BQXK birinci Qarabağ müharibəsi zamanı, Ordumuzun dislokasiya yerləri barədə düşmənə məlumat ötürüb - ÖZƏL
11 İyul 2023 14:29 Siyasət"Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin qanunsuz fəaliyyətləri yeni bir hal deyil. Hətta birinci Qarabağ müharibəsi zamanı, Ordumuzun dislokasiya yerlərinin, silah və texniki vasitələri barədə kəşfiyyat məlumatlarının düşmənə ötürülməsi halları olmuşdur". Bu fikirləri "OLAYLAR"-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev BQXK-nin qeyri-qanuni fəaliyyətlərindən danışarkən səsləndirib. Millət vəkili bildirib ki, Laçın yolu üzərində nəzarət-buraxılış-məntəqəsi quraşdırıldıqdan sonra, Komitənin yolun blokadaya alınması ilə bağlı verdiyi həqiqətə uyğun olmayan bəyanatlar da təsadüfi deyildi:
"BQXK bilməlidir ki, iki dövlətin sərhəddində qoyulmuş post, beynəlxalq qanunlara uyğun fəaliyyət göstərməli, milli qanunvericiliyə müvafiq olaraq, ölkəyə gətirilən mallardan gömrük rüsumu tutulmalıdır. Əks halda, bu qaçaqmalçılıq sayılır. Dünyanın hər yerində belədir. BQXK nümayəndələri isə, öz maşınlarında, gömrük bəyannaməsindən kənar malların daşınması ilə məşğuldurlar. Yeri gəlmişkən, müntəzəm olaraq, Qarabağda yaşayan erməni əhalisi, həm sülhməramlıların, həm də Qızıl Xaç nümayəndələrinin alverlə məşğul olmaları barədə məlumatlar yayırdılar".
Nəsib Məhəməliyev hesab edir ki, BQXK-nin yerli nümayəndələrinin qanuna zidd hərəkətləri aktlaşdırılmalı, pozuntulara yol verilmiş şəxslər barədə ölçü götürülməsi üçün mərkəzi ofisinə müraciət olunmalıdır:
"Mərkəzi tərəfindən görülən tədbirlər qane etmədiyi halda, sərhəd-buraxılış-məntəqəsi müəyyən müddətə bağlana bilər".