Media Reyestri mətbuat sahəsində nizam yaradacaq - ÖZƏL

Media subyektləri və jurnalistlər güzəşt və imtiyazlardan yararlana biləcəklər

Dövlət başçısı tərəfindən Media Reyestrinin aparılması qaydaları müəyyənləşib. Maraqlıdır, yeni qaydalar mətbuatın inkişafına hansı töhfəsini verəcək? Ümumiyyətlə bu yeniliyi necə dəyərləndirmək olar? İlkin məlumata görə, Media Reyestri media subyektlərinin statistikası ilə bağlı bugünədək mövcud olan qeyri-müəyyənlikləri aradan qaldıracaq. Media Reyestrinin yaradılması ilə ölkənin media tarixində ilk dəfə olaraq mərkəzləşmiş elektron informasiya bazası formalaşdırılacaq. İstər onlayn, çap və audiovizual media subyektləri, istərsə də informasiya agentlikləri, həmçinin onların redaksiyaları ilə bağlı məlumatlar Reyestrə daxil ediləcək. Reyestr media subyektlərinin statistikası ilə bağlı bugünədək mövcud olan qeyri-müəyyənlikləri aradan qaldırmaqla yanaşı, jurnalistlərin informasiya təminatının yaxşılaşdırılması və media subyektlərinin sağlam rəqabət mühitində fəaliyyət göstərməsinə xidmət edəcək. Belə ki, Reyestr medianın inkişafına yönəlmiş strateji layihələrin həyata keçirilməsinin hüquqi və iqtisadi əsaslarının formalaşdırılmasına şərait yaradacaq.

"Həftə içi" qəzetinin redaktoru Azad Əliyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Media Reyestrinin aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında Fərman media islahatları sahəsində yeni mərhələnin başlanğıcı hesab oluna bilər: "Əgər biz fikir versək görərik ki, Media Reyestrində qeydiyyat tamamilə könüllülük prinsipi əsasında aparılır. Yəni burada məcburiyyət amili yoxdur. Media sahəsində jurnalist kimi fəaliyyət göstərən istənilən şəxs yenə də jurnalist kimi öz fəaliyyətini davam etdirməkdə tam sərbəstdir. Fərman bu fəaliyyətə heç bir məhdudiyyət gətirmir. Lakin unutmamalıyıq ki, jurnalist fəaliyyətinin ən başlıca prinsipi mediada peşə etikası qaydalarına riayətdir. Reyestrdə qeydiyyatdan imtinanın əsas səbəblərindən biri məhz jurnalist adı altında peşə etikasını pozanların, fəaliyyətlərində bu kimi neqativ hal aşkar edilənlərin əməllərinin məhdudlaşdırılması və aradan qaldırılmasıdır. Fikrimcə, əgər jurnalist fəaliyyəti dövründə peşə etikası qaydalarına riayət edirsə, onun reyestrdə qeydiyyat üçün müraciət etməməsinə səbəb qalmır". Onun sözlərinə görə,  indi ən çox müzakirə edilən məsələlərdən biri jurnalistika sahəsində fəaliyyət göstərən, lakin ali təhsili olmayan, habelə ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslərlə bağlı müddəadır: "Unutmamalıyıq ki, medianın əsas funksiyası və vəzifəsi məlumatlandırma, təbliğat və maarifləndirmədir. Belə olan halda yuxarıda sadalanan kriteriyalara cavab verməyən media təmsilçilərinin əsas vəzifələrini nə dərəcədə peşəkarcasına həyata keçirdiyi də müəyyən suallar doğurur. Təbii ki, müəyyən istisnalar mövcuddur. Bu səbəbdən, media həm də dövlət təhlükəsizliyinin ayrılmaz tərkib hissəsi olduğu üçün yanıldıcı, təhlükəsizliyə təhdid yarada biləcək və jurnalistin qeyri-peşəkarlığından qaynaqlanma ehtimalı olan təhdidlərin aradan qaldırılması üçün bu kriteriyaların tətbiqini də zəruri hesab edirəm.       Media Reyestrinin yaradılması məqsədlərini araşdırsaq əminliklə söyləyə bilərik ki, Media Reyestri media sahəsində nizam yaratmaq, media subyektlərinin və jurnalistlərinin fəaliyyətinin düzgün təşkili və onlara mümkün imkanların yaradılmasını təmin etmək üçün yaradılır. Media Reyestrinə daxil edilmiş jurnalistlərə jurnalist vəsiqəsinin təqdim olunması onların daha rahat fəaliyyətinə imkan yaradacaq, media subyektləri və jurnalistlərin hüquqlarının daha yüksək səviyyədə müdafiəsini təmin edəcək. Reyestrə daxil edilmiş media subyektləri və jurnalistlər müxtəlif xarakterli güzəşt və imtiyazlardan yararlana biləcəklər. Media Reyestri jurnalistlərin akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsini təmin edəcək". A.Əliyev qeyd edib ki, bu gün mediada ən çox şikayət etdiyimiz məqamlardan biri sorğularımıza, qaldırdığımız məsələlərə operativ reaksiya verilməməsi, informasiya əldə etmək istiqamətində müəyyən çətinliklərlə üzləşdiyimizlə bağlıdır: "Göründüyü kimi, artıq Reyestr bu sahədə də jurnalistlər qarşısında yeni imkanlar açır. Belə demək mümkündürsə, medianın son illərdə cəmiyyətdə aşağı düşən nüfuzu və statusu yenidən özünə qaytarılır. Jurnalistlərin və media subyektlərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçiriləcək proqramlardan, veriləcək qərarlardan yararlanmaq imkanı, medianın daha müstəqil və peşəkar səviyyədə keyfiyyətli xəbər istehsalına zəmin yaradır. Unutmamalıyıq ki, hər bir sahə hüquqi qaydalar və qanunlarla tənzimlənir. Son illərdə istər ölkəmizdə, istərsə də dünyada informasiya texnologiyalarının çox sürətli inkişafı mediada özünü daha çox büruzə verir. Sosial şəbəkələr, internet platformasının yaratdığı imkanlardan sui-istifadə edərək media adına ləkə gətirənlərin sayı drmadan artır. Bu mənfi tendensiyanın hüquqi çərçivədə nizamlanması artıq zərurətdir. Bunu heç bir peşəkar jurnalist inkar edə bilməz. Media Reyestrinin yaradılmasına da bu prizmadan yanaşmaq məncə daha doğrudur".

