Qazaxıstan və Azərbaycan əməkdaşlığının çox böyük perspektivləri var

"Qazaxıstan prezidenti Qasım-Comərd Tokayevin Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edir. Çünki Qazaxıstan və Azərbaycan arasında ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar sahədə əməkdaşlıq dərin məzmun daşıyır və bu əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı üçün münbit zəmin vardır".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
"Hər iki dövlət türk dövlətləri konsepsiyasının fəal iştirakçılarıdır. Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıq, həm də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında bağlantı rolunu oynayır.
Qazaxıstan Azərbaycana böyük maraq göstərir. Çünki Azərbaycan vasitəsilə qərbə çıxış imkanının həyata keçirilməsi planları proqnozlaşdırılır. Zəngəzur dəhlizi bunun böyük tərkib hissəsidir. Ümumilikdə şərq və qərb arasında bağlantının həyata keçirilməsi bu gün strateqləri dərindən düşünür. Bu həm karbohidrogen ehtiyatların nəqli, həm də nəqliyyat yük daşımaları sahəsini əhatə edir.
Düşünürəm ki, Zəngəzur dəhlizi bütün türk dünyası üçün bir avantaj, üstünlükdür və bu üstünlükdən həm də türk dövlətləri geniş şəkildə istifadə etməlidir. 
Xüsusilə qeyd etmək istəyirəm ki, Vətən müharibəsinin nəticələri və Azərbaycanın qazandığı qələbə bütün türk dünyasına siraət etmişdir və türk dünyasını ilhamlandırmışdır. Cənab Prezident İlham Əliyevin bu yaxınlarda Özbəkistana səfəri və səfər zamanı qarşılanma mərasimi də onu göstərdi ki, türk dövlətləri Azərbaycanın qələbəsindən ilhamlanıblar və bu qələbə onları da ürəkdən sevindirir. Qazaxıstan da istisna deyil. Azərbaycan hər zaman Qazaxıstanda ictimai-siyasi sabitliyin qorunmasının tərəfdarı kimi çıxış etmişdir və türk dövlətləri arasında inteqrasiyada Azərbaycan aparıcı rola malikdir. Əsas lokomotiv Azərbaycan və Türkiyə olmaqla, türk dövlətlərinin inkişaf etdirilməsi, xalqların rifahının təmin olunması bu gün strateji prioritetdir və bu sahədə ticari-iqtisadi intensivliyin stimullaşdırılması əsas hədəf kimi götürülür. 
Böyük bazarlara çıxışın əldə olunması və bu sahədə işin icrası siyasi gündəlikdədir. Qasım-Comərd Tokayev də mahir diplomat və böyük diplomatik keçmişi olan siyasi şəxsiyyət kimi geosiyasi amilləri çox yaxşı bilir. Lakin düşünürəm ki, Qazaxıstan və Azərbaycan liderlərinin apardığı siyasət böyük bir coğrafiyada sülhün, təhlükəsizliyin və sabitliyin daha möhkəm zəmində qorunmasına xidmət edəcəkdir".


Politoloq, siyasətçi Aydın Quliyevin də sözlərinə görə, Qazaxıstan ilə Azərbaycanın əməkdaşlığının çox böyük perspektivləri var:
"Bu münasibətlərin çox dərinə gedən kökləri və bazası mövcuddur. Hər iki ölkə müstəqillik əldə etdikdən indiyə qədər, Nursultan Nazarbayevin və Heydər Əliyevin dövründən münasibətlər yüksək səviyyədə idi, yaxşı baza yaradılmışdı və bu gün də həmin bazanın üstündə yeni perspektivlər aşmaq üçün gözəl imkanlar var.
Çox yaxşı haldır ki, Qazaxıstanın yeni prezidenti iki ölkənin əməkdaşlığının daha da dərinləşdirilməsi üçün açılmaqda olan bu şanslara və perspektivlərə lazımi dəyəri verib. Azərbaycan öz tərəfindən həmişə anlaşıqlı yanaşıb və açılan imkanlara həssas münasibət göstərib. Qazaxıstanın yeni rəhbərliyinin dövründə Azərbaycan ilə əməkdaşlığın yeni perspektivlərinə start verilməsi, hər şeydən öncə ona görə önəmlidir ki, bu vəziyyət Qazaxıstanda hakimiyyətin dəyişməsindən sonra Ermənistan mediasının və siyasi dairələrinin özünəməxsus sevincini yarımçıq qoydu. O mənada ki, Ermənistanda açıq şəkildə sevinirdilər və bunu yazırdılar ki, Nursultan Nazarbayevin siyasi səhnədən çıxmasından sonra Qazaxıstan-Azərbaycan münasibətlərində fasilə yaranacaq. Onların nöqteyi nəzərinə görə Qasım-Comərd Tokayev Azərbaycan ilə əməkdaşlığın inkişafındakı dinamizmə guya əvvəlki prezidentdən fərqli bir münasibət göstərəcək. Onlar müəyyən qədər Tokayevi ümumtürk inteqrasiyasında maraqlı olmayan şəxs kimi görürdülər. Hətta Ermənistan ilk dövrlərdə Qazaxıstan ilə bir qədər isti münasibətlər qurmağa belə can atırdı. Bu gün Qasım-Comərd Tokayevin Azərbaycan ilə əməkdaşlığa daha üstün və isti münasibət göstərməsi Ermənistan təbliğatının və Ermənistan siyasi dairələrinin dediyimiz nikbinliyinin darmadağın edilməsi kimi də nəzərdən keçirilə bilər. Hətta Ermənistan aylar öncə, 2021-ci ilin dekabrında Qazaxıstanda bəlli məxvəri inqilabın ilkin səhnələri açılanda ora çox böyük həvəslə KTMT qüvvələrinin tərkibində erməni hərbçiləri və əsgərləri də göndərmişdir. Onlar Ermənistanın daha çox KTMT daxilindəki müttəfiqlik borcuna sədaqət yox, ondan daha ötə Qazaxıstanın yeni rəhbərliyinin Azərbaycan ilə münasibətlərdə soyuq davranışına olan hesablamaları ilə bağlı idi. Amma nə yaxşı ki, bu hesablamalar yalnış çıxdı və bu gün Qazaxıstan Azərbaycan ilə münasibətlərin perspektiv inkişafına daha böyük önəm verməyə başlayıb.
