"Azərbaycan-Ermənistan arasında gedən danışıqları şahmat oyununa bənzətsək, oyun İlham Əliyevin tam qələbəsi ilə başa çatdı"- ÖZƏL
7 Oktyabr 2022 13:57 Siyasət"Azərbaycan prezidentinin Praqa səfərini uğurlu səfər hesab etmək lazımdır. Çünki, uzun müddətdir ki, sülh danışıqları ilə bağlı Ermənistan təxribatlar törədirdi. Ermənistana havadarlıq edən dövlətlərdən biri də Fransa idi. Avropa Şurasının sədri Şarl Mişel bir növ üçüncü hakim statusunda idi. Avropanın əsas marağı Rusiya üçün ikinci cəbhənin açılması, Ermənistan və Azərbaycan ərazsinə missiya yeridilməsi idi. İlham Əliyev buna imkan vermədi".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.
"Azərbaycan-Rusiya münasibətlərində Avropanın "rolu" olsun istəmədi. Bizim xarici siyasətin əsas prioritetlərindən biri qonşu ölklərlə sülh şəraitində yaşamaq, onların daxili işlərinə qarışmamaqdır. Azərbaycan öz ərazi bütövlüyünü qorumaqla bərabər Avropa Şurasının mülki missiya adı altında Azərbaycana girməsinə imkan vermədi. Ancaq, Ermənistan ərazisinə yerləşdikdən sonra sərhədlərin delimitasiyası ilə bağlı onlarla birgə fəaliyyət göstərməyə razılıq verdi. Bu, İlham Əliyevin, Azərbaycanın uğurlarından biridir.
Uzun müddətdir ki, Azərbaycan Ermənistanı sülh danışıqlarına dəvət edirdi. Hər dəfə Ermənistan təxribat törədir və ya başqa bəhanələrlə bu məsələdən qaçırdı. Nəhayət, bu məsələ də həll olundu. Baxmayaraq ki, Paşinyan üçtərəfli görüşlərdə əvvəl söz verir, sonra sözündən qaçırdı indi onların böyük "dayısı" Fransa da orada idi. İlham Əliyevin Makronu siyasi masada utması böyük uğur idi. Avropanın diplomatiyasında Fransa böyük rola sahib idi. Belə bir şəraitdə Fransanın Azərbaycanın öz maraqları uğruna irəli sürdüyü təklifləri qəbul etməsi böyük naliyyətdir. Bunun üçün iti ağıl, zəka, intellekt, dünya siyasətinə bələd olmaq, Azərbaycan dövlətini yeni dünya siyasətində görmək lazım idi. İlham Əliyev bunu da bacardı. 1991-ci ildə qəbul edilən Alma-Ata bəyənnaməsi keçmiş SSRİ dövlətlərinə aid olsa da, Ermənistan bu günədək Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini tanımamışdı. Bütünlüklə, son 31 ildə Azərbaycan-Ermənistan arasında gedən danışıqları şahmat oyununa bənzətsək, Praqa görüşü İlham Əliyevin tam qələbəsi ilə başa çatdı. Ermənistan Azərbaycanın əsas şərtlərini qəbul etdi. Azərbaycan qalib dövlət kimi öz iradəsini ortaya qoydu. Siyasi anlayışı olan biri kimi bilirəm ki, bu çox çətin məsələ idi. İlham Əliyevin bu məsələni həll etməsi Azərbaycan üçün qürurverici haldır".