Azərbaycanın vətənpərvər gəncləri 44 günlük müharibədə tarix yazdı - ÖZƏL
28 Sentyabr 2022 12:46 Siyasət"44 günlük Vətən müharibəsində tarixi zəfərə imza atmağımız güclü ordu, qətiyyətli Ali Baş Komandan və mübariz xalqın birgə vəhdətindən irəli gəlirdi. Məhz bu üç amilin bir yerdə olması, dəmir yumruğu bir nöqtəyə vurması bizə qələbəni yaşatdı". Bu fikirləri "OLAYLAR"-a Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, 44 günlük Vətən müharibəsində qələbəmizi şərtləndirən digər əsas məsələ ötən illər ərzində güclü ordu formalaşdırmağımız və vətənpərvər gənc yetişdirməyimiz oldu: "Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev uzun illər problemin dinc yolla həllinə nail olmaq üçün bütün diplomatik vasitələrdən istifadə etməklə yanaşı, hər an müharibənin baş verə biləcəyi reallığını da nəzərdən qaçırmır və buna uyğun olaraq Azərbaycan Ordusunun maddi-texniki bazası gücləndirilirdi. Silahlı Qüvvələrimizə dövlət başçısı tərəfindən göstərilən yüksək diqqət və qayğı, ordumuzun müasir silahlarla təchiz edilməsi İkinci Qarabağ müharibəsində tarixi zəfər qazanmağımıza birbaşa təsir göstərən amillərdən idi".
Emin Həsənli onu da qeyd edib ki, ölkədə uğurla həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycanda çox güclü vətənpərvər gənclər ordusunun formalaşmasına da yol açmışdı ki, həmin gənclik də 44 günlük Vətən müharibəsində öz sözünü dedi, tarix yazdı.