Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin sarsılmaz birliyini nümayiş etdirir - ÖZƏL
12 İyun 2023 10:43 Siyasət"Bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı amil kimi çıxış edir. Müstəqillik tariximizin ən mühüm hadisələrindən olan Şuşa Bəyannaməsinin imzalanması ilə regionun geostrateji arxitekturası yenidən dizayn olunur". "Olaylar"ın məlumatına görə, bunu deyən millət vəkili Pərvin Kərimzadənin sözlərinə görə, bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin sarsılmaz birliyini nümayiş etdirməklə yanaşı, Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin də qətiyyətlə yerinə yetiriləcəyini göstərən mənəvi-siyasi simvol mənasını özündə ehtiva edir: "Sənədin imzalanması mərasimində çıxışı zamanı Prezident İlham Əliyev "Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq",-deyə vurğulayıb. Prezident Rəcəb Tayyib Ərdoğan isə Şuşa Bəyannaməsi ilə əlaqələrin yeni dövrdəki yol xəritəsinin müəyyənləşdirildiyini söyləyib: "Türkiyə ilə Azərbaycan arasındakı bu Bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük". Beləliklə, Şuşa Bəyannaməsi "Bir millət, iki dövlət olan Azərbaycanla Türkiyənin sarsılmaz qardaşlığının parlaq nümunəsidir".