Zəngəzur dəhlizi Şərqdən Qərbə bütün ölkələrin istifadə edə biləcəyi iqtisadi dəhlizdi - ÖZƏL
12 İyun 2023 12:31 Siyasət"Azərbaycan və türk xalqlarının qardaş və dost kimi sıx tellərlə bir-birinə bağlanmasında xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və ulu öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. XX əsrin əvvəllərində Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", əsrin sonlarında Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət iki dövlətdir" kəlamları xalqlarımızın bir-birinə ürəkdən necə bağlı olduğunun sübutudur". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamilə Əliyevanın sözlərinə görə, bu gün işğaldan azad edilmiş torpaqlarımızda böyük quruculuq işləri aparılır: "Vətən müharibəsində olduği kimi quruculuq işlərində də Azərbaycan Türkiyə ilə sıx əməkdaşlıq edir. Şəhər və kəndlərimizin yenidən qurulması və bərpasında çox saylı türk şirkətləri fəaliyyət göstərir. Bütün dünyanın da qəbul etdiyi Zəngəzur dəhlizinin ölkəmiz üçün böyük geosiyasi və iqtisadi əhəmiyyəti vardır. Zəngəzur dəhlizi Şərqdən Qərbə bütün ölkələrin də istifadə edə biləcəyi iqtisadi bir dəhlizdir. Artıq reallığa çevrilən Zəngəzur dəhlizi Azərbaycanla Türkiyəni dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək. Şuşa Bəyannaməsi həm Azərbaycan, həm də Türkiyənin gələcəkdə daha güclü və qüdrətli dövlətlərə çevrilməsinə böyük təkan verəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq və qardaşlıq münasibətləri Azərbaycan və Türkiyə dövlətləri ilə yanaşı bütün Türkdilli dövlətlərin də birləşməsinə, eləcə də sıx siyasi, iqtisadi əlaqələrin ən yüksək səviyyəyə çatmasına böyük təkan verir".