Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı həm vətəndaş qarşıdurmasından, həm də parçalanma riskindən qorudu - ÖZƏL
7 İyul 2023 12:10 Siyasət"1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycan xalqını məhv olmadan, Azərbaycan dövlətinin xaos və dağılmadan, anarxiyadan xilas olması kimi yadda qaldı. Çünki həmin dövr çox qarışıq dövr idi. Həm ölkə daxilində siyasi hakimiyyət çəkişmələri möhkəmlənmişdi, həm separatizm baş alırdı".
Bunu Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Əlikram Hümbətov tərəfindən Talış-Muğan Respublikasının yaratmaq cəhdləri, eyni zamanda, şimalda Ləzgi-Sadval Respublikası yaratmaq cəhdləri və s. hər biri ölkənin parçalanması riskini artırırdı. Eyni zamanda, bir tərəfdən Ermənistanın Azərbaycana təcavüz etməsi, Azərbaycanın beynəlxalq ictimaiyyətdən təcrid olunması prosesi gedirdi. O baxımdan düşünürəm ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi, birinci 1993-98-ci illəri ən öndə olan məsələlərdən biri Azərbaycanın həm vətəndaş qarşıdurmasından, həm də ki, parçalanma riskindən qorudu. Eyni zamanda, ölkənin beynəlxalq ictimaiyyət qarşısında yeni bir sistemə keçidin əsasını qoydu. Bu birinci mərhələ sayıla bilər.
İkinci mərhələdə, 1998-2003-cü illərdə isə, artıq Azərbaycanda dövlət quruculuğu sahəsində ciddi addımlar atıldı. Təbii ki, 1995-ci ildə konstitusiyanın qəbul edilməsi də dövlət quruculuğunun əsasını təşkil edir. Nəzərə almaq lazımdır ki, 1998-ci ildə də Azərbaycan şərqdə ilk ölüm hökmünü götürən dövlət oldu".