1993-cü ilin 3 oktyabrından ölkənin tarixi inkişaf dövrü başlayıb
3 Oktyabr 2022 14:49 Siyasət"3 oktyabr - Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündür. Məhz 1993-cü ilin bu günündən etibarən ölkənin tarixi inkişaf dövrü başlanmış, daxili həmrəyliyə nail olunmuş, əvvəlki səbatsız idarəçiliyin təqsiri ucbatından yaşanmaqda olan vətəndaş qarşıdurmasına son qoyularaq, güclü mərkəzi hakimiyyət formalaşdırılmış, müşahidə olunan dərin tənəzzülün qarşısı almış, beləliklə də xalqımızı zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmışdır". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qeyd edib ki, eyni zamanda məhz dahi Liderin xalqın istisnasız dəstəyi ilə prezident seçilməsi ilə əsası qoyulan milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirilmiş, nəticədə siyasi müstəqilliyə tam nail olunmuş, gələcəkdə ölkənin iqtisadi müstəqilliyinin bazisi olacaq siyasi kursa start verilmişdir:
"Heydər Əliyev ilk dəfə olaraq pərakəndə könüllü hərbi bölmələr və siyasiləşmiş hərbi dəstələr əvəzinə bir neçə ay ərzində dəmir intizama söykənən Ordu hissələri formalaşdırmış, milli müdafiəni təmin etmiş, əks hücumla Horadiz qəsəbəsi başda olmaqla bir sıra əraziləri güc yolu ilə işğaldan azad edərək müharibənin inkişaf seyrini dəyişməyə nail olmuşdur. Məhz dahi Liderin öndərliyində əsası qoyulan uğurlu daxili və xarici siyasət kursu, xüsusən, yeni və qətiyyətli neft strategiyasının realizəsi ilə artan siyasi və iqtisadi imkanlar hesabına güclu ordu və müdafiə sənayesi quruculuğu başda olmaqla bütün sahələrdə dövlətin dayanıqlı inkişaf yolu müəyyən edilmiş, Heydər Əliyevin özünün yenidən qurduğu dövlətimizin sonrakı dövrlərdə hər cür qəsdlərdən qorunması təmin olunmuşdur. Bu gün cənab İlham Əliyevin rəhbərliyi altında əldə olunan tarixi uğurlar, böyük hərbi-siyasi qələbələr, nəticədə 30 illik işğala son qoyulması, regionda diqtə edən gücə çevrilməyimiz də məhz Heydər Əliyev yolunun, strategiyasının yeni, daha müasir mərhələyə yüksəldərək uğurla davamı və realizəsidir.