DİNAMİK İNKİŞAF EDƏN TƏHSİLİMİZ ULU ÖNDƏR HEYDƏR ƏLİYEV TƏLİMİNDƏN QAYNAQLANIR
17 Mart 2023 11:10 SiyasətBizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir.
Heydər ƏLİYEV
Azərbaycan xalqının ümummilli lideri
2023-cü il ölkəmizdə "Heydər Əliyev ili" elan edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı həmin dövlət sənədində deyilir: "Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir". Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti müasir, müstəqil Azərbaycanın hərtərəfli inkişafı ilə qırılmaz surətdə bağlıdır. Dinamik inkişaf edən Azərbaycan təhsili də məhz bu görkəmli dövlət xadiminin uzaqgörən səyləri nəticəsində mümkün olmuşdur.
Milləti millət kimi formalaşdıran ən əsas amillərdən biri onun təhsildir. "Təhsil millətin gələcəyidir" müdrik ifadəsi də məhz təhsilin taleyüklü əhəmiyyətinin təcrübələşdirilmiş ifadəsidir. Məhz buna görə ümummilli lider Heydər Əliyev bütün həyatı və fəaliyyəti boyunca Azərbaycan təhsilinin inkişafına səy göstərmişdi. Ulu Öndərin bu fikirləri onun bu sahədəki fəaliyyətini daha dolğun ifadə edir: "...Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir". Bu baxımdan Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin milli irsimiz olan müdrik fikirləri və möhtəşəm əməli fəaliyyətində təhsil məsələləri xüsusi yer tutmuşdur. Ulu Öndər Heydər Əliyev Azərbaycan təhsilinin məzmunu, mahiyyəti, səmərəli təşkili və s. barədə dəyərli fikirlər səsləndirməklə bərabər, Azərbaycan təhsilinin hərtərəfli inkişafı qayğısına da qalmış, illər boyu bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirmişdir. Ulu Öndər Heydər Əliyev həm də təhsilin aparıcı siması olan müəllim əməyi və peşəsinə ən yüksək qiymət verərək demişdir: "Azərbaycanın müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram!"
Məlumdur ki, XXI yüzilliyi müəyyən mənada "təhsil və informasiya əsri" kimi səciyyələndirirlər. Ölkəmizdə də insan kapitalının ahəngdar inkişafı və formalaşdırılması baxımından təhsilin inkişafına davamlı qayğı göstərilir. Bu baxımdan ölkəmizdə təhsilin məzmunu və keyfiyyəti dünya təhsil keyfiyyətinin səviyyəsi baxımından ardıcıl inkişaf etdirilir, innovativ, praqmatk, tətbiqi, nəticəli təhsilin təşkilinə xüsusi əhəmiyyətlə yanaşılır. Bütün bu işlərinsə təməli məhz uzaqgörən lider Heydər Əliyevin siyasi rəhbərliyi dövründə təməl olaraq atılmış, milli təhsilimizin prioritetinə çevrilmişdir. Ümummilli liderimiz çox mənalı olaraq demişdir: "Həyat insanın anadan olmasından başlayırsa, insanın şüurlu həyatı, onun gələcəyi, cəmiyyətdə özünə yer tutması məktəbdən başlayır". Bu mənada da hər bir xalqın nicatı, hər bir ölkənin gələcəyi onun təhsil sahəsindən bilavasitə asılıdır. Ümummilli liderin istər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxılmış, vətənin, xalqın tərəqqisində təhsilin rolu yüksək qiymətləndirilmişdir. Ölkənin gələcəyinin yeni nəsilləri necə və hansı ruhda tərbiyə etməkdən çox asılı olduğunu vurğulayan müdrik rəhbər demişdir: "Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır".
Azərbaycan övladlarının yüksək savada, dərin və hərtərəfli biliyə yiyələnməsini vacib şərt sayan Ulu Öndər Heydər Əliyev həmçinin onların mənəvi kamilliyi, əqidə saflığını da diqqət mərkəzində saxlayırdı. Başqa sözlə, Heydər Əliyev təlimində təhsillə tərbiyə, mükəmməl biliklə yüksək mənəviyyat vahid bir vəhdət şəklində özünə yer alırdı. Ulu Öndər Heydər Əliyev milli dövlətçiliyi möhkəmləndirmək, xalqın daha firavan sabahını təmin etmək məqsədi ilə ölkə əhalisinin yüksək səviyyəli biliyə, intellektual səviyyəyə malik olmasına vacib şərt kimi baxırdı. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial problemlərinin yüksək səviyyədə həll olunması, milli və bəşəri dəyərlər əsasında yeni dərslik siyasətinin təşkili, beynəlxalq təhsilin öncül təcrübələrinə dayanan, informasiya-kommunikasiya texnologiyalarından istifadənin başlıca yer aldığı və s. mükəmməl bir təhsil sisteminin yaradılması başlıca məqsəd olmuşdu. Heydər Əliyev Azərbaycan təhsilinin və elminin inkişafı üçün səmərə verəcək bütün məsələləri diqqətdə saxlamağı tövsiyə edirdi. Bu gün beynəlxalq aləmdə mövcud olan elə bir mütərəqqi konvensiya yoxdur ki, Azərbaycan dövləti ona qoşulmamış olsun. Bu möhkəm amalın nəticəsi olaraq ölkəmizdə təhsil inkişaf edir və təhsilin inkişafı məsələsi də başlıca məqsəd olaraq qalmaqda davam edir.
