Orta Dəhliz və yaşıl enerjinin nəqli: Azərbaycanın iki strateji istiqamətə vahid yanaşması

Azərbaycan enerji təhlükəsizliyi sahəsində Cənubi Qafqazın şəriksiz lideri kimi qəbul edilir. Son illər bu proses daha da güclənib. Azərbaycan Prezidentinin təşəbbüsü və bilavasitə iştirakı ilə bir sıra transmilli enerji və nəqliyyat layihələri reallaşdırılıb. Bu layihələr dünyanın enerji xəritəsini yenidən formalaşdırmaqla yanaşı, ölkəmizi beynəlxalq aləmdə mühüm aktora çevirib. Bu bağlılıqda İlham Əliyevin Orta Dəhlizin reallaşması üçün kifayət qədər geniş bir sahədə səylər göstərdiyi məlumdur. Dövlət başçısı həmin istiqamətdə yeni addımlar atmaqdadır. Nəqliyyat marşrutlarının şaxələndirilməsi və yaşıl enerji sahəsində konkret proyektlərin həyata keçirilməsi ekspertlərin marağına səbəb olub. Bu kontekstdə müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük istilik-elektrik stansiyasının təməlinin qoyulması strateji əhəmiyyətli hadisə kimi qiymətləndirilir. Bu, dünya enerji mərkəzlərindən biri olaraq Azərbaycanın dəyərini daha da artırır. İndi Azərbaycan təkcə ənənəvi enerji mənbələri ilə deyil, həm də alternativ və bərpaolunan enerji sahəsində dünyanın maraq göstərdiyi arealdır.

Sarsılmaz siyasi iradə və yüksək zəka: müasir liderliyin iki mühüm faktoru

Hazırkı tarixi şəraitdə ən mükəmməl qlobal layihələrin belə həyata keçirilməsi asan məsələ deyildir. Burada siyasətçilərin konstruktiv yanaşması, konkret addımlar atması və möhkəm iradi keyfiyyətlər nümayiş etdirməsi lazım gəlir. Teodor Ruzvelt bir zamanlar demişdi ki, "xarakterin möhkəm qətiyyətlilikdən yüksək xüsusiyyəti yoxdur". Eyni zamanda, xarakterdə möhkəm qətiyyətlilik yüksək intellekt və zəka tələb edir. Burada idarəetmə bacarığı son dərəcə önəmlidir. Və bu, hər şeyi zamanında və ümumi marağın xeyrinə görmək qabiliyyətini tələb edir. Məsələ milli maraqlarla bağlı olduqda isə, siyasi məharətin yeni keyfiyyətlərinə ehtiyac yaranır. Yenə də T.Ruzveltin bir kəlamı yada düşür: "milləti böyük edən sərvəti deyil, ondan necə istifadə etməkdir".

İlham Əliyevin milli maraqlarla sıx bağlı olan məsələlərdə fəaliyyətinə nəzər saldıqda, yüksək qabiliyyət və qüdrətə malik olduğu tam aydınlaşır. Xüsusilə dünyanın geosiyasi qarışıqlıq yaşadığı bir vaxtda Azərbaycan Prezidenti xalqların və dövlətlərin ümumi rifahına və əmin-amanlığına xidmət edəcək addımlar atır. Bu, sistemli, düşünülmüş və səmərəli addımlardır. Həmin aspektdə Orta Dəhliz layihəsinin qlobal perspektivi kimi mühüm bir məsələdə Prezident İlham Əliyevin fəallığı və konkret addımları ilə bu prosesə böyük töhfə verməsi ekspertlərin marağına səbəb olub.

Əslində, Orta Dəhliz layihəsinin çox aspektləri mövcuddur. Biz onlardan ikisinin - Azərbaycanın hazırda üzərində işlədiyi nəqliyyat layihələri və transmilli enerji layihələrinin inkişaf etdirilməsi ilə bağlı atdığı addımlar üzərində dayanmaq istərdik.

Çünki hər iki məsələ bütövlükdə Orta Dəhlizin reallaşması üçün çox əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycanın nəqliyyat-logistika ilə yeni enerji layihələrini vahid sistemdə sintezləşdirməsi geosiyasi baxımdan səmərəli haldır. Həm də ona görə ki, bu proqramlar Orta Dəhliz ideyasının real layihəyə çevrilməsində əhəmiyyətli rol oynayır. Rene Dekart bir neçə əsr öncə ifadə edib: "Yaxşı ağıla sahib olmaq azdır, başlıcası onu yaxşı tətbiq etmək lazımdır"! Bu fikir Orta Dəhlizlə bağlı yerinə düşür: yaxşı ağıl bu layihəyə fayda verə biləndir! Bunun üçün isə "olduğun yerdə, malik olduğun imkanlarla bacardığını et"məyə (T.Ruzvelt) qadir olmalısan! Bu kontekstdə Azərbaycan Prezidentinin atdığı konkret addımlara nəzər salaq.

