Bu gün Azərbaycan özünün güc mövqeyini daha da möhkəmləndirməkdədir- ÖZƏL
29 Sentyabr 2022 10:52 Siyasət"44 günlük Vətən Müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifəsidir".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
"2020-ci il 27 sentyabr tarixində Ermənistanın növbəti təxribatlarının qarşısını almaqla yanaşı, biz torpaqlarımızın işğaldan azad olunması üçün əks-hücum əməliyyatlarına da başladıq. Həmin dövrə qədər münaqişənin dinc vasitələrlə tənzimlənməsi üçün üzərimizə düşən bütün addımları atdıq. Biz bununla nümayiş etdirdik ki, sülh tərəfdaşı olan regional təhlükəsizliyin məsuliyyətini dərk edən dövlətik. Azərbaycan prezidenti cənab İlham Əliyev dəfələrlə vurğuladı ki, nəticəsiz danışıqları sonsuza qədər davam etdirməyəcəyik, Azərbaycan hərbi yolla öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Lakin Azərbaycanın bu cür yanaşması bir çox hallarda düzgün qiymətləndirilmədi. Hesab edirdilər ki, zamanla Ermənistanın işğalçılıq siyasətinin nəticələrini leqallaşdırmaq mümkün olacaq. ATƏT-in Minsk qrupu, Ermənistana dəstək olan ölkələr aşkar zaman udmağa çalışırdılar. Lakin biz dediyimiz kimi etdik, nümayiş etdirdik ki, hərbi gücümüz torpaqlarımızı işğaldan azad etməyə imkan verir və bütün dünya gördü ki, Azərbaycan həqiqətən də böyük hərbi gücə, iqtisadi potensiala malikdir.
Biz 44 günlük Vətən müharibəsinə qədər hərbi qələbəmizin siyasi elementlərini çox uğurla formalaşdırdıq. Bu istiqamətdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rolunu xüsusi qeyd etmək lazımdır. Məhz onun sayəsində bütün beynəlxalq tribunalardan Ermənistanın işğalçı dövlət obrazı dünyaya tanıdıldı. İstər Davos İqtisadi Forumularında olsun, istər Münhen Təhlükəsizlik Konfranslarında olsun, istər digər platformalarda Azərbaycan Prezidenti İlham Əliyev çox ciddi arqumentləşdirilmiş şəkildə Ermənistanın təcavüzkar işğalçı dövlət olduğunu, danışıqlar prosesində sadəcə olaraq imitasiyalar ilə məşğul olduğunu dünyanın diqqətinə çatdırdı. Keçmiş münaqişə vəziyyətində Azərbaycanın haqlı mövqelərini dünyaya sübut etdi, qəbul etdirdi. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin yorulmaz fəaliyyəti, uğurlu diplomatik gedişləri sayəsində qlobal miqyasda belə bir fikir formalaşdı ki, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Bu bizim yekun diplomatik qələbəmiz oldu. Yəni bütün mövcud olan yanaşmalar, baxışlar məhz İlham Əliyevin sayəsində dəyişdirildi. Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən münaqişənin aradan qaldırılması qeyri-mümkündür. Bunu İlham Əliyev etdi, bu yanaşmanı o formalaşdırdı və bundan başqa bir yolun olmadığını da dünyaya qəbul etdirdi. Azərbaycan prezidenti hər yerdə qeyd edirdi ki, Azərbaycan bir qarış da olsun torpaqlarından imtina etməyəcək, danışıqlar nəticə verməsə, biz hərbi yolla torpaqlarımızı işğaldan azad edəcəyik. Həqiqətən də o cür də etdik. Danışıqlar nəticə vermədi, Ermənistan təxribatlarını davam etdirdi, hətta intensivləşdirdi, Azərbaycan isə bu təxribatların qarşısını almaqla yanaşı əks-hücum əməliyyatlarını da həyata keçirdi, torpaqlarımızı qısa zaMan kəsiyində işğaldan azad etdi.
