44 günlük Vətən müharibəsi şanlı tariximizdir
29 Sentyabr 2022 12:22 Siyasətİlham Əliyev: "Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu"
Bəşəriyyət tarix boyu adı qələbə ilə simvollaşan müxtəlif xalqların zəfər salnaməsinin yaranmasına şahidlik edib. Xüsusilə də, vətənin bütövlüyünü, dövlətin siyasi ləyaqətini qorumaq üçün milli mübarizəyə qalxan bir sıra xalqlar tarix yazmaq və tarixə yazılmaq şərəfinə nail olublar. Güclü lideri, sarsılmaz milli birliyi olan və qüdrətli dövlətə malik xalqların haqq mübarizəsini qalibiyyətə çevirməsi çoxəsrlik dünya tarixinin siyasi səhifələrini bəzəyib. Fərəh və məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, öz adını bəşəriyyətin tarixi yaddaşına mütərəqqi, sivil dəyərləri mənimsəmiş humanist, şərəfli və ləyaqətli xalq kimi yazdırmış Azərbaycan xalqı da Zəfər salnaməsi yaradaraq öz qüdrətini və qətiyyətini bütün dünyaya nümayiş etdirib. 2020-ci ildə xalq-lider birliyinin və milli həmrəyliyin sayəsində mürəkkəb beynəlxalq münasibətlər şəraitində ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycan dövləti xalqımızın çoxəsrlik tarixinin bənzərsiz qələbə dastanını yazıb. Belə ki, 2020-ci ilin sentyabrın 27-də Ermənistanın davam edən təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Düşmənin o vaxt bir neçə ay əvvəl törətdiyi Tovuz təxribatı bu əks-hücuma zəmin yaratmışdı. Savaşın ilk günündən etibarən Azərbaycan Silahlı Qüvvələri üstünlüyü ələ aldı. Yaşayış məntəqələrini ard-arda azad etdik, qarşı tərəf həm şəxsi heyət, həm də texnika baxımdan ciddi itkilərə məruz qaldı. Cəmi 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa edə bildi. Artıq bu şanlı tarixdən iki il ötür. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev zəfər tariximizin ikinci il dönümündə işğaldan azad edilmiş ərazilərimizə səfər edərək bur sıra vacib mesajlar verdi. Dövlət başçısı Füzuli rayonunda çıxışında qeyd etdi ki, 27 sentyabr Azərbaycanda Anım Günüdür. Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik: "44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. İşğaldan azad olunmuş torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarır. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik".
Etiraf edilməlidir ki, şanlı qələbəmizin memarı olan Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara mütəmadi səfərləri müstəsna əhəmiyyət daşıyır. Əslində bu səfərlər tarixi-siyasi hadisə kimi yaddaşlara hopur. Başqa sözlə, belə səfərlər qalib dövlətin liderinin təntənəli və möhtəşəm Zəfər yürüşüdür. Sirr deyil ki, milli həmrəylik, ordu-xalq birliyi qələbəmizin əsasını təşkil edirdi. Ordumuz xalqın birliyindən mənəvi güc alır, yeni-yeni qələbələrə imza atırdı. Təsadüfi deyil ki, dövlət başçısı qeyd edib ki, Azərbaycan əsgər və zabitləri öz canını fəda edirdi ki, xalq ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və öz torpaqlarına qayıtsın: "Füzuli istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı".
Bəli, Ali Baş Komandanın rəhbərliyi altında əldə edilən Zəfər qələbəsi Ermənilərin hərbi-siyasi mifologiyası döyüş meydanında darmadağın edildi. Belə ki, dövlət başçısının biləvasitə nəzarətində olan hərbi-siyasi, informasiya müharibəsi nəticəsində ermənilərin siyasi mifologiyası məhv edildi. Hansı ki, Birinci Qarabağ müharibəsindən sonra 30 il ərzində erməni təbliğat maşını "Ermənistan ordusunun məğlubedilməzliyi", "erməni əsgərlərin cəsarəti" barədə çoxsaylı materiallar yayır, özlərini "qəhrəman" obrazında təqdim edirdilər. Lakin müzəffər Ali Baş Komandanın yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində məğlubiyyətə düçar olan erməni əsgərlərinin qorxaq siması və fərariliyi dünyaya agah oldu.
Nurlan