Prezident İlham Əliyev Orta Dəhlizin reallaşmasına üç faktorun qarşılıqlı əlaqəsində yanaşır: qlobal nəqliyyat şəbəkəsinin şaxələndirilməsi, təhlükəsizliyin təmini və sabitliyin davamlı olması. Bu üç faktorun da altsferaları vardır. Məsələn, qlobal nəqliyyat şəbəkəsinin şaxələndirilməsi, yeni istiqamətlərin seçilməsi, onların reallaşdıırılma imkanlarının dəqiq müəyyən edilməsi, marşrut boyunca logistika infrastrukturunun təmin edilməsi və s. Təhlükəsizlik problemi çoxlu sayda geosiyasi, hərbi və iqtisadi faktorların kompleks halında nəzərə alınması ilə sıx bağlıdır. Sabitlik layihədə iştirak edən ölkələrin hər birində sabitliyin təmin edilməsinin yerli, regional və qlobal faktorlarının qarşılıqlı əlaqəsini ehtiva edir. Bu məqamların hər biri İlham Əliyevin Orta Dəhliz layihəsi ilə əlaqədar atdığı addımlarda öz ifadəsini tapır.

Belə ki, dövlət başçısı İlham Əliyev hələ 10 il əvvəl Böyük İpək Yolunun bərpası ilə bağlı təşəbbüslər və layihələrin həyata keçirilməsinə sistemli və kompleks şəkildə yanaşaraq həmin məsələni uğurla ölkənin iqtisadi inkişafının strateji planlaşdırılması ilə sıx əlaqələndirib. Həmin kontekstdə 2012-ci ildə qəbul edilən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və 2016-cı ildə təsdiq edilən "Logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi" kimi mühüm sənədləri xatırlatmaq olar.

Yeni layihələr: İlham Əliyevin qətiyyəti və praqmatizmi fonunda

Bunun fövqündə Azərbaycan Prezidenti ölkənin regional tranzit mərkəzi olması hədəfinə çatmaq üçün olduqca səmərəli addımlar atır. Nümunə kimi Ələt limanının fəaliyyətə başlaması və limanın ərazisi də daxil olmaqla ətraf ərazilərdə xüsusi iqtisadi zonanın yaradılmasını göstərə bilərik. Bunlardan başqa, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizi üzrə dəmir yolu layihələrinin tamamlanması ciddi əhəmiyyət kəsb edir. Son illər logistika xidmətlərinin daha da təkmilləşdirilməsi vacib məqamlardandır.

Bunların nəticəsi olaraq Azərbaycanın tranzit potensialı çox güclənib. Həmin bağlılıqda o da vacib faktordur ki, Azərbaycan Prezidenti Mərkəzi Asiya və Qafqazın Avropa ilə əlaqəsini gücləndirmək, dərinləşdirmək və genişləndirmək üçün Xəzər dəhlizi və Cənubi Qafqaz regionunun imkanlarını sözün həqiqi mənasında səfərbər edib. Bu məqamın region üçün əhəmiyyəti ayrıcadır.

Birincisi, regionun təhlükəsizliyi və sabitliyi birbaşa qlobal layihələrin davamlı reallaşması prosesi ilə sıx əlaqələndirilir.

İkincisi, geniş geosiyasi məkanda ölkələrin əməkdaşlığı üçün yeni imkanlar meydana gəlir.

Üçüncüsü, Mərkəzi Asiya-Cənubi Qafqaz-Avropa geosiyasi məkanında enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyi yeni səviyyədə sintezləşdirmək imkanı yaranır.

Bu çərçivədə Hindistan və Çin də daxil olmaqla, Mərkəzi və Cənub-Şərqi Asiya ölkələrinin Türkiyə və Avropa ilə nəqliyyat-logistika və tranzit əlaqələri tarixdə görünməmiş səviyyəyə yüksələ bilər. Bu prosesin daxilində isə həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin reallaşma və işləmə imkanları sürətlə artır. Eyni zamanda, türk dövlətlərinin inteqrasiyası üçün yeni stimul meydana gəlir. Bütövlükdə regional inteqrasiya ilə qlobal kooperasiya arasında uyğunluq səviyyəsi yüksəlir.

