Ermənistanın müharibə cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün əlimizdə kifayət qədər faktlar var - ÖZƏL

"Ermənistanın qeyri-insani əməlləri və müharibə cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması, bu ölkə barədə beynəlxalq səviyyədə ölçü götürülməsini təmin etmək üçün əılimizdə kifayət qədər faktlar var". Bu fikirləri "OLAYLAR"-a Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov bu günlərdə Xocavənd rayonunun Edilli kəndi yaxınlığında kütləvi məzarlığın aşkar edilməsinə münasibət bildirərkən səsləndirib. O bildirib ki, Edilli kütləvi məzarlığı bir daha ermənilərin vəhşiliklərinin əyani sübutudur: "Əslində bu birinci hal deyil. Tarixən ermənilər Azərbaycan xalqına qarşı bu kimi cinayətlərdən istifadə edib, xüsusi qəddarlıqla qətillər törədib, xalqımıza qarşı terror və soyqırım həyata keçiriblər. Eləcə də Birinci Qarabağ müharibəsi dövründə ermənilərin qeyri-insani əməlləri, müharibə qanunlarına zidd olan cinayətləri baş verib. Sadəcə beynəlxalq səviyyədə mövcud olan ermənipərəsət dairələr, ayrı-ayrı ölkələrin Ermənistanın maraqlarına xidmət edən təsisatları bu ölkənin etdiyi cinayətlərə görə cəzalandırılmasını mümkünsüz edib".

Arzuman Abdulkərimov qeyd edib ki, bu mənada Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin Xocavənd rayonuna səfərinin təşkil olunması və onların Edilli kütləvi məzarlığı barədə məlumatlandırılması əhəmiyyətli və bu cinayətin, onu törədən Ermənistan dövlətinin qeyri-insani davranışlarının dünyaya daha yaxından çatdırılması barədə mühüm addımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31