“Kitabi-Dədə Qorqud” dastanında Qərbi Azərbaycan təbiəti...

Qismət  Yunusoğlu,

 Bakı Dövlət Universitetinin müəllimi

(əvvəli ötən nömrədə)

"...Hələ Azərbaycanda elə evlər var ki, Dədə Qorqud onların qapılarını açmayıb, onların kitab rəflərində "Dədə Qorqud dastanı" yoxdur. Biz o zaman  babalarımızın, türk əcdadlarımızın əsil övladı olmağa layiq olacağıq ki, "Dədə  Qorqud dastanı" həm həqiqi, həm də məcazi mənada bütün Azərbaycanlı evlərinin sakini olsun, ailə üzvü olsun. Yəni, bu "Kitab" hər evdə olsun, hər  ailədə onu oxusunlar və hər ailə öz yetirmələrini onunla tərbiyə etsin..." Tofiq İsmayıl oğlu Hacıyev (1936-2015), dilçi-alim, AMEA-nın akademiki,Türk Dil Qurumlarının həqiqi üzvü, f.e.d., professor, əməkdar elm xadimi.

Urmiya gölü hövzəsindən Böyük Qafqaz dağlıq silsiləsinədək, Güney Qafqazın Kür və Araz çaylarının orta-aşağı axarlarında, qapalı Xəzər dənizinin qərb sahillərində e.ə. I minillikdə qəbilə-tayfa, eləcə də ilkin dövlət ittifaqları timsalında mövcud olmuş Bütöv Azərbaycanının tarixi-coğrafi sərhəd hüdudlarının ilk olaraq epos-dastan təsviri (qədim yunan-roma alimləri və coğrafiyaşünasları Ksenefontun (e.ə.V əsr), Herodotun (e.ə. 484-425-ci illər), Strabonun (e.ə.63-24-cü illər)...əsərləri ("Anabasis" (və ya "On minin geri çəkilməsi"); "Tarix"; 17 hissədən ibarət "Coğrafiya" əsərinin 11-ci hissəsi..) və xəritələri (K.Ptolomeyin xüsusilə-100-170-ci illər) nəzərə alınmaqla)  kimi elmi-nəzəri dəyər kəsb edən "Kitabi-Dədə Qorqud" boyları sırasında I -"Dirsə xan oğlu Buğac xan boyu" həm də Qərbi Azərbaycanının zəngin təbiətinin salnaməsi kimi qiymətlidir.

Bu boyda adı çəkilən Oğuz ellərinin öndər hakimlərindən olan Bayandur xanla, Dirsə xanla, Buğac xanla bağlı antrotoponimlərin ("Bayan", "Bayandur", "Buğacıq"...) Zəngəzur, Dərələyəz, Şörəel mahallarında tarixən təşəkkül tapması, hadisələrin cərəyan etdiyi coğrafi məkanlara ("yaylaqlarından on qoyun ver","qaytabandan (dəvə saxlanılan yer-Q.Y.) qızılı dəvə ver bu oğlana"...), landşaft-relyef vahidlərinə ("çılpaq yatan Ala dağdan söz-sov adlayıb keçər", "köksü gözəl dağa ov çıxdı"...), təbii coğrafi bölgələrə ("İç Oğuz", "Qalın Oğuz", "qalın kafir elləri"...) uyğun gələn orotoponimlərin mövcudluğu dastan dilinin tarixi-coğrafi məlumatlardan əxz olunduğunu göstərir.

"Dəvə" adı ilə başlayan zootoponimlərin Qərbi Azərbaycanda geniş yer alması heç də təsadüfi deyil. Elə Göyçə mahalında Dəvəaxur kəndində dəvələrin qışda saxlandığı yerin, tövlələrin yurdu 1960-cı illərədk qalırdı...

Göyçə gölünün şimal-şərq və şimal-qərb hissələrində də Dəvədaş və Dəvəboynu dağları, Dərələyəz dağlıq silsiləsinin qərb yamaclarında dağ aşırımı-Dəvəgözü... toponimlərinin tarixi Kitabın tarixindən də qədimdir.

Vedi nahiyəsinin Haçaparaq kəndi də eyni mənanı ifadə edir ("dəvə hürgüclərinə oxçar dağların arasında yerləşən kənd"), 1880-ci il "Qafqaz haqqında məlumat toplusu"nda göstərilib ki, 1873-cü ildə bu kənddə 99 həyət, 756 nəfər Türk-Müsəlman əhali olub, 1912-ci ildə isə 1010 nəfər ("Qafqaz təqvimi"nin məlumatı). 1935-ci ildə kəndin adı "Zəhmət", 1991-ci ildən sonra "Xaçpar" qoyulub. SSRİ Nazirlər Sovetinin 23.12.1947-ci il tarixli 4083 nömrəli qərarı ilə Haçaparaq kəndinin əhalisi məcburi olaraq Kür-Araz ovalığına köçürülmüşdür.

Bu bölgədə Dəvəgözü çayı axır (ibtidai insan sürüsü "Uxtuakunk" deyir), Dərələyəz mahalında Dəvəölən  kənd-qışlaq, XIX əsrədək mövcud olmuşdur.

