Azərbaycan sülh müqaviləsinə imza atmağa hazırdır - ÖZƏL
10 Oktyabr 2022 11:13 SiyasətYücel Karauz: "Ancaq bir şərtlə ki, rəsmi Bakının bunun üçün irəli sürdüyü 5 şərtə əməl edilməldir"
"Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Fransanın dövlət başçısı Emmanuel Makronun iştirakı ilə Azərbaycan Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Praqada baş tutan görüş rəsmi Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması perspektivi baxımından çox önəmlidir".
Bu fikirləri "OLAYLAR"-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz səsləndirib. O, Praqada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüş barədə də fikirlərini bölüşüb: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüşün baş tutması səbəbindən də Praqa görüşü çox önəmli sayıla bilər. Ermənistanın sülhdən başqa çıxış yolunun olmamasını, Türkiyənin sonsuza qədər Azərbaycanın yanında olacağını anlaması da önəmlidir".
Yücel Karauz hesab edir ki, ancaq çox qısa zamanda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağı da o qədər də asan görünmür: "Çünki Ermənistan bunun üçün terror fəaliyyətlərini dayandırmalı, Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sərhədlərin delimitasiya və demarkasiyası prosesinə yardımçı olmalıdır. Həmçinin əlində saxladığı minalı ərazilərin xəritələrini də Azərbaycana təslim etməlidir. Çünki həftə sonu belə Azərbaycanın işğaldan azad edilən ərazilərində mina partlayışı və bir neçə nəfərin xəsarət alması hadisəsi qeydə alındı".
Keçmiş hərbi attaşe deyib ki, Azərbaycan sülh müqaviləsinə imza atmağa hazırdır: "Ancaq bir şərtlə ki, rəsmi Bakının bunun üçün irəli sürdüyü 5 şərtə əməl edilməldir. Ermənistan da gec-tez sülh müqaviləsini imzalayacaq. Ancaq mümkün qədər vaxt uzatmağa, nəsə əldə etməyə çalışır. Hesab edirəm ki, bu Ermənistanın atmış olduğu yalnış addımdır. Ümumilikdə götürəndə isə Praqa görüşünü tərəflər arasında sülhün əldə edilməsi istiqamətində mühüm bir addım kimi dəyərləndirirəm".