Əsgər və zabitlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində Cəbrayıl azaddır - ÖZƏL
4 Oktyabr 2022 12:37 Siyasət"Zəfər tariximiz: Cəbrayıl rayonunun azad edilməsindən 2 il ötür. 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşüb. Cəbrayıl rayonu 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun işğaldan azad etdiyi ilk rayon olub".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən Milli Məclisin deputatı Anar Məmmədov qeyd edib ki, Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib: "Bu Qələbə bizim Ordumuza əlavə güc verdi, inam verdi və şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra edərək torpaqlarımızı işğaldan azad etdi".
Deputatın sözlərinə görə, bu gün qürur və fəxarət hissi ilə deyə bilərik ki, əsgər və zabitlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində Cəbrayıl azaddır: "Cəbrayıl şəhərində və işğaldan azad edilmiş bütün doğma torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır və əbədi dalğalanacaq! Bu qürurlu günləri xalqımıza bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzu edirik.
Cəbrayıl bizimdir! Qarabağ Azərbaycandır!".