Şuşa Bəyannaməsi dünyada analoqu olmayan çoxşaxəli müttəfiqliyin rəmzidir
13 İyun 2023 11:01 Siyasət"Azərbaycan və Türkiyə təkcə eyni dilə, eyni soykökə, eyni dinə, eyni tarixə və eyni mədəniyyətə malik iki ölkə ölkə deyil, həmçinin iki qardaş, iki dost, iki müttəfiq dövlətlərdir. Qardaşlıq, səmimi müttəfiqlik səviyyəsinə görə bənzəri olmayan Azərbaycan-Türkiyə əlaqələri əsrlər boyu sınaqlardan keçərək bərkimiş və bü günki səviyyəsinə çatmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə isə bu dost və qardaşlığın yeni tarixi mərhələyə qədəm qoyduğunu bütün dünyaya bildirən bir mesaj idi. Heç şübhəsiz ki, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin müstəsna siyasi və tarixi əhəmiyyəti vardır.
Heç şübhəsiz ki, keçən il imzalanmış bəyannamə və orada əksini tapmış məsələlər indiyə qədər Azərbaycan və Türkiyə arasında olan onsuz da kifayət qədər yaxşı münasibətləri keyfiyyət və həcm baxımından yeni mərhələyə daşımaq üçün hər iki ölkəyə xeyli imkanlar tanıdı. Başqa sözlə desək Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə özünün zirvə mərhələsinə qədəm qoydu.
Şuşa Bəyannaməsi həm də Türkiyə və Azərbaycanı Cənubi Qafqazda sülhün və əmin-amanlığın ortaq qarantına çevirdi desəm yəqin ki səhv etmərəm. Bundan sonra regionda hərbi-siyasi güc göstərmək istəyənlər artıq ciddi şəildə düşünməli olacaqlar. Bəyannamədə qeyd olunan: "...Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur" müddəası erməni separatizminə və onun havadarlarına ciddi xəbərdarlıq mahiyyəti daşıyır və Azərbaycan qarşı məkrli planları olan istənilən qüvvəyə bundan sonra Azərbaycanla yanaşı qarşılarında Türkiyəni də görəcəklər mesajını verir.
Keçən dövr ərzində hər iki dövlətin bir-birinə verdikləri dəstək isə Şuşa bəyannaməsində nəzərdə tutulan məsələlərə dair əməkdaşlığın kağız üzərində qalmadığının ən bariz sübutudur. Müharibənin ilk günlərindən Türkiyə Respublikasının Prezidentinin "Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır" mesajı bu gün də aktualdır. İşğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulmasında Türkiyənin verdiyi dəstək, türk şirkətlərinin bu prossedə aktiv iştirakı göz önündədir.
Bəyannamənin ortaya qoyduğu mühüm məsələlərdən biri də xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir. Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsinə zərurət yaranıb. Məhz bu istiqamətdə gələcəkdə genişmiqyaslı işlər aparılması üçün vacib olan aşağıdakı məsələlər bəyannamədə öz əksini tapıb: hər iki ölkənin diasporları arasında ikitərəfli əməkdaşlığın bütün parametrlər üzrə inkişaf etdirilməsi, birgə media platforması əsasında ölkələrin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya, həmçinin diplomatiya istiqamətində ikitərəfli əlaqələrin genişləndirilməsi, strateji məsələlər üzrə birgə qərarların qəbul edilməsi və icra edilməsi, qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə həmrəyliyin təmin edilməsi və s.
Bütün sadalananlarla yanaşı Şuşa Bəyannaməsinin imzalanmasındakı önəmli məqamlardan biri də bu Bəyannamənin ölkəmizdəki bütün siyasi qüvvələr tərəfindən dəstəklənməsidir. Başqa sözlə desək Şuşa Bəyannaməsinin ölkədə fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilməsi əsl siyasi həmrəylik nümunəsidir. 15 iyun 2022-ci il tarixində Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda keçirilən beynəlxalq konfransa dövlət rəsmiləri ilə yanaşı Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın siyasi partiyanın rəhbərlərinin də dəvət olunması da bu həmrəyliyin bariz sübutudur".