Ermənistan Rusiyadan əlini üzür - ÖZƏL
17 Yanvar 2023 10:44 SiyasətSon vaxtlar Ermənistan tərəfdən Rusiyaya qarşı daha sərt ritorika ortaya qoyulmaqdadır. Xüsusilə, Xankəndi-Laçın yolunda ermənilərin erkoloji terroruna qarşı keçirilən dinc aksiyadan sonra bu kəskin münasibət özünü daha çox büruzə verir.
Siyasi ekspert Çingiz Şahbazi isə "OLAYLAR"-a bildirib ki, Rusiyanın öncədən planlaşdırdığı, Azərbaycan, Ermənistan və Rusiya XİN səviyyəsində keçirilməsi nəzərdə tutulan görüşdən, Ermənistanın imtina etməsi, artıq Rusiyaya qarşı ciddi zərbə sayılmalı idi: "Bundan öncə KTMT-nin Yerevanda keçirdiyi toplantıda yekun protokola, Pasinyanın imza atmaması və KTMT ölkələrinin keçiriləcəyi planlaşdırılan təlimlərə Ermənistanın qatılmaması, ermənilərin Rusiyaya qarşı yürütdüyü yeni siyasətin açıq şəkildə koordinatlarını ortaya qoymaqdadır". Çingiz Şahbazi deyib ki, Gümrüdəki ruslara məxsus 102-saylı hərbi bazanın ləğvi üçün keçirilən mitinqlər və etirazlar, Ermənistanın Rusiyadan tamamilə əlini üzməsindən xəbər verir: "Bu addımların davamı olacaq kimi görünür və Ermənistan tərəfindən atılan hər hansı bir addım bizim tərəfimizdən layiqincə incələnərək dəyərləndirilməlidir".