Bütün bunların fonunda Azərbaycan Prezidentinin alternativ və bərpaolunan enerji sahəsində atdığı konkret və real addımlar böyük əhəmiyyət kəsb edir. İlham Əliyevin Avropanın bir neçə ölkəsini (Rumıniya, İtaliya, Bolqarıstan, Macarıstan və s.) bu prosesə necə cəlb etdiyi haqqında ekspertlər kifayət qədər analiz aparıblar. Son olaraq, Mingəçevirdə 1280 MVt gücündə yeni istilik-elektrik stansiyasının təməlinin qoyulması ekspertlərdə böyük maraq doğurub. Bununla bağlı Prezident İlham Əliyev fevralın 13-də İtaliya Respublikasının şirkətlər və "Made in Italy" naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman hadisənin böyük əhəmiyyət daşıdığını xüsusi vurğulayıb, bu enerji layihəsində İtaliyanın "Ansaldo" şirkətinin iştirakını yüksək qiymətləndirib. Bütövlükdə enerji sahəsində Azərbaycan-İtaliya əməkdaşlığının sürətlə inkişaf etdiyini qeyd edən Azərbaycanın dövlət başçısı bu bağlılıqda görüşdə ifadə edib: "Bu, doğrudan da çox önəmli tədbirdir və İtaliya-Azərbaycan dostluğunu böyük dərəcədə gücləndirəcək bir layihədir. Qeyd olunduğu kimi, İtaliya-Azərbaycan əlaqələri strateji məna daşıyır və biz çalışırıq ki, bu strateji tərəfdaşlıq çərçivələrini daha da genişləndirək... Neft-qaz və hazırda elektroenergetika layihələri bu təməli böyük dərəcədə gücləndirdi. Eyni zamanda, biz istəyirik ki, ticarət əlaqələri daha da şaxəli olsun... Onu da bildirməliyəm, İtaliya-Azərbaycan əlaqələri o qədər dərin və səmimidir ki, biz özümüz üçün ən vacib saydığımız layihələri məhz İtaliya şirkətlərinə həvalə etmişik... İkinci Qarabağ müharibəsi başa çatandan bir ay sonra "Azərenerji" ilə "Ansaldo" arasında çox önəmli müqavilə imzalanmışdır".

Bu fikirlərin işığında məsələnin çox mühüm geosiyasi aspekti aydın görünür. Yeni istilik-elektrik stansiyasının tikintisi sadəcə yeni enerji istehsal edən növbəti obyektin meydana gəlməsi deyildir. Bu layihə alternativ və bərpaolunan enerji strategiyasının mühüm elementi, eyni zamanda, Azərbaycan Prezidentinin geniş bir geosiyasi məkanda həmin istiqamətdə səmərəli fəaliyyətinin bariz nümunəsidir. Müstəqillik dövrünün ən böyük istilik-elektrik enerjisi stansiyası Azərbaycandan Avropaya yaşıl enerjinin nəqlinin başlıca arteriyalarından biri olacaqdır.

Burada Azərbaycanın növbəti dəfə etibarlı və konkret fəaliyyət göstərən tərəfdaş olması faktı öz təsdiqini tapır. Ziddiyyətlər və risklərlə dolu bir zamanda bunun əhəmiyyətini, təbii ki, Avropada yaxşı dərk etməlidirlər. Azərbaycan onlara qarşı necə səmimidirsə, onlar da Azərbaycana qarşı elə səmimi olmalıdırlar.

Azərbaycanın real olaraq irimiqyaslı beynəlxalq layihələr həyata keçirən etibarlı tərəfdaş obrazı bütövlükdə Cənubi Qafqazda sülh, barış və əməkdaşlığa yeni təkan verə bilər. Çünki artıq hər kəs görür ki, ən çətin zamanlarda belə rəsmi Bakı konstruktiv mövqeyini qoruyub saxlayır. Buna görə də Mingəçevirdə yeni istilik-elektrik stansiyasının tikintisi həm də ciddi geoiqtisadi hadisədir. Onu da nəzərə alaq ki, bu stansiya müstəqillik dövründə Azərbaycanın reallaşdırdığı ən böyük istilik-elektrik stansiyası olacaqdır. Təbii ki, bu layihə daha möhtəşəm proyektlərə yol açacaqdır!

Kamal Adıgözəlov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31