İndiki vəziyyətdə milli birlik və həmrəyliyi daha da möhkəmləndirmək lazımdır - ÖZƏL
29 Sentyabr 2022 14:06 Siyasət"İndiki vəziyyətdə nəinki ölkədə gərginlik yaradıb ictimai-siyasi sabitliyi pozmaq lazımdır, əksinə milli birlik və həmrəyliyi daha da möhkəmləndirmək şərtdir". Bu fikirləri "OLAYLAR"-a Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov sentyabrın 30-da Milli Məclisin qarşısında keçirilməsi nəzərdə tutulan icazəsiz aksiyaya münasibət bildirərkən səsləndirib. AVP rəsmisi deyib ki, nəyəsə etiraz etmək, sərbəst toplaşmaq hər bir vətəndaşın hüququ olsa da, lakin bu müvafiq hüquq-mühafizə orqanları ilə razılaşdırılmış şəkildə həyata keçirilməlidir.
Arzuman Abdulkərimov hesab edir ki, paytaxtda icazəsiz aksiya keçirilməsi tapşırığı Azərbaycanı istəməyən qüvvələr tərəfindən gəlib və bu yolla ölkəmizi sarsıltmağa, onu zəiflətməyə, Azərbaycanda gərginlik yaratmağa çalışırlar: "Ancaq hesab edirəm ki, buna nail ola bilməyəcəklər. Çünki hazırkı situasiyada belə bir aksiyanın keçirilməsi üçün heç bir sosial sifariş yoxdur. Həmçinin, Azərbaycan cəmiyyəti ölkədə sabitlik, inkişaf tərəfdarıdır".
AVP rəsmisi hesab edir ki, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, regionda yeni reallıqlar yaratması, 12-13 sentyabrda baş verən erməni təxribatlarına qarşı həyata keçirilən uğurlu əməliyyat nəticəsində bir neçə strateji yüksəklikləri ələ keçirməsi Cənubi Qafqazda maraqları olan antiAzərbaycan dairələri, eyni zamanda erməni sevgisi olan dövlətləri ciddi narahat etməyə başlayıb: "Onlar da buradakı əlaltıları vasitəsilə ölkədə ictimai-siyasi sabitliyi pozmağa çalışırlar".