İran Azərbaycanı dünya siyasətindən təcrid etməyə çalışır EKSPERT-ÖZƏL

"İran və Fransanın Azərbaycana qarşı hər bir addımı onların dövlət maraqları baxımından anlaşılandır. Çünki, İran regionda həlledici qüvvəyə çevrilib, Cənubi Qafqaza təsirlərini daha da artırmaq istəyir. Amma, Azərbaycanın hazırki siyasi xətti İranın maraqlarının nəinki qarşısını alır, hətta  zərbə vurur. Bilirik ki, Azərbaycanın ən yaxın ittifaq qurduğu ölkələr ən başda Türkiyə, daha sonra Pakistan və İsrail kimi dövlətlərdir. Hər üç dövlət geosiyasi maraqlarda İranı ciddi təhdid kimi qəbul edir,  nüfuz mübarizəsi aparır. Ona görə də İran düşünür ki, Azərbaycanın regionda gücünün artması həmçinin, sadaladığımız dövlətlərin də bölgədə İrana qarşı "əlinin güclənməsi"  deməkdir. İran bu zaman bütün maraqlarını itirmiş səviyyəyə gəlir. Bir çox ekspertlər də eyni mövqedən çıxış edir. İran Qarabağın işğaldan azad olunmasını istəmirdi. Hazırda da ərazidə münaqişənin var olmasını istəyir. Bilirik ki, Qarabağ qaçaqmalçılıq mərkəzinə çevrilmişdi. İranın da bu prosesdən gəlirləri var idi. Bu gəlirlər kiçik məbləğlər deyildi".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı bildirib.

"Eyni zamanda Azərbaycanın siyasi nüfuzunun artması İranda olan milli problemləri də qabarda bilər. İranın Şimal hissəsi təhlükə kimi qəbul edilir. Azərbaycan gücləndikcə, birləşmə hissi və  türkçülük təfəkkürü oyanacaq. Bu kimi hallar İranı anti-Azərbaycan siyasətini davam etdirməyə vadar edir. Hətta, bacarırsa, Azərbaycanı dünya siyasətindən təcrid etməyə çalışır.

Fransanın bölgədəki məqsədləri bəllidir. Fransa 200 ildir ki, erməni havadarlığı edir. Bunun əsas səbəbi anti-türk siyasətidir. Fransızlar  dünya siyasətində aparıcı rola sahib olmaq üçün İstanbula nəzarət etməlidir. Azərbaycanın bölgədə aktivliyi Türkiyə-Azərbaycan müttəfiqliyi altında həyata keçirməsi, İranda və Fransada qıcıq yaradır. Bölgədə türk  faktoru aktivləşir. Çalışırlar ki, ermənilərin əli ilə və ya başqa bir vasitə ilə ilk öncə Azərbaycanı inkişafdan geri salsınlar. Cənubi Qafqazda Qərbin maraqlarına uyğun olaraq sürən 30 illik "sabitlik"  yenidən bərqərar olsun. Bütün bunları nəzərdən keçirdikdə bəlli olur ki, hər iki dövlətin  anti-Azərbaycan siyasəti tək Cənubi Qafqazla yekunlaşmır. Ortada bir tərəfi Çindən başlayıb, İngiltərədə bitən "İpək Yolu" layihəsi var. Əgər bu baş tutarsa, dünyanın güc mərkəzləri də dəyişəcək. Hətta, Çin Amerikaya qarşı effektiv bir nəticə əldə edəcək. Fransa İngiltərənin də siyasi olaraq güclənməsini istəmir. Min illərdir Fransa və İngiltərə arasında fərqli dövlətlər adından çəkişmələr gedir. Fransa yenidən məğlub olmamaq üçün bu cür layihələrin qarşısını almağa çalışır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31