qeyri-neft sektorunun sənaye sahəsində artım müşahidə olunur. Statistikaya əsasən, cari ilin 6 ayında ölkədə qeyri-neft sənayesi 6,5 faiz, qeyri-neft sektoru isə 3 faizdən çox artıb".

Millət vəkili onu da deyib ki, hazırda Azərbaycan dünyada ən az xarici borcu olan ölkələr sırasında yer alıb:

"Bu gün Azərbaycanın cəmi 6,7 milyard dollarlıq xarici borcu var ki, bu da ÜDM-in 10 faizini təşkil edir. Azərbaycanın xarici ticarət balansında 10 milyard dollarlıq müsbət saldo qeydə alınıb ki, bu da kifayət qədər müsbət göstəricidir".

Yaxın və uzaq ölkələrə nisbətən milli valyutanın məzənnəsinin sabit qalmasına xüsusi diqqət çəkən millət vəkili deyib ki, manatın məzənnəsinin 6 il müddətində sabit qalması halına dünya praktikasında nadir hallarda rast gəlinir:

"İstər Rusiya, istər İran, istərsə də qardaş Türkiyədə milli valyutaların Amerika dollar qarşısında nə qədər dəyər itirdiyinin canlı şahidiyik. Azərbaycanda isə 6 ildir ki, manatın məzənnəsi sabit olaraq qalır. Bu da kifayət qədər müsbət tendensiyadır".

İqbal Məmmədovun sözlərinə görə, 6 ay ərzində sosial-iqtisadi sahədə əldə edilən uğurlar, qeydə alınan müsbət dinamika bizə Qarabağda quruculuq-abadlıq işlərini daha da sürətləndirmək üçün imkanlar yaradır:

"Bildiyiniz kimi, Azərbaycanın bütün gücünü və resurslarını işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində səfərbər edib. Müharibə bitdikdən sonrakı iki il yarım ərzində görülən işlərin miqyası da bunu deməyə əsas verir. Azərbaycanın öz gücünə, heç bir yerdən yardım almadan Böyük Qayıdış Proqramını uğurla icra edir. Artıq işğaldan azad olunmuş ərazilərə əhalinin tədricən, mərhələli şəkildə qayıtması həyata keçirilir. Cari ilin 6 ayında əldə edilən müsbət nəticələr qarşıdakı müddətdə Qarabağın və Şərqi Zəngəzurun bərpasının sürətlənməsinə yol açacaq".

Deputat Sevinc Hüseynova isə deyib ki, ökəmiz özünün müəyyənləşmiş iqtisadi inkişaf tempinə uyğun olaraq bu altı ay ərzində uğura imza atıb: "Qeyri-neft sektoru, qeyri-neft sənayesində mühüm artım qeydə alınıb. Bununla yanaşı ölkəmizin sabit maliyyə durumu qarşıya qoyulan hədəflərin təminatına imkan verib. Məhz bunun nəticəsidir ki, Azərbaycan II Qarabağ müharibəsindən sonra iqtisadi, sosial sahədə də öz inkişaf tendensiyasını qoruyub saxlamış, onu daha da gücləndirib. Bu il Azərbaycan dövlət büdcəsi öz tarixinin rekord səviyyəsinə yüksəlib".

Millət vəkili hesab edir ki, 36 milyard dövlət büdcəsinin formalaşması ölkə qarşısında duran əsas investisiya layihələrini icra etməyə imkan yaradır: "Bu baxımdan da ilk növbədə azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan vermək və hərbi gücümüzün artırılması istiqamətində növbəti addımların atılmasını reallaşdırmaq olacaq. Eyni zamanda dövlət büdcəsinin dürüstləşmə zamanı da əsas iki istiqamət qarşıya hədəf kimi qoyulub. Bu da sözsüz ki, Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi və ölkənin hərbi qüdrətinin artırılmasıdır. Məhz bu addımların atılmasının məntiqi nəticəsi olaraq bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsi uğurla yekunlaşır ki, bu da qısa zamanda keçmiş qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışının təmin olunması deməkdir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31