Azərbaycan əsgəri erməni əsgərindən fərqli olaraq öz Vətəni uğrunda döyüşür ÖZƏL
6 Oktyabr 2022 13:26 Siyasət"26 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusuna və mülki vətəndaşlarımıza qarşı törətdiyi növbəti təxribatlara cavab olaraq, Azərbaycan Vətən Müharibəsinə başladı və torpaqlarımızın qısa müddət ərzində işğal faktı aradan qaldırıldı".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Anar Əliyev bildirib.
"44 gün çəkən bu müharibə nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü, dövlət suverenliyini təmin etdi və 30 ilə yaxın dövr ərzində işğal altında qalan pozulmuş sərhədlərimizin bütövlüyü təmin olundu.
Hesab edirəm ki, 26-dan 27-ə keçən gecə Ermənistanın növbəti dəfə törətdiyi hərbi təxribatlarda əsas hədəf o vaxtkı Ermənistan müdafiə nazirinin də qeyd etdiyi kimi "yeni müharibələr, yeni ərazilər" iddiası idi. Yəni, Ermənistanda elə təsəvvür formalaşmışdı ki, Ermənistan ordusu məğlubedilməzdir və müharibə başlayarsa, Azərbaycan Ermənistanla Ermənistanın irəli sürdüyü şərtlər daxilində razılaşmalara getməzsə, Ermənistan yenidən hərbi əməliyyatlara başlayıb, hücumlar edərək, Azərbaycanın digər ərazilərini də işğal etmək gücündə və qüdrətindədir, Azərbaycan və Azərbaycan ordusu isə buna müqavimət göstərmək imkanında və gücündə deyil. Amma 27 sentyabrdan başlayaraq Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyat, xüsusilə də bir gün olsun belə geri çəkilməmə (qeyd edim ki, bu hərb tarixində çox nadir hadisələrdən biridir), onu göstərdi ki, bəli, Azərbaycan ordusu Ermənistan ordusundan dəfələrlə yüksək hazırlığa və eyni zamanda hərbi-texniki bazaya sahibdir.
44 günlük Vətən Müharibəsi onu göstərdi ki, Azərbaycan əsgəri erməni əsgərindən fərqli olaraq Vətən uğrunda döyüşür və öz ana vətəni uğrunda gözünü qırpmadan ölümün üzərinə dik getməyi bacarır. Erməni ordusu isə qısa müddət ərzində 10000-dən artıq fərari formalaşdırmaqla bir daha sübut etdi ki, Ermənistan işğalçı ordudur, işğal etdiyi ərazidə döyüşür və heç də Ermənistan əsgəri başqa xalqa, dövlətə aid torpaqlarda ölmək istəmir. Ona görə də daha çox böyük bir hissəsi fərariyə çevrilmişdir.
Təxminən iki il müddət keçdikdən sonra Azərbaycanın sülh təklifinə, Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmaq istəyinə baxmayaraq, Ermənistan tərəfi müxtəlif dövrlərdə, müxtəlif istiqamətli, xarakterli təxribatlar törətməklə bu sülh prosesini sabotaj etməyə çalışıb. Həmin təxribatlardan biri, daha genişmiqyaslısı da 2022-ci ilin sentyabr ayının 12-dən 14-ə qədərki dövrdə baş tutdu və Azərbaycan ordusu qısa müddət ərzində yüzlərlə erməni əsgərini məhv etməklə, bir sıra ermənilərə aid atəş nöqtələrini sıradan çıxardıb, darmadağın etməklə, Ermənistan cəmiyyətindəki revanşist əhval-ruhiyyəyə ən qatı zərbəsini vurmuş oldu. Eyni zamanda, Ermənistan cəmiyyətinə bir daha göstərdi ki, Azərbaycanla danışıqlara gedilməyəcəksə, Azərbaycanla revanşizm, təxribatlar dili ilə danışılacaqsa, bunun ən sərt və layiqli şəkildə cəzasını alacaqdır.
Mən hesab edirəm ki, 26-27 sentyabr 2020-ci il tarixləri ilə 12-14 sentyabr 2022-ci il tarixləri arasında fərqli cəhətlər olmaqla yanaşı həm də oxşar cəhətlər mövcuddur. Bu oxşar cəhətlər Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini, mahiyyətini özündə əks etdirir. Eyni zamanda, Ermənistan tərəfinin Azərbaycana hərbi təxribatlar törətməklə özü üçün daha yaxşı danışıqlar mühiti formalaşdırmaq istəyindən xəbər verir. Amma hər iki halda Azərbaycan dövləti və onun lideri, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu mübarizə metodları, tətbiq olunan strategiya sübut etdi ki, bəli, Azərbaycan istənilən təxribata cavab vermək gücündə və qüdrətindədir. Azərbaycan öz işğal altında olan ərazilərini öz gücünə işğaldan azad etmək gücündədir. Eyni zamanda, dünyada heç bir güc, güc mərkəzi Azərbaycanı haqq yolundan döndərə bilməz, heç bir telefon zəngləri, xahişlər Azərbaycan Prezidentini və bizim Azərbaycan dövlətinin, Azərbaycan Przidentinin ali siyasi iradəsini qıra bilməz. Bu iradədən üstün qüvvə mövcud deyil və bu iradə yalnız Azərbaycan xalqının maraqlarına və beynəlxalq hüququn prinsiplərinə, ədalətə, insanlığa əsaslanır.
Mən bunu xüsusilə qeyd etmək istəyirəm ki, hər iki hadisə zamanı Azərbaycan ordusunun nümayiş etdirdiyi hadisələr, xüsusilə də yalnız legitim hərbi obyektlərin vurulması, onu göstərir ki, Azərbaycan ordusunun, dövlətinin, xalqının mahiyyəti sülhpərvərdir, Azərbaycan yalnız sülh istəyir. Amma eyni zamanda, sülhə, sülh müraciətinə adekvat qarşılıq verməyəcək tərəfə - Ermənistana laiqli cəzasını vermək gücündə və qüdrətində, bu gücü nümayiş etdirmək iradəsindədir".
Röyalə Xəyal