Azərbaycana qarşı təhqiramiz hərəkət: "Rusiya rəhbərliyi tədbir görməsə..."
13 İyul 2023 13:29 Siyasət"Rusiya sülhməramlıları erməni silahlı birləşmələrinə təlimlər keçir, onları silahlandırırlar. Onlar daim Azərbaycanın suveren ərazisinə silah daşıyan, bizə qarşı hərbi təxribatlar hazırlayan silahlı qruplaşmaları müdafiə edirlər. Hesab edirəm ki, Azərbaycan tərəfi sülhməramlıların bu özbaşınalıqları barədə Rusiya Müdafiə Nazirliyi qarşısında məsələ qaldırıb öz etirazını bildirməlidir. Deyilməlidir ki, əgər belə davam etsə, Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması barədə məsələ qaldırılacaq".

Bunu Bakupost.az -a politoloq Qabil Hüseynli deyib.
O bildirib ki. əgər Rusiya rəhbərliyi bununla bağlı tədbir görməsə, onda Azərbaycan sülhməramlıların ərazilərimizdən çıxarılması işinə başlamalıdır:
"Açıq şəkildə bildirməliyik ki, bu gün Rusiya sülhməramlıları ərazimizdə bizə qarşı fəaliyyət göstərirlər. Erməni silahlı birləşmələrini dəstəkləyir, onların qanunazidd əməllərini ört-basdır edir, tərəf tuturlar. Bu səbəbdən də bölgədə sabitliyin təmin olunması üçün Rusiya sülhməramlıları ərazilərimizdən çıxarılmalıdır. Adı "sülhməramlı" olan bu qüvvələr hətta cürət edib bayrağımızın asıldığı dirəyi aşırıblar. Bu, ərazimizdə yerləşən xarici dövlətin mandatı olmayan silahlı qüvvələrinin Azərbaycana qarşı təhqiramiz hərəkətidir. Bütün bunlar bir daha onu göstərir ki, Rusiya sülhməramlılarının burada olduğu müddətdə öz qanunsuz hərəkətlərini, özbaşınalıqlarını davam etdirəcəklər".
Politoloqun sözlərinə görə, ABŞ-ın Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi Rusiyanı qıcıqlandırır. Bölgədəki proseslər Rusiyanın istəmədiyi məcrada getdikcə, o, daha da əsəbləşir:
"Rusiya yaxşı başa düşür ki, vasitəçilik missiyasında ABŞ, Qərb onu qabaqlayır, gec-tez məhz onların səyləri ilə bu proses həllini tapacaq. Eyni zamanda, qarşımızda günbəgün zəifləyən, ictimai-siyasi və iqtisadi böhran içərisində çırpınan Rusiya mövcuddur. Artıq diktə edən Rusiya yox, Azərbaycandır. Üstəlik Qarabağ erməniləri də Bakı ilə danışıqlara getməyə hazır olduqlarını bildiriblər. Hazırda hər baxımdn üstünlük bizdədir. Əminəm ki, bu vəziyyətdən də çıxacağıq, digər ərazilərimizdə də suverenliyimiz tam bərpa olunacaq".