"İlham Əliyev torpaqların azad olunması üçün əvvəlcə mənəvi, sonra hüquqi baza hazırladı"- EKSPERT-ÖZƏL
29 Sentyabr 2022 14:44 Siyasət"44 günlük Vətən müharibəsi qəfil həyata keçirilmədi. İlham Əliyev təxminən 15 il öncədən hazırlıq görməyə başlamışdı. 2003-cü ildə seçkilərdən sonra Azərbaycanın indiki qədər güclü maliyyə imkanları yox idi. Sonraki illərdə ölkəmizin maliyyə imkanları genişlənməyə başlandı. 2007-2008-ci illərdən etibarən İlham Əliyev ciddi şəkildə ordu quruculuğuna start verdi.
2008-ci ildən etibarən ölkəmizdə NATO standartları səviyyəsində ordu qurulması işlərinə başlanıldı. Prezident Türkiyədən mütəxəssislər dəvət etdi. Türkiyədə təhsil alıb gələn şəxslərdən yararlandı. Nəticədə Azərbaycanın ilk peşəkar ordusu formalaşdı. Söhbət Xüsusi Təyinatlı Qüvvələrdən gedir. Onlar müasir geyim, silahla təchiz edildi. Müdafiə Sənayesi Nazirliyi yaradıldı. İlham Əliyev bu işləri çox ustalıqla həyata keçirdi. 2004-cü ildə Heydər Əliyev Fondu yaradıldı. Fondun xətti ilə ilk öncə ermənilərin bu torpaqlara "gəlmə" olduğunu, torpaqlarımızı, mədəniyyətimizi mənimsədiyi haqqında təbliğat işləri görüldü. Bu barədə elmi-tədqiqat işləri aparıldı, çox sayda kitablar yazıldı, Mehriban Əliyeva xaricdən materialların əldə edilməsi üçün işlər gördü. Cənab prezident İlham Əliyev və Mehriban Əliyeva torpaqların azad olunması üçün əvvəlcə mənəvi sonra hüquqi baza hazırladı. Bunlarla paralel olaraq, ordu quruculuğu, təminatı işləri aparıldı".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.
Azərbaycan 2016-ci ildə 4 günlük "məşq" etdi. Bu tarixi 44 günlük müharibə üçün baş hazırlıq adlandırmaq olar. Bu zaman ərzində düşmənin "gücünü" öyrəndik. Eyni zamanda Azərbaycan nələr etməlidir, səhvlərimiz nələr idi, düşmənin hazırlığı və.s haqqında məlumat topladıq. Dünyaya bəyan etdik ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. İlham Əliyev Ermənistanın sülh istəmədiyini bilirdi. Ancaq, Azərbaycanın məsələni sülh yolu ilə həll etmək istəməsini dünyaya bəyan etdi. Paşinyan baş nazir olduqdan sonra qeyri-peşəkar siyasətçi olmağı hər kəsə məlum idi. Beynəlxalq, ölkəmizdəki çıxışlarında İlham Əliyev Paşinyanı bir növ təxribata çəkdi. Paşinyan isə buna əməl etdi. Azərbaycan bütün hallarda torpaqları azad etmək üçün hazırlıq görürdü. İlham Əliyev çıxışlarında sətiraltı mesajlar verirdi. Guya, Azərbaycan heç vaxt torpaqları müharibə ilə yox, sadəcə sülh yolu ilə əldə edə bilər. Hərbi hazırlıqlarımızın səviyyəsinin onları narahat etməməsi üçün bu addımlar atılırdı. İlham Əliyev bu mənada çox güclü siyasət yürütdü. Hər kəsi arxayın salıb, ciddi işlər görməyə başladı. 14 iyul Tovuz hadisələri fincanı dolduran son damla oldu. Azərbaycana xalqın dövlətin ətrafında sıx birləşməsi lazım idi. Təxribatlar xalqımızı qıcıqlandırmağa, qəzəbləndirməyə başladı. Vəziyyət o həddə çatdı ki, sülhsevər xalqımızın böyük əksəriyyəti məsələnin müharibə yolu ilə həll edilməsini istədi.
Nəticədə 27 Sentyabr tarixi, şanlı tarixin başlanğıcı oldu. Bu müddət ərzində İlham Əliyev xarici ölkələrin 50-dən çox mətbuat orqanlarına müsahibələr verdi. Bir neçə dildə hazırlanan bu müsahibələr Azərbaycan həqiqətlərini işıq üzünə çıxardı. İkinci Qarabağ müharibəsinin siyasi dizayneri İlham Əliyevdir. Bu, danılmaz faktdır. Ali Baş Komandan kimi ordunu hazırladı, heç bir səhvə yol vermədi. Hər bir Azərbaycan vətəndaşı artıq qalib xalqın nümayəndəsidir. Təbii ki, bu İlham Əliyevin ağllı, uzaqgörən siyasətinin nəticəsidir.