Ulu Öndər Heydər Əliyev təkcə ölkəmizin dövlət müstəqilliyini bərpa etməsindən sonrakı dövrdə deyil, hələ müstəqillikdən əvvəl də Azərbaycan təhsilinin inkişafı üçün çox möhtəşəm layihələr həyata keçirmişdir. Sanki Ulu Öndər hələ 60-70-ci illərdə Azərbaycanın bir zaman dövlət müstəqilliyi qazanacağını bilirdi. O, rəhbər vəzifələrdə işlədiyi və bilavasitə ölkəyə rəhbərlik etdiyi dövrdə milli kadrların yetişdirilməsini, yerli mütəxəssislərin irəli çəkilməsini ən vacib məsələ olaraq qiymətləndirir və heç bir çətinlikdən çəkinməyərək uzqgörən arzularını reallaşdırırdı. Ulu öndərin 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına "Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında" adlı tarixi müraciətində də qeyd edilirdi ki, Azərbaycan xalqının intellektual və yaradıcı imkanları ötən əsrdə, başa çatmaqda olan minillikdə dünya mədəniyyətinə bir çox maddi və mənəvi sərvətlər bəxş etməsi üçün zəmin yaratmışdır. Heç tərəddüd etmədən də demək olar ki, baş verən həmin proseslərin ən apogey nöqtəsi də məhz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlər təşkil etmişdir. Ulu öndər özü də bu barədə demişdir ki: "Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır".
Son dövrlərin təqdirəşayan hadisələri - 44 günlük Vətən Müharibəsində Azərbaycanın işğal edilmiş torpaqlarını azad etməsi, müqəddəs Şuşa torpağında bayrağını dalğalandırması, Zəfər Gününün qeyd edilməsi və başqa mühüm hadisələr göstərdi ki, ulu öndərin siyasi kursu uğurla davam və inkişaf etdirilir. Ulu Öndərin siyasi kursunun davamçısı olan Prezident İlham Əliyevin fəaliyyətində təhsilin inkişafı və müasir tələblərlə kamilləşməsi mühüm amil təşkil edir. Buna görə də təhsilin inkişafına olan dövlət qayğısı ilbəil artırılır. Ölkə başçısı cənab İlham Əliyev xalqın nicat yolunu təhsilimizin inkişafında görərək çıxışlarından birində demişdir: "Təhsil sisteminin təkmilləşdirilməsi, təhsilin səviyyəsinin qaldırılması üçün bundan sonra da lazımi tədbirlər görüləcəkdir... Bu sahə prioritet sahədir. Bütün orta məktəblərdə yuter sinifləri yaradılır, informasiya-komunikasiya texnologiyaları tətbiq edilir. Bütün məktəblərin internetə qoşulması prosesi uğurla davam edir. Belə olan halda gənclərimiz, uşaqlarımız, yeniyetmələrimiz bilikli və savadlı olacaqlar, həyatda özlərinə layiq yeri tutacaq, eyni zamanda, gələcəkdə - 10 ildən, 20 ildən, 50 ildən sonra Azərbaycanın uğurlu inkişafını təmin edəcəklər. Çünki bir daha demək istəyirəm ki, təbii sərvətlər tükənən dəyərlərdir, ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin gücləndirilməsinə töhfə verən amillərdir".