Digər tərəfdən Qazaxıstanın Azərbaycan ilə əməkdaşlığının daha da dərinləşməsinin artıq strateji müttəfiqlik kimi mərhələsi açılmağa başlayıb. Biz bunu həm Qazaxıstan ilə Azərbaycanın münasibətlərinin indiyə qədərki bazasına söykənərək deyirik, həm də artıq türk dövlətləri arasında strateji müttəfiqliyin bir mərhələ kimi sürətli şəkildə ortaya çıxdığını görürük. Əvvəlcə qardaş böyük Türkiyə ilə Şuşa Bəyannaməsi çərçivəsində strateji müttəfiqlik əldə edildi, rəsmiləşdi. Ondan sonra Orta Asiyanın başqa türkdilli ölkələri, o cümlədən, Özbəkistan, Qırğızıstan ilə strateji tərəfdaşlıq və müttəfiqlik anlaşmaları imzalandı. Bu gün Qazaxıstan ilə belə bir anlaşmanın iki prezident tərəfindən imzalanması həm Qazaxıstan ilə Azərbaycanın əməkdaşlığının həqiqətən böyük və yeni bir mərhələsinin başlanmasını ifadə edə bilər, həm də ümumtürk inteqrasiyasının və əməkdaşlığının getdikcə yeni keyfiyyət halı almasına dəlalət edir.
Qazaxıstan ilə Azərbaycanın bugünkü imkanları regional Avrasiya miqyaslı logistika layihələrinin çərçivəsini genişləndirməyə imkan verir. Düşünürəm ki, Qazaxıstan prezidentinin də Azərbaycan ilə əməkdaşlığa bu dərəcədə böyük önəm verməsi ondan xəbər verir ki, Qazaxıstanda bu perspektivləri görməyə və dəyərləndirməyə başlayıblar. İki ölkənin logistika sahəsində əməkdaşlığı həm şimal-cənub, həm də şərq-qərb nəqliyyat dəhlizləri boyu logistika imkanlarının daha da genişləndirilməsinə böyük töhfə və təkan verə bilər. Bu nöqteyi-nəzərdən logistika sahəsində imzalanmış anlaşmaların mühüm gələcəyini görürəm. 
Bundan başqa, humanitar-mədəni sahədə əməkdaşlıqlar yeni perspektivlər aça bilər. Çünki iki ölkənin tarixi və dini kökləri oxşardır və humanitar-mədəni əlaqələrin genişləndirilməsi də iki dövlətin yaxınlaşmasında və əməkdaşlığında böyük rol oynayacaq.
Qazaxıstanın bu gün böyük enerji ehtiyatlarının qərb bazarlarına çıxarılmasında Azərbaycanın həlledici imkanlara malik olması da xüsusi bir faktor kimi nəzərdən keçirilməlidir. Çünki Qazaxıstan Azərbaycanla  yaxınlaşmaqla həm bizim ölkəmizin imkanlarından daha yaxşı bəhrələnmək şansı əldə edir, həm də Avropanın enerji təhlükəsizliyinin daha da yaxşılaşdırılmasına təsir göstərir. Eyni zamanda, özünün enerji ixracı siyasətinin şaxələndirilməsi yolunda Azərbaycanın hesabına böyük imkanlara yetişə bilir. Çünki Qazaxıstan neftinin Rusiya ərazisindən Xəzər boru kəmərləri konsorsiumu vasitəsilə nəqli artıq problemlərlə üzləşir. Çünki bu kəmər Rusiyanın ərazisindən keçir və müəyyən hallarda ona problemlər yaranır. Belə şəraitdə artıq Qazaxıstan Trans-Xəzər boru kəməri vasitəsilə Azərbaycan və Gürcüstan üzərindən öz neftinin qərb ölkələrinə nəqli imkanlarını yavaş-yavaş gerçəkləşdirməyə başlayır.
Bir sözlə, Qazaxıstan Azərbaycan əməkdaşlığının indiyə qədərki fundamenti də möhkəm olub və hazırda iki ölkənin rəhbərlərinin imzaladıqları sənədlər Qazaxıstan Azərbaycan münasibətlərinin strateji müttəfiqlik mahiyyəti kəsb etməklə yeni keyfiyyət mərhələsinə çıxdığını göstərir".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31