27 sentyabr 2020-ci il tarixinə qədər məhz Azərbaycan prezidentinin fəaliyyətinin əsas istiqamətlərindən birini milli ordunun gücləndirilməsi təşkil edirdi. Ən müasir tələblərə cavab verən maddi-texniki təchizatın həyata keçirilməsi ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əsas diqqət mərkəzində idi. Çünki o, çox böyük uzaqgörənliklə müəyyənləşdirmişdi ki, danışıqlar nəticə verməyəcək, biz torpaqlarımızı hərbi yolla işğaldan azad etməli olacağıq. Ona görə də Azərbaycan ordusunu ən güclü ordular sırasına qaldırdı və dünyanın aparıcı reytinq cədvəllərinin məlumatına görə, Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında bərqərar oldu. Ermənistan ordusu Azərbaycan ordusundan bütün parametrlər üzrə çox-çox geridə qalırdı.
Təbii ki, 44 günlük Vətən Müharibəsində hərbi qələbəmizin siyasi elementlərini formalaşdırdıqdan sonra, artıq biz Ermənistanın təxribatlarının qarşısını almaqla yanaşı əks-hücum əməliyyatlarını da həyata keçirib, 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdik. Artıq müharibənin 3-4-cü günü haqqında miflər uydurulmuş işğalçı Ermənistan ordusunun 25-30%-i Azərbaycan ordusu tərəfindən məhv edilmişdi. Göründüyü kimi Azərbaycan Prezidenti qələbə gününə hər tərəfli hazırlaşmışdır. Həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən ordumuz ən müasir tələblərə cavab verəcək səviyyəyə qədər gücləndirildi. İqtisadi potensialımız davamlı olaraq uğurlu iqtisadi-siyasət, iqtisadi layihələrin həyata keçirilməsi nəticəsində gücləndirildi. Bir qayda olaraq müharibə aparan ölkədə sosial-iqtisadi vəziyyətdə gərginlik hiss olunur. Amma müharibə dövründə Azərbaycanda heç bir gərginlik hiss olunmadı. Azərbaycan cəmiyyəti də Prezidentə, Ali Baş Komandana hər tərəfli dəstək nümayiş etdirdi. Azərbaycan tarixinin ən şanlı səhifəsini həm də o müəyyənləşdirdi ki, Azərbaycan əhalisi bir nəfərədək hamı yekdilliklə ölkə prezidentini dəstəklədi, hamı həmrəy oldu, torpaqlarımızın işğaldan azad olunması üçün hamı hərbiyə getməyə, döyüşməyə hazır olduğunu nümayiş etdirdi. Eyni zamanda, Azərbaycan ordusunda yüksək döyüş ruhu, vətənə bağlılıq, patriotizm hissləri Azərbaycana qısa zamanda şanlı qələbə qazanmağa imkan verdi. Bu baxımdan hesab edirəm ki, Azərbaycan prezidentinin uzaqgörən addımları, strateji baxışları, eyni zamanda, Azərbaycan əsgərinin vətən sevgisi, vətəninə, xalqına dərin bağlılığı torpaqlarımızı işğaldan azad etməyə imkan verdi. Ötən 2 il müddətində də Azərbaycan yenə də ard-arda istər siyasi, istər hərbi qələbələrini təmin etdi.
Bu gün Azərbaycan özünün güc mövqeyini daha da möhkəmləndirməkdədir. Biz ölkə prezidentinin də qeyd etdiyi kimi, bütün sərhəd boyu strateji yüksəkliklərə nəzarətimizi təmin etmişik. Bu Ermənistanın istənilən təxribatlarının qarşısını almağa imkan verir və Ermənistanı daimi olaraq məğlub, zəif durumda saxlamağı şərtləndirəcəkdir. Çünki biz Ermənistanı yaxşı tanıyırıq, təxribatlarından qalmayacaq, Azərbaycana əsassız ərazi iddialarından əl çəkməyəcək. Ona görə də ölkə prezidenti çox böyük uzaqgörənliklə bu gün onillər, yüzillər sonranın məsələsini həll etməkdədir, erməni problemini birdəfəlik aradan qaldırmaq istiqamətində addımlar atmaqdadır. Hesab edirəm ki, 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəmiz bizə bundan sonra daimi olaraq təhlükəsizlik şəraitində yaşamağa və düşmənin bir daha baş qaldırmasına icazə verməməyə imkan verəcək".
Röyalə Xəyal