27 SENTYABR - DİRİLİŞ GÜNÜMÜZ - FOTO

2020-ci il sentyabrın 24-dü idi. BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edən Azərbacan Prezidenti İlham Əliyev o mötəbər kürsüdən beynəlxalq ictimaiyyətə xəbərdarlıq etdi: "Ermənistan rəhbərliyinin düşmən, azərbaycanofob bəyanatları və təxribatları Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzə hazırlaşdığını nümayiş etdirir. Bu xəbərdarlıqdan 3 gün sonra - sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Elə həmin gün hərbi qulluqçularla yanaşı, 11 dinc sakin, o cümlədən 2 uşaq həlak oldu. Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində bütün cəbhəboyu Ermənistana qarşı əks-hücuma keçdi.
   Bununla da 200 illik tariximizin dönüş nöqtəsi başladı. 10 miyonluq xalq körpəsindən yaşlısına Güclü Orduya çevrildi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuz işğal altında olan ərazilərimizin azad olunması üçün geniş hərbi əməliyyatlara başladı. Oğullarımız gülərək, oynayaraq, sevinərək, rəqs edərək Zəfər yürüşümüzə yol aldılar, haqq savaşına qalxdılar. Arxada isə uca millətimiz birlik nümayiş etdirir, əzm və iradə göstərirdi. Nə qədər xarakterli xalq olduğumuza dünya heyran qaldı. Səfərbərlikdən qaçaraq sərhədləri aşıb qonşu xalqlara sığınmadıq, meydanlarda səfərbərlik tələb edib, yuxarıda qeyd etdiyim kimi, rəqs edə-edə ölümə, müharibəyə getdik. Vətənimizin müstəqilliyi, torpaq¬larımızın azadlığı uğrunda ölümü gözə alan mərd oğullarımız müqəddəs amalımız uğrunda şəhid¬lik zirvəsinə  ucalaraq qəhrəmanlıq tariximizin yeni səhifəsini yazdılar. 
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış və şanlı hərb tariximizin ən şərəfli səhfəsi olan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın sərkərdəlik qabiliyyəti, rəşadətli ordumuzun gücü hər kəsə aydın oldu. Azərbaycanın Respublikasının Prezidenti cənab İlham Əliyevin "Qarabağ Azərbaycandır!" şüarı altında "Dəmir yumruq" kimi birləşən xalqımız düşməni diz çökdürərək darmadağın etdi, ərazi bütövlüyümüz təmin olundu, 30 illik yurd həsrətinə, Qarabağ nisgilinə son qoyuldu.
Şanlı tariximizin ikinci ilidir ki, hər il sentyabrın 27-də hamımızın ünvanımız bir olur. Hər birimiz əllərimizdə gül-çiçək dəstələri ilə Şəhid xiyabanlarına yollanırıq. Heç bir zaman haqqını ödəyə bilməyəcəyimiz şəhidlərimizi yad etməyə toplaşırıq.
 Bəli, sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Müzəffər Ali baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən təsis edilən 27 sentyabr Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Bu tarixi gün ölkəmizin hər bölgəsində hüznlə, eyni zamanda qürurla yad edilir, Vətən müharibəsində 67 şəhid vermiş doğma Yevlaxımızda da.
Sentyabrın 27-də Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev və ictimaiyyətin nümayəndələri, şəhid ailələri, qazilər səhər tezdən Şəhidlər xiyabanına toplaşdı. Şəhidlərimizi gül-çiçək dəstələri ilə anıb, müqəddəs məkanlarını ziyarət etdi, ardından ağacəkmə aksiyası keçirildi. Anım tədbiri Bəşir Səfəroğlu adına Xalq Teatrında davam etdirildi. Yevlax Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları Anım Gününə həsr edilmiş ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.
Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. 
Sonra "Təbiət" sarayında şəhidlərin əziz xatirəsinə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş ehsan süfrəsi açıldı. Əvvəlcə ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dqiqəlik sükutla yad edildi. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev çıxış edərək, Müzəffər Ali baş Komandanın sərkərdəlik gücündən və onun rəhbərliyi altında qazandığımız tarixi Zəfərdən danışdı. Şəhidlərin xatirəsinə həsr olunmuş film nümayiş etdirildi. Mərasimdə Seyid Yusif Ağa ziyarətgahının rəhbəri seyid Səbuhi Yusifov və Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov, şəhid atası Fərman Kazımov və başqaları çıxış edərək, şəhidliyin Allah qatında ən uca zirvə olduğunu qeyd edərək, şəhidlərimizin müqəddəs ruhuna rəhmət diləyib, xalqımıza, şəhid ailələrinə səbr dilədilər. Şəhid ailələri və qazilər də söz alaraq onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bilıdirdilr.    

Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31