Rusiya-Ukrayna savaşının başa çatmasına niyə əngəl yaradılır?
26 Avqust 2022 11:30 SiyasətArtıq altıncı ayına qədəm qoyan Rusiya-Ukrayna müharibəsi hələ ki, bitmək bilmir. Düzdür, hələ müharibə başlayan ilk gündən, həmçinin Rusiyanın Ukraynaya hücumundan həftələrlə əvvəl müharibənin meydana çıxmaması üçün cəhdlər göstərildi, gedişlər edildi. Lakin nə Rusiyanın çılğınlığı, nə də Ukraynanın hikkəsi imkan vermədi ki, sülh təşəbbüsləri işə yarasın.
Altı aydır ki, davam edən Rusiya-Ukrayna savaşı təkcə qarşı-qarşıya gələn tərəflər deyil, bütövlükdə dünyaya öz mənfi təsirini göstərdi. Ən başlıca problem olaraq taxıl problemi, bundan doğan aclıq təhlükəsi dünyanı bürüdü. Eyni zamanda Birləşmiş Ştatlar və müttəfiqləri, Avropanın Kiyevə hərbi dəstəyi dünyanı nüvə müharibəsi təhlükəsi ilə üzləşdirdi ki, bu gün də həmin təhlükə qalmaqdadır.
Qlobal miqyasda müşahidə edilən aclıq və nüvə müharibəsi təhlükəsi təbii ki, tərəqqipərvər və sülhsevər ölkələri buna biganə qoya bilməzdi. Bu sırada ilk yeri alan isə təbii ki, qardaş Türkiyədir. Yuxarıda da qeyd etdiyimiz kimi rəsmi Ankara hələ Rusiya-Ukrayna müharibəsi başlamadan həftələr əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həm Kremlı rəhbəri Vladimir Putin, həm də Volodmir Zelenski ilə görüşərək problemi danışıqlar yolu ilə həll etməyə çalışdı. Lakin həmin ərəfədə Türkiyə liderinin təşəbbüsü nəticə vermədi. Nədən ki, altı ay əvvəl Kiyev NATO-ya, Avropa Birliyinı daxil olacağı, hərbi alyansın savaşda Ukraynanın yer alacağına ümid edirdi. O səbəbdən Ankaranın təşəbbüslərinə Kiyevdə isti baxmadılar. Rusiya isə qısa müddət ərzində Ukraynanı məğlub edəcəyini düşünüb sülhdən deyil, müharubədən yana oldu. Ancaq zaman göstərdi ki, həm Rusiya, həm də Ukrayna kifayət qədər yanılıb. Nəticədə isə hər iki tərəf ötən altı ay müddətində kifayət qədər canlı qüvvə və hərbi texnika itkisi verdi. Həm bu, həm də yalnış qərarların nəticəsidir ki, indi həm Moskva, həm də Kiyev əvvəlkindən fərqli olaraq sülhə meyilli görünür. Əks halda Türkiyə liderinin növbəti təşəbbüsü də altı ay əvvəl olduğu kimi nəticəsiz başa çatardı.
Hazırda Ankaranın süıhyaratma təşəbbüsləri və tərəfləri danışıqlar masasında oturtmaq cəhdləri ciddi şəkildə davam edir. Rusiya və Ukraynanın İstanbulda taxıl anlaşması əldə etməsi əslində Türkiyənin sülhyaratma təşəbbüslərindən birinin reallaşması deməkdir. Sözügedən razılaşmanın əldə edildiyi vaxtdan bu günə qədər həyata keçirilən taxıl daşıması qlobal səviyyədə un çatışmamazlığı probleminə öz müsbət təsirini göstərib.
Növbəti mərhələ tərəfləri sülhə yaxınlaşdırmaq, problemi danışıqlar yolu ilə həll etməkdir. Ancaq görünən odur ki, müharibənin başlanğıcında olduğu kimi, hazırda da dünya gücləri, xüsusilə Ukraynanın əli ilə Rusiyanı məhv etməyi düşünən ölkələr Türkiyənin sülhyaratma təşəbbüsünə mane olmağa çalışırlar. Qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT baş katibi Quttereşin Kiyevdə Ukrayna prezidenti Zelenski ilə görüşündən və bu görüşdən sonra Moskva-Kiyev savaşının danışıqlar yolu ilə həllinə nail olunacağı barədə fikirlərin gündəmə gəlməsindən sonra ayrı-ayrı Avropa liderlərinin davamlı Kiyevdə peyda olması, Birləşmiş Ştatlar və müttəfiqləri tərəfindən Ukrayna ordusuna yeni hərbi texnikaların göndərilməsi dünya güclərinin Ukraynada savaşın başa çatmasında maraqsız olduqlarını deməyə əsas verir. Eə həmin yardımlar və Avropa liderlərinin Kiyevə təşrif buyurmalarında sonra Zelenskinin yenidən Rusiyaya meydan oxuması da təsadüfi deyil.
Bütün bunların fonunda Kreml rəhbəri Vladimir Putinə yaxınlığı ilə seçilən və onun əsas ideoloqu kimi tanınan Duqinin qızına qarşı terror aktının həyata keçirilməsi və qısa müddətdə həmin terrorun Ukrayna vətəndaşı tərəfindən törədilməsi "faktı"nən ortaya atılması da məhz Ankaranın Kiyevlə Moskva arasında sülhyaratma təşəbbüsünə əngəl olmaq cəhdlərindən sayıla bilər.
Göründüyü kimi, Ukraynada müharibənin başlaması Birləşmiş Ştatlara, Qərbə nə dərəcədə sərfəli və xeyirli idisə, eləcə də bu müharibənin başa çatması, tərəflərin danışıqlar masası ətrafında əyləşməsi bir o qədər həmin güc mərkəzləri üçün maraqlara ziddir. Ona görə də Ukraynada hələ çox canların alınacağı istisna edilmir.
Füzuli