"Bakivaxti.az" saytına baş redaktoru Qalib İbrahimoğlu bildirib ki, Azərbaycanda media subyektlərinin fəaliyyətinə icazə verilməsi praktikasına son qoyulandan sonra bu sahədə vəziyyət o qədər də ürəkaçan olmadı. Bu proses əlində qələm tutan çoxlarının özünə jurnalist deyib meydan sulamağına imkan, "reket jurnalistika"nın "çiçəklənməsi"nə şərait yaratdı. Düzdür, zaman-zaman bu problemlə mübarizə aparılır, amma məsələni birdəfəlik çözmək hələ də mümkün olmayıb: "Media Reyestri jurnalistikada  həm də bu problemin həllinə kömək edəcək. Artıq ölkədə media subyektləri Media Reyestrində qeydiyyata alınacaq. Media subyektlərinin qeydiyyata alınması bildiriş xarakterlidir və beynəlxalq təcrübədə tətbiq olunur. Reyestrdə jurnalistlərin qeydiyyatı məcburi deyil, orada olub-olmamaqla bağlı qərarı jurnalistin özü verəcək. Yəni, Media Reyestrində həm media subyektləri, həm də könüllülük əsasında jurnalistlər qeydiyyata alına bilərlər. Belə ki, jurnalist özü bəyan edəcəyi təqdirdə reyestrdə qeydə alınacaq və onlara müvafiq vəsiqə veriləcək. Yeri gəlmişkən, qeyd edim ki, bu, vahid jurnalist vəsiqəsi deyil. Bu vəsiqə jurnalisitn Media Reyestrində olduğunu təsdiq edən  sənəddir. Bu vəsiqə redaksiyaların öz əməkdaşlarına verdiyi jurnalist vəsiqəsini heç də inkar etmir. Bundan başqa, Media Reyestri jurnalistlər və media subyektləri ilə bağlı statistikanı dəqiqləşdirəcək. Reyestr ölkədə peşəkar jurnalistlərin sayını, kəmiyyətini müəyyənləşdirəcək. Əksəriyyətinin düşündüyündən fərqli olaraq, peşəkar qələm sahibləri şərtlərə uyğun ola¬raq Reyestrə düşə biləcəklər". Onun bildirdiyinə görə,  Azərbaycan mediasında sistemli yanaşmanın tətbiqi zəruridir və Media Reyestri də bunu nəzərdə tutur: "Bəlkə də əksəriyyəti "Reyestr jurnalistə nə verəcək" sualı daha çox maraqlandırır. Reyestrə düşən jurnalistlər üçün müəyyən sosial güzəştlərin tətbiqi gözlənilir. Bu jurnalistlərin sosial güzəştlərdən istifadə edə bilməsinə imkan yaradacaq. Media Reyestri həm də sosial media iştirakçıları ilə peşəkar jurnalistlərin sərhədlərini  müəyyən edəcək.. Belə olan təqdirdə reyestrə daxil olmaq üçün də müəyyən tələblərin qoyulması da təbii qarşılanmalıdır. Bu tələblər isə şəxsin jurnalistika ilə məşğul olmasına heç bir sərhəd çəkmir, bu, reyestrə düşmək üçün qoyulan tələbdir. Məsələn, ali təhsili olmayan biri jurnalistikayla məşğul ola bilər, amma onun Media Reyestrində təmsilçiliyi mümkün olmayacaq. Media Reyestri media sektorunda saflaşmaya, peşəkar jurnalistikanın sərhədlərinin daha dəqiq müəyyənləşməsinə öz töhfəsini verəcək".

Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu bildirib ki, media subyektlərinin, jurnalistlərin reyestrə daxil olması mütərəqqi bir haldır: "Bununla mətbuatda bir müəyyənlik yaranır ki, ölkədə saytlar hansılardılar, necə fəaliyyət göstərirlər, jurnalistlər kimdir. Bu zaman həyata keçiriləcək layihələrdə dəqiq müəyyən olunacaq ki, hansı saytlar, hansı jurnalistlərlə həmin layihələri həyata keçirmək olar: "Jurnalistlərin social rifahının yaxşılaşdırılması ilə bağlı Azərbaycanda çox böyük işlər görülüb. Heç şübhəsiz ki, həmin tədbirlər bundan sonar da davam edəcək. Jurnalistlər sözün həqiqi mənasında zəhmət çəkən təbəqədir. Bəlkə də dünyada ən əziyyətli iş jurnalistikadır. Statistikaya görə, yurnalistlərin ömrü də bir o qədər uzun deyil, çenki bütün günün gərgin iş şəraitində çalışırlar. Dövlət də öz növbəsində bütün sadalananları bilir və daim jurnalistlərin qayğsına qalır. Bu günə kimi o qədər jurnalistlərə güzəştlər olub ki. Konkret olaraq media orqanların nəşriyyata olan borcları bağlanıb, media orqanlarına birdəfəlik yardımlar edilib. Hazırda MEDİA Agentliyi sayt və qəzetlərə layihə şəklində dəstək olur. Bütün bu məsələlər tənzimlənməli, mətbuatla bağlı vahid strategiya həyata keçirilməlidir".  Onun sözlərinə görə, yeni təsdiq edilmiş qaydalara əsasən reystri daxil olmaq könüllülük əsasında həyata keçirilir: "Odur ki, istənilən media subyekti və journalist reyestrə daxil olmaya da bilər: "Amma sosial güzəştlərdən və layihələrdə iştirakdan yaralanmaq üçün mütləq gərək reyestrə daxil olsunlar. Çünki bu zaman qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərmək asan olur".  

Avrasiya.net saytının baş redaktoru Cavid Şahverdiyev hesab edir ki, Media Resterinin yaradılması media sahəsində şəffaflığın təmin olunmasında xüsusi rol oynayacaq: "Media Resterinin yaradılmasını müsbət hal kimi qəbul edirəm. Bu proses bir növ media sahəsində dezgəc rolunu oynayacaq - kimin kim olduğunu müəyyənləşdirəcək. Bu reyestrə daxil olacaq jurnalistlərə vəsiqələrin verilməsi, onlar üçün müəyyən imtiyazların müəyyən edilməsi media sahəsindəki çatışmazlıqları, problemləri daha tez aradan qaldırmağa kömək edəcək. Media Reyestrinin aparılması müəyyən məsələlərinin həllini tapmasında mühüm rol oynayacaq. Media Reyestri media subyektlərinin və media sahəsində işləyən şəxslərin fəaliyyətinin, eyni zamanda, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasına şərait yaradacaq. Reyestr medianın inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılmasına imkan verəcək. Media Reyestrinin işə düşməsi ilə dövlət də, vətəndaş da, cəmiyyət də - hamı ölkədə neçə media subyektinin, o cümlədən jurnalistin olduğunu biləcək. Mediya Reyestrinin aparılmasının qaydalarının müəyyənləşdirilməsi və təqbiqi bütün media subyektləri və jurnalistlər üçün bərabər imkanlar və rəqabət nühiti yaradacaq. Media inkişaf etməklə yanaşı, jurnalistlər də dövlət dəstəklərindən istifadə hüququ əldə edəcəklər. Media Reyestrinin yaradılması həm də peşəkar media qurumları arasında sağlam rəqabət mühiti formalaşdıracaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31