Türk Dövlətləri Təşkilatının həyatında yeni bir mərhələ

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Mövlud Çavuşoğlunun da dediyi kimi bir vaxtlar yuxu kimi görünən Türk Dövlətləri Təşkilatı artıq neçə illərdir ki, gerçəklik olub. İndi Türk Dövlətləri Təşkilatı nəinki Türk coğrafiyasını əhatə edir, bu coğrafiyaya qarşılıqlı-faydalı əməkdaşlıqdan irəli gələn yeni-yeni yanaşmalar, layihələr təqdim edir, eyni zamanda təşkilat türk coğrafiyasının sərhədlərini belə aşır, qlobal əhəmiyyətli bir quruma çevrilir. Hər halda Avropa ölkəsi sayılan Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu belə deməyə əsas verir.

Türk Dövlətləri Təşkilatı təkcə siyasi-iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq edən bir qurum deyil, eyni zamanda dünyaya nümunə ola biləcək, insanlıq, humanizm prinsipləri aşılayan, təqdim edən bir təşkilatdır. Hər halda bu günlərdə Türkiyənin Ankara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü belə deməyə əsas verir. O baxımdan ki, Zirvə Görüşünün əslində Azərbaycanın Şuşa şəhərində keçirilməsi nəzərdə tutulurdu. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təklifi ilə qardaş Türkiyədə fevralın 6-da baş verən dağıdıcı zəlzələ ilə əlaqıdar olaraq bu ölkəyə dəstək məqsədilə Zirvə Görüşünün Ankarada keçirilməsi qərarlaşdı. Bu da heç şübhəsiz ki, Türk Dövlətləri Təşkilatı fonunda dünyaya növbəti örnək, nümunə idi.

Məlumat üçün qeyd edək ki, "Təbii fəlakət-fövqəladə halların aradan qaldırılması və humanitar yardım" mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platforma kimi yadda qalacaq. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində sıx çoxtərəfli əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkərək, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr apardılar.

Ümumiyyətlə, son illərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələr və əməkdaşlıq getdikcə güclənir. Hazırda da Türk dövlətləri arasında münasibətlərin daha da inkişafı istiqamətində mühüm addımlar atılır. Heç şübhəsiz, son illərdə Azərbaycan böyük siyasi gücə çevrilərək mövqelərini möhkəmləndirib. 2020-ci ildə Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edən Azərbaycan bununla Türk dünyası ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaradıb. Belə ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin yer alması və bu müddəanın yerinə yetirilməsi Türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq.

Zirvə Görüşü barədə fikirlərini ifadə edən Milli Məclisin deputatı İqbal Məmmədov deyib ki,  Türk Dövlətləri Təşkilatının Ankarada keçirilən növbəti Zirvə Görüşü bu qurumun həyatında yeni bir mərhələnin başlanğıcı olacaq. Onun sözlərinə görə, həmçinin Zirvə Görüşü qarşıdakı hədəflərin, prioritetlərin müəyyənləşdirilməsi baxımından da əhəmiyyətldir. Millət vəkili Zirvə Görüşünün Ankarada keçirilməsi də öz növbəsində Türk dünyasının birlik və bərabərliyi, bu ölkələrin istər xoş, istərsə də ağrılı-acılı günlərdə bir-birinin yanında olduğunun təkcə bu coğrafiya deyil, eyni zamanda bütün dünyaya sübutudur:

"Məlum olduğu kimi Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünün Şuşa şəhərində keçirilməsi nəzərədu tutulmuşdu.  Lakin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təklifi ilə görüşün Ankara şəhərində keçirilməsi qərar alındı. Cənab Prezidentin bu təklifi qardaş ölkədə baş verən dağıdıcı zəlzələ ilə əlaqədar olaraq Türkiyəyə dəstək mahiyyəti daşıyırdı. Təsadüfi deyil ki, hər bir təşəbbüs və ideyası kimi Cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünün Ankara keçirilməsi təşəbbüsü də təşkilata üzv olan ölkələr tərəfindən müsbət qarşılanıb və nəticə etibarilə Zirvə Görüşü Türkiyə paytaxtında keçirilir".

İqbal Məmmədov qeyd edib ki, bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir. Son illərdə Türk dövlətləri arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdıran millət vəkili deyib ki, hazırda da Türk dövlətləri arasında münasibətlərin daha da inkişafı istiqamətində mühüm addımlar atılır:

"Təşkilata üzv ölkələr arasında təkcə siyasi deyil, eləcə də iqtisadi. ticari, humanitar sahədə əlaqələr inkişaf edir. Təkcə Azərbaycanın istər Türkiyə, istər Özbəkistan, istər, Qazaxıstan, istərsə də Qırğızıstanla ticarət dövriyyəsinə diqqət etdikdə bunu aydın görmək olar. Eyni zamanda TDT-də müşahidəçi rolunu oynayan Macarıstanla da Azərbaycanın çox gözəl, yüksək səviyyəli siyasi və iqtisadi əlaqələri mövcuddur".

İqbal Məmmədov onu da deyib ki, işğaldan azad edilən ərazilərimizdə quruculuq-abadlıq işlərinin həyata keçirilmıəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələr də fəal iştirak edirlər: "Gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə Türk dövlətləri arasında bir-birinə bağlılıq daha da artacaq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31