Ümumilli liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrildi - ÖZƏL
12 İyun 2023 12:38 Siyasət"Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sevinc Fətəliyevanın sözlərinə görə, dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil olmağa çalışan və müstəqilliyinin ilk addımlarını atan, eləcə də Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiyası, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil etmişdi: "Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında cəbhədə atəşkəs əldə edildi. Atəşkəsin əhəmiyyəti onda idi ki, məhz bu sazişdən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Təbii ki, bu uzaqgörən siyasətin reallaşması nəticəsində Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu və tezliklə regionun lider dövlətinə çevrildi".