Gənc nəslin vətənpərvər ruhda böyüməsi

Vüqar Əhmədov: "Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan dövlətinin əsas prioritetlərindən hesab olunub"

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin hərtərəfli inkişafı üçün yorulmadan çalışıb, ayrı-ayrı sahələr üzrə zamanında və gələcəyə hesanlanmış məqsədyönlü addımlar atıb.

Heydər Əliyevin bir dövlət rəhbəri kimi hər zaman diqqət ayırdığı sahələrdən biri heç şübhəsiz ki, gənclərlə iş idi. Məhz zamanında əsası qoyulan həmin düzgün siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə gənclər siyasəti çox uğurla və real nəticələr əldə etməklə həyata keçirilir. Elə "Azərbaycan-Amerika Gəncləri" İctimai Birliyinin sədri Vüqar Əhmədov da bu qənaətdədir. İctimai Birlik sədri deyib ki, Ulu Öndərin gənclər siyasətinin əsası hələ müstəqillik illərininin əvvəlindən qoyulub. Onun sözlərinə görə,  Ümummilli Lider hakimiyyətə gəldiyi ilk vaxtlardan birinci olaraq Gənclər və İdman Nazirliyini və gənclər gününü təsis etməsi ondan xəbər verirdi ki, Heydər Əliyev Azərbaycanın gələcəyini gənclərlə bağlı görür: "Gənc nəslin vətənpərvər ruhda böyüməsi, onların hərtərəfli inkişafı Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan dövlətinin əsas prioritetlərindən hesab olunub. Əlbəttə ki, bütün sahələrdə gəncləşmə siyasətinin aparılması, gənc kadrların dövlət idarəetməsində və ölkənin siyasi həyatında önə çəkilməsi gələcəyə hesablanmış addımlar idi. Heydər Əliyev yaxşı bilirdi ki, müstəqillik dövrünə yeni qədəm qoymuş dövlət üçün kadr siyasəti ən vacib məsələlərdən biridir və ölkənin bütün sahələrində savadlı və gənc kadrların və gənc liderlərin yetişdirilməsi Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirəcək. Məhz bu məqsədlə respublikada gənclər təşkilatlarının yaranması və inkişafı geniş vüsət almağa başlamışdır. Gənclər təşkilatlarında yetişən gənc liderlər sonradan ölkənin idarəetməsində iştirak edən əsas qüvvəyə çevriləcəkdir. Ölkənin qanunverici orqanında YAP siyasi xətti ilə gənclərin önə çəkilməsi Ulu Öndərin gənclər siyasətinə nə qədər önəm verməsindən xəbər verir. Məlumdur ki, Azərbaycanın müstəqilliyinin ilk illəri çox çətin şəraitdə keçmişdir və o zamanlar Ulu Öndər gərgin iş qrafikində fəaliyyət göstərirdi. İqtisadiyyatın inkişafı, daxili sabitlik, ordu quruculuğu və digər vacib sahələr həyati əhəmiyyət kəsb etdiyi bir zamanda Ümummilli Liderin iş qrafikinin sıx olmasına baxmayaraq Heydər Əliyev gənclərə hər zaman vaxt ayırmış və həyatının ən əlamətdar günlərini onlarla keçirmişdir".

Vüqar Əhmədov diqqətə çatdırıb ki, Ulu Öndərin gəncliyə bu qədər önəm verməsi eyni zamanda təsisçisi olduğu Yeni Azərbaycan Partiyasının əsas siyasətindən irəli gəlirdi: "Yenilənən Azərbaycanda yeni gənclər yetişdirmək dünyanın müasir tələblərinə və çağırışlarına uyğun olmalı idi. Müasir gənclik savadlı, vətənpərvər, xarici dilləri bilən və peşəkar bir gənclik olmalı idi. Bununla yanaşı Heydər Əliyevin gənclərdə önəm verdiyi məsələlərdən biri də onların siyasi hazırlığının yüksək səviyyədə olmasını təmin etmək olmuşdur. Çünki Ulu Öndər yaxşı anlayrdı ki, yerləşdiyi regiona, tarixi mübarizəsinə və öz haqq işini beynəlxalq aləmdə tanıtdırmağa görə Azərbaycan gəncliyi mütləq siyasi baxımdan hazırlıqlı olmalıdır. Məhz bu məqsədlə partiya sıralarında gənclər hər zaman irəli çəkilmiş, ali təhsil müəssisələrində gənclərin siyasi savadlılığının artırılması üçün siyasi məktəblər təsis edilmişdir. Ümummilli Lider özü tez-tez ali təhsil müəssisələrinə baş çəkərək tələbələrlə görüşür və Azərbaycanın xarici siyasəti ilə bağlı fikirlərini bölüşürdü. Təbii ki, bütün bunlar Heydər Əliyevin uzaqgörən siyasətinə hesablanmışdır. Hələ Sovet İttifaqı Siyasi Bürosunun üzvü olarkən Heydər Əliyevin ən səmimi görüşləri məhz gənclərlə olurdu. Ulu Öndər tələbələrlə görüşü zamanı gəncləri formallıqdan uzaq olmağa və müstəqil şəxsiyyət kimi yetişməyi təlqin edirdi. Etiraf etmək lazımdır ki, o dövr üçün gənclər qarşısında belə çıxışlar etmək kifayət qədər cəsarət tələb edirdi".

Sonda İctimai Birlik sədri onu da deyib ki, Heydər Əliyevin keçdiyi həyat yolu və fəaliyyəti bu gün bütünlükdə gənclər üçün bir nümunə sayıla bilər: "Ulu Öndər məhz öz savadı və şəxsi keyfiyyətlərinə güvənərək Sovet İttifaqı kimi nəhəng imperiyanın siyasi pillələrindən qətiyyətlə irəliləmiş və böyük nüfuz qazanmışdır. Bunun əsas səbəblərindən biri onun savadı ilə yanaşı, böyük cəsarətə və işində məsuliyyətli olması ilə bağlı olub. Heydər Əliyev üçün xaricdə yaşayan Azərbaycanlıların təşkilatlanması hər zaman prioritet məsələ hesab olunurdu. Bu baxımdan Ulu Öndər diaspor fəaliyyətində gəncləşməyə və gənclərimizin xarici ölkələrin siyasi həyatında daha fəal olmağı təşviq edirdi.

Şübhəsiz ki, hər bir dövlətin qüdrəti onun güclü ordusunun olmasındadır. Müstəqillik illərində Ulu Öndər ordu quruculuğuna xüsusi önəm verirdi. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması və gənc kursantlarla daimi görüşlərin keçirilməsi Ulu Öndərin ən əsas bir keçmiş zabit kimi dövlətçilik məsələlərində gənclərə nə qədər önəm verməsinin bariz nümunəsidir. Təbii ki, bu gün də bütün sahələrdə aparılan gəncləşmə siyasəti və gənclərin önə çəkilməsi Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi və Azərbaycan dövlətinin daha da güclənməsinə xidmət edir. Bu gün məhz bu siyasətin sayəsində Azərbaycanın milli maraqları etirbarlı əllərdədir və uğurla müdafiə olunur".  

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31