"Birinci Qarabağ müharibəsinə aid bu cür məzarların yenidən tapılacağını bilirik"- ÖZƏL
6 Oktyabr 2022 15:05 Siyasət"Xocavəndin Edilli kəndində tapılan kütləvi məzarlıq ermənilərin barbarlığının növbəti bariz nümunəsidir. Cənab Prezident Ağdamda forumda çıxışı zamanı da ermənilərin vandal və barbar olduğunu dilə gətirdi. Bu, təsadüfi deyil. Çünki, ermənilər son 200 ildə Türkiyə və Azərbaycan ərazisində bu vəhşilikləri törədiblər. Hətta, İranda erməni vandallığı nümunələrini görmək olar. Vəhşilik onların xislətindədir. Qorxaq adam təhlükəli, yaltaq eyni zamanda belə "əzazil" olur".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.
"Tapılan məzarlıqdaki qalıntılar haqqında ilkin rəy sümüklərin Azərbaycan əsgərinə aid olmasıdır. Onların əl-ayaqları bağlıdır. Bu erməni vəhşiliyinə aid olan nümunədir. Biz ölmüş erməniyə belə mərhəmətlə yanaşırıq. Birinci Qarabağ müharibəsində olmuşam. Ölmüş erməni əsgəri üzərində vəhşilik törədilmişdi. Sonra da məlum oldu ki, həmin vəhşiliyi törədən elə anası erməni olan şəxslər olub. Onlar bunu xüsusi tapşırıqla həyata keçirirdilər. Məqsəd Azərbaycan türklərini vəhşi kimi tanıtmaq idi. İndi də belə cəhdlər var. Ancaq artıq dünya ermənilərin "göz yaşlarına" inanmır. Dünyanın özündə ədalət yoxdur. Morgenthaunun məşhur bir nəzəriyyəsi var. Güc, qüvvələr balansı və təhlükəsizlik. Yəni, qüvvələr balansı Azərbaycanın gücü hesabına dəyişdiyinə görə, dünya da bunu qəbul etmək məcburiyyətinndə olur. Ona görə də Azərbaycan ordusu və prezidentinin müsbət imici sürətlə dünyada qəbul edilməyə başlayır.
Edillidə tapılan sümüklərin kimə aid olması DNK testindən sonra məlum olacaq. Mən əminəm ki, o, sümüklər Azərbaycan əsgərinə aiddir. Testlərdən sonra kimliklər də müəyyənləşəcək. Həmin əsgərlər itkin statusundan çıxarılacaq, şəhidlik status alacaq. Birinci Qarabağ müharibəsinə aid bu cür məzarların yenidən tapılacağını bilirik.
Hadisə ilə bağlı cinayət işi artıq açılıb. Bunu bütün dünyaya bəyan etmək gücünə sahibik".