Məcburi köçkünlərin tezliklə öz yurdlarına qayıtması üçün bütün imkanlar səfərbər olunub
7 Oktyabr 2022 11:00 Siyasət44 günlük Vətən nmüharibəsində tarixi zəfərimizlə işğal altında olan şəhər və rayonlarımızın azad edilməsindən sonrakı mərhələdə qarşıda duran mühüm vəzifə və hədəf azad edilən ərazilərin minalardan təmizlənməsi və orada quruculuq-abadlıq işlərinin həyata keçirilməsi idi. Hər nə qədər bir qayda olaraq istənilən münaqişənin həll olunmasından sonra ərazilərin minalardan təmizlənməsinə müvafiq beynəlxalq təşkilatlar, dünya ölkələri səfərbər edilməli olduğu halda, Qarabağda bunun bir qədər fərqli tendensiyasına rast gəldik. Belə ki, ərazilərimizin minalardan təmizlənməsinə yalnız dost ölkələr, eyni zamanda sözün həqiqi mənasında regionda sülhə, təhlükəsizliyə dəstək nümayiş etdirən tərəflər dəstək verdi. Düzdür, azad edilən ərazilərin böyük bir hissəsi minalardan təmizlənsə də, hələ də təhlükəli yerlər, minalı ərazilər qalmaqdadır və tədricən bu işlər də həyata keçirilir.
Qeyd etdiyimiz kimi tarixi zəfərdən sonra qarşıda duran mühüm vəzifələrdən biri də azad edilən ərazilərdə quruculuq-abadlıq işlərinin həyata keçirilməsi idi. Ötən iki ilə yaxın müddətdə erməni işğalından azad edilən ərazilərimizdə həyata keçirilən quruculuq-abadlıq işləri sözün həqiqi mənasında anoloqu olmayan, dünyanı heyrətə sala biləcək tərzdə həyata keçirilir. Qısa zamanda yolların salınması, vacib infrastrukturun yaradılması, ərazilərdə kommunal xidmətlərin təşkili, hətta otellərin belə tikilib istifadəyə verilməsi insanda yalnız heyrət doğurur. Bu günlərdə Ağdamda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə Azərbaycan Milli Şəhərsalma Forumunun keçirilməsi və həmin toplantı çərçivəsində Ağdamda dövlət başçısının iştirakı ilə bir neçə infrastruktur layihəsinin həyata keçirilməsi deyilənləri təsdiqləyir. Sözügedən forumun Ağdamda keçirilməsi xüsusilə əhəmiyyətli hadisədir desək yanılmarıq. Çünki ərazilərimizin işğalı dövründə erməni vandallarının ən ciddi ziyan vurduğu, xaraballğa çevirdiyi rayon məhz Ağdam olub. Təsadüfi deyil ki, ərazilərimizin işğaldan azad edilməsindən sonra həmin ərazilərə, xüsusilə də Ağdama səfər edən xarici ölkələrin əksər kütləvi informasiya vasitələrinin təmsilçiləri öz çalışdıqları mıətbu orqanlarda səfər təəssüratları ilə bağlı hazırladıqları materiallarda Ağdamı Qafqazın Xirosiması kimi qələmə vermişdilər. İndi isə Ağdam iki il əvvəl azad etdiyimiz Ağdamdan tamamilə fərqli görkəmə salınıb, ərazidə geniş miqyasda infrastruktur yaradılıb. Elə dövlət başçısının iştirakı ilə keçirilən sözügedən forumu həm də Ağdamda, eyni zamanda digər azad edilən ərazilərimizdə görülən işlərin həm yerli, həm də beynəlxalq ictimaiyyətə təqdimatı kimi də dəyərləndirmək olar. Həm indiyə qədər görülən işlər və əldə edilən nəticə, həm də Azərbaycan Prezidentinin forumdakı çıxışından gəlinən qənaət ondan ibarətdir ki, keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. Bu məqsədlə azad edilən ərazilərimizdə irimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, bu ay Zəngilan Beynəlxalq Hava Limanını açılışının nəzərdə tutulması, Cəbrayılda Ağalı kəndində ağıllı kənd layihəsinin gerçəkləşdirilməsi və artıq kifayət qədər rayon sakininin ora köçürülməsi deyilənlərin sübutudur. Təbii ki, əldə edilən nəticələr qısa vaxt üçün böyük bir işdir və deyə bilərik ki, dünyada anoloqu yoxdur. Paralel olaraq işlər də davam etdirilir və Qarabağda görülən işlər, yaradılan infrastrukturla Azərbaycan hökuməti, Azərbaycan dövləti kifayətlənmək niyyətində deyil. Qarşıdakı iki ildə Qarabağda daha bir neçə iri layihə reallaşdırılacaq ki, həmin layihələr təkcə Azərbaycan və region deyil, həmçinin beynəlxalq əhəmiyyətlidir. Bu sırada Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsini qeyd edə bilərik. İşlər nəzərdə tutulduğu ardıcıllıqla davam edəcəyi təqdirdə sözügedən hava limanı 2025-ci ildə istifadəyə veriləcək. Bundan başqa gələn il Bərdə-Ağdam dəmir yolu istifadəyə veriləcək ki, bu da həm regionun, həm də Ağdamın inkişafı baxımından əhəmiyyətlidir.
Məhəmməd