Bəli, bu bir həqiqətdir ki, hər bir ölkənin gələcək inkişafı onun təhsili ilə bağlıdır. Çox fərəhdoğurucu haldır ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurla davamı bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ardıcıl olaraq yüksək səviyyəyə çatdırılmış və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını da əhatə etmişdir. Qəbul olunmuş yeni "Təhsil Qanunu" və ona uyğun aparılan islahatlar Azərbaycan təhsilinin dünya məkanına inteqrasiyasına, milli və mənəvi dəyərlər zəminində yüksəlişinə layiqincə xidmət göstərir. Muxtar respublikamızda bir-birinin ardınca tikilib istifadəyə verilən, ən müasir maddi-texniki bazaya malik məktəblər, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönələn tədbirlər bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Ümumiyyətlə, ölkəmizdə təhsilin yüksəlişi, uğurları "Təhsil millətin gələcəyidir"- deyən Ulu Öndər Heydər Əliyevin əbədiyaşar təliminin, möhtəşəm siyasi kursunun təntənəsi kimi çıxış edir. Təhsilə göstərilən dövlət qayğısının nəticəsi olaraq muxtar respublikanın şəhər və kəndlərində, hətta ən ucqar yaşayış məskənlərində müasir məktəb binaları tikilərək istifadəyə verilmişdir. Minnətdarlıqla deyə bilərik ki, Naxçıvanda ali təhsilin inkişafı da həmişə Ulu Öndərimizin diqqətində olmuşdur. Məhz müdrik və uzaqgörən liderimizin qayğısı şəraitində Naxçıvan Dövlət Universiteti böyük inkişaf yolu keçmiş, Naxçıvan Müəllimlər İnstitutu, "Naxçıvan" Universiteti və elmi fəaliyyətin məbədi olan AMEA-nın Naxçıvan Bölməsi yaradılmışdır. Bizim üçün daha əlamətdardır ki, Naxçıvan Müəllimlər İnstitutu məhz ulu önədr Heydər Əliyevin yadigarıdır. Ölkəmiz üçün ixtisaslı müəllimlər hazırlayan bu ali təhsil müəssisəsi milli təhsilimizin böyük qarantı ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə 13 iyun 2000-ci ildə əsası qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2003-cü il tarixli qərarı ilə ali məktəb statusu alan İnstitutumuz qısa zamanda böyük inkişaf yolu keçmişdir. Ulu Öndərin layiqli varisi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təhsil sahəsinə göstərdiyi ardıcıl qayğıdan Naxçıvan Müəllimlər İnstitutu da böyük pay almışdır. Belə ki, İnstitutun yeni, tam təmir edilmiş müasir şəraitli, hər cür təchizatlı binası 2018-ci ilin may ayında istifadəyə verilmişdir. Çox xoşbəxtik ki, qayğıkeş dövlət başçımız İnstitutun professor-müəllim heyəti ilə yaxından görüşmüş, səmimi söhbət etmiş və özünün təbrik və tövsiyələrini çatdırmışdır: "İlk növbədə, sizi Müəllimlər İnstitutunun yeni binasının açılışı münasibətilə təbrik etmək istəyirəm. Gözəl binadır, çox gözəl şərait yaradılıb. Memarlıq baxımından da Naxçıvan şəhərini daha da gözəlləşdirir. ... Ulu Öndər Azərbaycan Prezidenti kimi həmişə Naxçıvana diqqət, qayğı göstərirdi. Naxçıvana tez-tez səfərlər edirdi... Mən də Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq bütün sahələrdə, o cümlədən Naxçıvana qayğı, diqqət məsələlərində o yolu davam etdirirəm".
Qeyd edək ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş İnstitutumuzda 23 adi və 20 ixtisaslaşdırılmış auditoriya, o cümlədən 4 kompüter otağı və 16 elektron lövhəli auditoriya mövcuddur. Həmçinin müəssisəmizdə ənənəvi və elektron oxu zalları olan kitabxana, 15 fənn kabinəsi, o cümlədən müxtəlif ixtisaslar üçün emalatxanalar, zəruri inventarlarla təchiz edilmiş tədris fondları professor-müəllim və tələbə kontingentinin ixtiyarına verilmişdir. İnstitut binasında həmçinin müəllim və tələbələr üçün ayrıca ictimai iaşə və tibbi xidmət otaqları yaradılmışdır. İnstitut üçün yenidən yaradılaraq müasir avadanlıqlarla təchiz edilmiş "Məktəb" nəşriyyatının mətbəəsi də fəaliyyət göstərir. Onu da qeyd edək ki, ali təhsil sahəsində ilk dəfə bizim İnstitutumuzda professor-müəllim heyəti üçün 5 fərdi məsləhət otağı və "Psixoloji xidmət" laboratoriyası yaradılmışdır. Habelə ümumilikdə 158 dəst fərdi kompüter, 16 dəst noutbuk və proyektor tələbə və müəllim kontingentinin ixtiyarına verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 avqust 2019-cu il tarixli qərarı ilə "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin elmi müəssisə və təşkilatların Siyahısı"nın "Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə" bölməsində edilmiş dəyişikliklərə əsasən Naxçıvan Müəllimlər İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə Dissertasiya Şurası yaradılmışdır.
Bir sözlə, bu gün Azərbaycanın hərtərəfli inkişafı Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinə minnətdardır. Bu mənada nə qədər ki Heydər Əliyev təlimi var, müasir, müstəqil Azərbaycan vardır, nə qədər ki Azərbaycan var, Heydər Əliyev təlimi yaşayacaqdır!
SAMİRƏ HƏSƏNOVA
Naxçıvan Müəllimlər İnstitutunun dekanı,
filologiya üzrə fəlsəfə doktoru, dosent