"Regionun gələcəyi ilə bağlı ciddi hadisələrin şahidi ola bilərik"- ÖZƏL
8 Oktyabr 2022 13:48 Siyasət"Praqa görüşündə əvvəlki görüşlərlə müqayisədə daha effektiv nəticələr əldə edildi. Burada liderlərin birbaşa açıqlamaları, yayılan bəyanatlar bunu göstərir. Artıq liderlər konkret addımlar atmaq üçün razılığa gəliblər"
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib.
Doğrudur, hələ rəsmi şəkildə hansısa sənəd imzalanmayıb. Ancaq razılaşmanın ümumi mətni, açıqlanan detallar onu deməyə əsas verir ki, Praqa görüşü çox məhsuldar olub. Razılaşmalar hər iki tərəfin Beynəlxalq Hüquqa əsasən olan maraqlarına uyğundur. Elə Azərbaycan tərəfi də hər dəfə bu razılaşmaların əldə olunmasının onun üçün əsas prioritet olduğunu vurğulayıb. Azərbaycanın ərazi bütövlüyü tanınır, Ermənistan artıq heç bir şəkildə Azərbaycana ərazi iddiası irəli sürmür, dövlətlər arasında münasibətlərin bərpası, tranzit yollar-hər şey bura daxildir.
Bu istiqamətlərdə sözlü razılıq olaraq uğurlu addımlar atılıb artıq. Gələcəklər proseslərin necə həyata keçiriləcəyini indidən demək çətindir. Ermənilər hər zaman mənfur siyasət yeridir. Bölgədə müharibənin, xaosun olmasını istəyən kənar qüvvələr müdaxilə edəcək. Amma hazırki proseslər onu göstərir ki, bölgədə hərbi baxımdan üstünlük Azərbaycan ordusunun tərəfindədir. Və ordu bütün təxribatlara 13-14 sentyabr tarixində olduğu kimi adekvat cavab verə bilir. Artıq erməni şovinizminin hərbi üsullarla bölgədə öz maraqlarını təmin etmə cəhdlərinin qarşısı tamamilə alınıb. Xarici qüvvələr də erməni proyekti üzərindən bölgədəki sabitliyi poza bilmir. Bütün bunlar,Praqa görüşündə əldə edilən nəticələr o deməkdir ki, regionun gələcəyi ilə bağlı ciddi hadisələrin şahidi ola bilərik.