Müzəffər ordumuz işğaldan azad etdiyi ərazilərdə axtarış işləri aparır və hərbi cinayətlərin üstü açılır- ÖZƏL

"Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıq da nümayiş etdirir ki, Ermənistan ordusu tərəfindən Birinci Qarabağ Müharibəsində hərbi əsirlərə  işgəncələr verilmişdir".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
"Qeyd edək ki, bu məzarlıq Xocavənd rayonunun Edilli kəndində artıq ikinci dəfədir ki, tapılır. Görünür, Xocavənd rayonunun Edilli kəndi hərbi əsirlərin saxlanıldığı yer olub və burada onların üzərində böyük zorakılıq, vandalizm və barbarlıq izləri vardır. Xüsusi diqqət çəkən məqam onların əllərinin kəndirlə və məftillərlə bağlanılmasıdır. Üzərlərində olan geyim də təsbit edir ki, onlar hərbi qulluqçulardır.
Digər tərəfdən Ermənistanın yüzlərlə hərbi cinayət törətməsinə rəğmən bu gün beynəlxalq miqyasda Azərbaycana qarşı şər-böhtan kampaniyasını başladıb. Ermənistan dövləti nəinki hərbi qulluqçulara, dinc, silahsız əliyalın insanlara da divan tutub, onları qətlə yetiriblər. Çoxsaylı belə cinayət faktları aşkarlanmışdır.
Digər önəmli xüsus bundan ibarətdir ki, 30 illik işğal ərzində hərbi əsirlərdən, eləcə də mülki şəxslərdən bütün qənimətlər kimi nə varsa, hamısı götürülmüşdür. Hətta, insanların qızıl dişləri də çıxarılmışdır. Bəzi faktlar vardır ki, qəbrlər belə açılmış, qızıl dişlər götürülmüşdür. Bu onu göstərir ki, maksimum dərəcədə Azərbaycana ziyan vurmaq və öz barbarlığını, məkrli xislətini nümayiş etdirmək üçün ermənilər hər fürsətdən istifadə edirlər və işğal etdikləri torpaqları böyük nifrət hiss ilə talan edirlər. Heç nə tikib-qurmayıblar. Əksinə, azərbaycanlıların böyük əziyyət ilə ərsəyə gətirdiyi evləri tar-mar ediblər. Eyni zamanda, bəşəriyyət və insanlıq əleyhinə çoxsaylı cinayətlərə imza atan Ermənistanın hərbi-siyasi rəhbərliyi Xocalı, Qardağlı, Malıbəyli və digər kəndlərdə törətdikləri dəhşətli fəlakətlərin bir izi də Xocavənd rayonunun Edilli kəndində aşkarlanmışdır. Təbii ki, onların kimliyi məlum olmalıdır, ailələrinə bu barədə məlumat verilməlidir. Çox ciddi tədqiqata ehtiyac var. Lakin Ermənistan tərəfi törətdiyi hərbi cinayətləri ört-basdır etmək üçün kütləvi məzarlıqların və qəbristanlıqların koordinatlarını Azərbaycana vermir. Bununla özünü hüquqi zəmində böyük çəkişmələrdən qorumaq niyyəti güdürlər. Çünki bilirlər ki, hərbi cinayətlərin üstü açılacaq və Ermənistan buna görə cavab verməli olacaq.

Bu gün müzəffər ordumuz işğaldan azad etdiyi ərazilərdə öz hesabımıza axtarış işləri aparır və hərbi cinayətlərin üstü açılır. Buna görə Ermənistan beynəlxalq miqyasda cavab verməlidir. Beynəlxalq qurumlar, insan haqlarının müdafiəçiləri, qeyri-hökumət təşkilatları, Avropa Şurası, Beynəlxalq Ədalət Məhkəməsi, ATƏT, Aİ, insan haqlarının qorunması ilə bağlı bütün təşkilatlar bu faktlara diqqət ayırmalıdırlar. Azərbaycan diplomatiyası və xarici siyasəti də bu istiqamətdə ölkəmizin həqiqətlərinin dünya birliyinə çatdırılmasında fəal iş aparmalıdır".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31