Türkiyənin müdafiə nazirinin Azərbaycana səfəri sıradan sayılmaz - Deputat
5 Oktyabr 2022 13:05 Siyasət"Türkiyənin müdafiə nazirinin Azərbaycana səfəri ən azından onunla kimlərin gəldiyinə diqqət yetirsək, qətiyyən sıradan sayılmaz. Sayın Hulusi Akarla birgə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunları, Hərbi Dəniz, Hərbi Hava Qüvvələri komandanları Musa Avsevər, Ərcümənt Tatlıoğlu və Atilla Gülən də Bakıya təşrif gətiriblər. Son günlər Hindistan-Yunanıstan-Fransa-İran kvartetinin Ermənistanı revanşizmə həvəsləndirən hərəkətləri fonunda sayın Akarın, ondan öncə də İsrailin müdafiə, Səudiyyə Ərəbistanının xarici işlər nazirlərinin Bakıya səfərləri fikrimcə, heç də təsadüfi deyil və mümkündür ki, tezliklə Pakistan rəsmilərindən də kimsə Azərbaycana gəlsin". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, bu səfərlər ilk növbədə onu göstərir ki, bəzilərinin ona yol verməyəcəkləri haqda xəbərdarlıqlarına rəğmən regionda geosiyasi reallıq artıq dəyişib: "Və o bəziləri anlamalıdırlar ki, buradakı troll sürülərindən faydalanmaqla nə qədər cəhd etsələr də, qardaş Türkiyəni demirəm, onunla hər şey aydındır, ictimai rəydə dost İsrailə olan istiliyi aradan qaldıra bilməyəcəklər. Çünki bu cəmiyyət özlərininkindən daha ayıq və hazırlıqlıdır. Kimin kim olduğunu, 44 günlük savaş zamanı bəzilərinin Zəngilandakı təxribatını da, Ermənistana necə kəşfiyyat məlumatları ötürməsini də, ərazisindən keçməklə ora hərbi yardım və terrorçu ünsürlərin göndərilməsinə şərait yaratmasını da, eyni zamanda dost İsrailin hansı rolu oynadığını da yaxşı bilir.
Eləcə də Səudiyyə Ərəbistanının xarici işlər nazirini qəbul edərkən cənab Prezident də vurğuladı, o ölkənin Azərbaycanın torpaq bütünlüyü məsələsində sərgilədiyi prinsipial mövqeni də biz unudan deyilik. Türkiyəni çıxsaq, ancaq üç müsəlman dövləti-Pakistan, Səudiyyə Ərəbistanı, bir də Özbəkistan torpaqlarımızı işğal altında saxladığına görə Ermənistanla diplomatik əlaqələr qurmadılar. Ancaq adından sonra "İslam" yazdıran bəzi dövlətlərin təmsilçiləri Qarabağla, Şərqi Zəngəzurun necə darmadağın edildiyini, məscildlərin altının-üstünə çevrildiyini, yarı dağılmışların içində isə donuz, mal-qara saxlandığını kor gözləri ilə görükləri halda oradakı rejim işğalçı Ermənistana hərtərfli yardım göstərirdi, bu gün də göstərir. Onlar əgər bununla çox qorxduqları şeyə- regionda geosiyasi reallığın dəyişməsinin qarşısını almağa çalışırdılarsa, əksinə, öz hərəkətləri ilə onu qarşısıalınmaz prosesə çevirdilər. O bəzilərinin "qırmızı xətt" haqdakı xəbərdarlıqlarına gəldikdə isə Türkiyə və İsrailin müdafiə nazirləri bizim Baş Qərargahın önündə qarşılanarkən onun necə qırmızı xalça edilərək ayaqlar altına salındığı yəqin görüldü. Beləliklə, bir daha hər kəsə aydın olmalıdır ki, əmmaməli ya əmmaməsiz kimsə Azərbayanı öz milli maraqlarını reallaşdırmaq üçün beynəlxalq normalara dayanan addımlardan çəkindirə bilməz!"