“Banklar haqqında” qanun dəyişdirilir
9 İyun 2023 13:07 Siyasət"Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılıb. Olaylar xəbər verir ki, Qanun layihəsini təqdim edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili son 20 il ərzində Azərbaycan iqtisadiyyatında müşahidə olunan artımda bank sektorunun dəstəyi, bu sahəyə investisiyaların qoyulması mühüm əhəmiyyət kəsb edir. O, qeyd edib ki, ölkə Prezidentinin "Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında" 2019-cu il 28 noyabr tarixli 1616 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları Mərkəzi Banka verilib. Sərəncamın 2.1-ci bəndində qanunvericilik aktlarında zəruri dəyişikliklərin edilməsi barədə təkliflərin hazırlanması nəzərdə tutulub. Bununla bağlı 37 qanun layihəsindən ibarət paket hazırlanıb, Milli Məclisə təqdim edilib.
Tahir Mirkişili bildirib ki, layihələrdə Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin sayı, üzvlərinin fəaliyyət müddəti və onların səlahiyyətləri ilə bağlı dəyişiklik öz əksini tapıb. Digər düzəlişlərdə pul siyasətinin əsas istiqamətlərində növbəti il üçün inflyasiya hədəfi və ona nail olmaq üçün istifadə olunacaq pul siyasətinin əsas alətlərinə dair məqamlar qeyd olunur. Habelə, ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən xidmət haqqı tariflərinin (interçeyncin) yuxarı həddinin müəyyən edilməsi ilə bağlı müddəalar ehtiva olunur. Tənzimləmə və nəzarət sahəsinə aid məsələlər ayrıca maddədə müəyyən edilir. Xüsusi tənzimləmə rejiminin prinsipləri, onun tətbiqi ilə bağlı qaydalar, yoxlamaların müddəti və digər bir sıra məqamlar da bu dəyişikliklərlər sırasında yer alıb.