"Ermənistan fürsət tapdıqca mina təcavüzünü davam etdirir"- ÖZƏL
16 Mart 2023 16:52 Siyasət"Ermənistanın Azərbaycana qarşı ən böyük təcavüz cinayətlərindən biri ərazilərimizin minalanmasıdır. Hələ bu gün də minaların basdırılması prosesi davam edir. Eyni zamanda, basdırılmış minaların xəritəsi ölkəmizə dəqiq şəkildə təhvil verilməyib. Ermənilərin fürsət olduqca minalama işlərini davam etdirməsi və xəritəni verməkdən imtina etməsi Ermənistanın Azərbaycanda qarşı olan təcavüzünü davam etdirməsini sübut edir. Bu o deməkdir ki, Ermənistan rəhbərliyi Azərbaycan hərbçilərinə, mülki əhaliyə ziyan verməyi özünün dövlət siyasətinə çevirib. Bu, ağır cinayətdir".
Bu sözləri Olaylar.az-a "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib:
"Təəssüf ki, Azərbaycanın və bəzi beynəlxalq təşkilatların çağırışlarına Ermənistan məhəl qoymur. Ona görə də biz Ermənistana bu istiqamətdə daimi təzyiqlərimizi davam etdiririk. Bu təzyiqlər müxtəlif formalarda həyata keçirilir. Azərbaycan ərazilərin minalardan təmizlənməsini 2030-cu ilə qədər BMT-nin İnkişaf məqsədləri sənədinə 18-ci istiqamət kimi salınması ilə bağlı təkliflə çıxış edib. Eləcə də Azərbaycan prezidenti Qoşulmama Hərəkatı çərçivəsində minaların təsirinə məruz qalmış ölkələrdən ibarət qrupun yaradılması təşəbbüsü ilə çıxış edib. Bütün bunlar Ermənistanın mina təcavüzünə qarşı Azərbaycanın tutarlı addımlarıdır".