Azərbaycanla Qazaxıstan arasında əmtəə dövriyyəsinin artırılması üçün böyük potensial var
26 Avqust 2022 11:16 SiyasətAzərbaycan və Qazaxıstan dövlətləri arasında formalaşmış siyasi, iqtisadi, sosial münasibətlər dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Bu iki xalq eyni etnik soy-kökə malik olmaqla yanaşı, həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə ediliblər. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Azərbaycan-Qazaxıstan münasibətləri Sovet İttifaqı dağıldıqdan sonra da yüksələn xətlə inkişaf edib. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrından isə Azərbaycanın Qazaxıstanın Aktau şəhərində konsulluğu fəaliyyət göstərir. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan sənədlər bu dövlətlərin strateji münasibətlərinin daha da inkişaf etməsinə töhvə verir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri və səfər çərçivəsində imzalanan səfərlər dediklərimizin bariz nümunəsi kimi qəbul edilə bilər. Belə ki, səfər çərçivəsində Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalanıb. Bununla da Azərbaycanla Qazaxıstan qarşılıqlı münasibətlərinin strateji müttəfiqlik mərhələsinə qədəm qoyulub. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə iki ölkə arasında əməkdaşlıq sənədləri imzalanıb. Mətbuat üçün açıqlamasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, hədəflədiyimiz bir milyard dollar dəyərində əmtəə dövriyyəsi tamamilə realdır: "Bu gün biz söhbətlər və müzakirələr çərçivəsində əmtəə dövriyyəsinin necə artırılması məsələsinə də toxunduq. Fikrimcə, əsas diqqətin nəqliyyat-logistika sahəsi çərçivəsində məhz qarşılıqlı fəaliyyətimizin prioritet istiqamətləri üzərində cəmləşdirilməsi öz növbəsində daha artıq ixrac-idxal əməliyyatları həyata keçirməyə imkan verəcək". Əmtəə dövriyyəsinin artırılması istiqamətində böyük potensialın olduğunu qeyd edən dövlətimizin başçısı deyib: "Düşünürəm ki, Qazaxıstan Prezidenti bizim hədəflədiyimiz rəqəmi səsləndirdi - 1 milyard dollar dəyərində əmtəə dövriyyəsi. Məncə, hər iki tərəfin qarşılıqlı fəaliyyəti dərinləşdirmək niyyətini nəzərə almaqla, bu, tamamilə realdır". Azərbaycan Prezidenti bildirib ki, informasiya-kommunikasiya texnologiyaları sahəsi ilə bağlı başqa məsələlər, humanitar əməkdaşlıq məsələləri də müzakirə edilib: "Bu gün müzakirə sahəsi kifayət qədər genişdir və hər bir istiqamət üzrə ölkələrimizin baxışlarının tamamilə üst-üstə düşdüyünü görürük. Bu, bir daha göstərir ki, Qazaxıstan və Azərbaycan təkcə sözdə deyil, əməli işdə də strateji tərəfdaşlar və müttəfiqlərdir". Öz növbəsində Qazaxıstan Prezidenti bildirib ki, Azərbaycandan kənd təsərrüfatı məhsulları idxal etməyə ehtiyac var: "Bu gün biz dövlətlərimiz arasında qarşılıqlı münasibətlərin və əməkdaşlığın nəqliyyat-logistika sahəsinin inkişafı barədə çox ətraflı söhbət etdik. Demək olar ki, müfəssəl danışıq, hökumətlərimizə müvafiq tapşırıqlar verdik. Əsla şübhə yoxdur ki, bu istiqamətdə konkret nəticələr əldə ediləcək. Hər halda Qazaxıstan tərəfindən əməkdaşlığın bu növünün inkişafına mütləq mənada maraq var". Kənd təsərrüfatı sahəsini xüsusi qeyd edən Qazaxıstan Prezidenti diqqətə çatdırıb ki, burada iki ölkə bir-birini qarşılıqlı tamamlayır: "Bilirsiniz ki, Qazaxıstanın taxıl, buğda, kənd təsərrüfatı məhsullarının digər növlərini tədarük etmək imkanı var. Eyni zamanda, bizdə Azərbaycandan kənd təsərrüfatı məhsullarını, yəni, meyvə-tərəvəz məhsullarını idxal etməyə ehtiyac var. Ümumiyyətlə, bir sıra qazaxıstanlı istehsalçılar Azərbaycana 100 adda, 300 milyon dollardan artıq məbləğdə mal tədarükünü artırmağa hazırdırlar. Buna görə biz həmin əmtəə dövriyyəsinin logistikasını təmin etməliyik və bu, ölkələrimizin hökumətlərinin vəzifəsidir. Bu gün bu barədə razılığa gəldik".
Maraqlıdır, imzalanan sənədlər iki dövlət arasındakı münasibətlərin inkişafına hansı təsirini göstərəcək? Millət vəkili Vüqar Bayramov qeyd edib ki, Qazaxıstan ilə Azərbaycan arasında əməkdaşlıq potensialı kifayət qədər yüksək qiymətləndirilir. Əməkdaşlığın dərinləşməsi özünü ticarət dövriyyəsində də əks etdirməkdidr. Belə ki, 2020-ci ildə ölkələr arasında dövriyyə 25.9 milyon dollar olmuşdursa ötən il qarşılıqlı ticarət 135 milyon 799 min dollaradək yüksəlib. Bu ilin ilk yarısında isə iki ölkə arasında ticarət dövriyyəsi 326 milyon 673 min dollar olub. Göründüyü kimi, iki Türk dövləti arasında xarici ticarət dövriyyəsində son il yarımda kəskin artımlar qeydə alınıb: "Qazaxıstan Prezidentinin Azərbaycana səfərindən sonra tərəflərin qeyri-neft sektorunda, o cümlədən nəqliyyat və kommunikasiya sahələrində daha geniş əməkdaşlıq edəcəyi gözlənilir. Tərəflər eyni zamanda humanitar və eləcə də təhsil sahəsində əməkdaşlığı gücləndirirlər. Qazaxıstan şirkətləri işğaldan azad olunan ərazilərimizdə də sərmayə qoyluşunda maraqlıdırlar. Artıq 65-dən çox Qazaxıstan şirkətinin müraciəti də məhz bu istəyi bir daha təsdiq edir.Türk dünyası daha da sıx əməkdaşlıq mərhələsinə qədəm qoyur. Etiraf etmək lazımdır ki, Türk dövlətləri arasındakı əməkdaşlığın güclənməsində Azərbaycanın xüsusi rolu var. Azərbaycan Prezidentinin Özbəkistana səfəri və daha sonra Qazaxıstan rəhbərinin ölkəmizə gəlməsi və liderlər arasındakı telefon danışıqları da Türk dünyasında əməkdaşlıq üçün mövcud imkanlardan daha geniş istifadə olunacağından xəbər verir".
Alim