Vedibasar-Zəngibasar hövzəsində, Ağrıdağ düzündə, İrəvan şəhərindən 48 km cənub-şərq tərəfdə yerləşən Dəvəli kəndinə (eləcə də qonşu Türk-Müsəlman kəndlərinə) birləşmiş rus-hay qüvvələri 1828-1829-cu illərdə Cənubi Azərbaycandan (çar I Nikolayın (1796-1855) 21.03.1828-ci il tarixli fərmanı əsasında) və Osmanlı Türkiyəsi ərazisindən (Ədirnə sülh müqaviləsinin (14.09.1829-cu il) şərtlərinə görə) hay köçü sürülüb, bu yaşayış məntəqəsi 1975-ci ildə "Ararat" adlanıb.

I boyun təbiət təsvirləri xüsusi yer adlarını nişan verir-"köksü gözəl dağları..." və ya "...çılpaq yatan Ala dağ.." Qərbi Azərbaycanın orotoponimlərinin, peyzaş gözəlliklərinin soraqçısı kimi.

Pəmbək dağlıq silsiləsində, Zəngibasarda Gözəldərə kəndi (Van gölünə Gözəldərə çayı tökülür), Şörəel nahiyəsindəki Gözəldərə dağının ətəyindəki Gözəldərə kəndi (başqa adı Kiçikli, 1918-ci ildə kökənli əhalisi qovularaq evlərində Qars vilayətindən sürülən haylar yerləşdirildi, adını dəyişib "Vardanik" qoyublar), Ağrıdağ düzündə Gözəldərə kəndi (bu yurddada 1918-ci ilin eyni qanlı olayı baş verib, indi "Qexadzor" adlanır), Dərələyəz dağlıq hövzəsində 30 km uzunluğunda Gözəldərə (eyniadlı çay da axır) vadisi, Zəngəzur mahalında Gözəldərə kəndi 1918-ci ildən sonra yer üzündən silinmişdir, Gümrü şəhəri yaxınlığındakı Gözəldərə kəndinin 200 nəfər dinc sakini kənd məscidində 1918-ci ildə amansızlıqla yandırılmışdır, A.Ozanyanın və Q.Nijdenin quldurları tərəfindən, Göyçə gölünün şimal-şərq hissəsində Gözəldərə dağı yaylaq obalarının yurd-ocağ yeri... Oğuz elatının igidlərinin ruhunu yaşadan doğma coğrafi məkanlarımızdır, yerlərimizdir...

"...çılpaq yatan Ala dağ" çox güman ki, Alagöz dağını (4090 m) nişan verir, Qərbi Azərbaycanın ən uca zirvəsidir. Bu silsilə dağ çəmənlikləri ilə örtülüdür ("çılpaq" mənası görünən uca yerlərində meşə örtüyünün olmamasına işarədir, amma ətərlərində meşə massivləri vardır), şərqdən qərbə tərəf 40 km, şimaldan cənuba isə 30 km məsafədə uzanır.

Təbiət mənzərlərinin müxtəlif təçbehlərlə ("qara yallı gözəl Qazlıq atı...", "azğın dinli kafirlər...") təsvir edilməsinə rəğmən "qalın Oğuz ellərinə" üz tutmaq istəyi bir daha Dastan hadisələrinin Qərbi Azərbaycanda cərəyan etməsinə, toponimlərinin Oğuz-Səlcuq mənşəyinə tarixi bir sübutdur.

"Qarı-buzu əriməyən Qazlıq dağı"  Basarkeçər, Dərələyəz, Zəngəzur, Ağbaba, Şərqi Göyçə...dağlıq silsilələrinin zirvələrində, yamaclarında, qayalarında... indi də müqəddəsliyini, saflığını... qoruyub saxlamaqdadır, ərarəngiz təbiətimizin bir parçası kimi...Zəngibasar vadisində Buzxana kəndi (başqa adı Ağcaqışlaq)  kimi...

Dərələyəz mahalının Paşalı nahiyəsinin Mərətus və Köçbəy kəndlərinin arasında Diblər dağının Buzxana zirvəsi qayalı, kollu-koslu çəmənlikdir. Mərətus kəndi Naxçıvan diyarının Biçənək aşırımına, Batabat gölünə, Kükü, Biçənək...kəndlərinə 8-10 km-lik məsafədə idi. Köçbəy kəndinin quzeyindəki Qısır dağında, Cul aşırımında da illərlə qalaqlanmış qar-buz yığınları, topaları qalırdı.

Göyçə gölünün şimal-şərq hissəsində, Qaraqoyunlu nahiyəsinin Toğluca kəndinin şimal-şərqindəki (7-8 km aralı) Kirgit dağının qoynunda Kərbəlayı Əsədin yaylağında da, "Gığı dərəsi"nin başlanğıcında, Qazangöl dağında (Zəngəzur dağlıq silsiləsinin şərq yamacında), Qapan nahiyəsinin Yuxarı Pürülü kəndinin şimal-qərbində, Dərməzur çayının mənbəyində, Çilədərəsi boyunca- Qonçalı və Qırxlar dağlarında, Oyuq yaylağında da... daim qar örtüyü-buz yığnağı qalmışdır.

"Dirsə xan oğlu Buğac xanın boyu"nda Oğuz bəylərinin-igidlərinin adları çəkilir-Bayandur xan, Dirsə xan, Buğac xan... və bir çöx antrotoponimlər bu adlarla mənalanıb, qədim  Oğuz ellərində...

Qərbi Azərbaycanın Qarakilsə nahiyəsinin Bayandur kəndi antrotoponim kimi Oğuz tayfalarının adını yaşadır, 1959-cu ildə sonra "Vaqatur" adlanır.

Şörəel mahalındakı Bayandur kəndinin əhalisi 1918-ci ilin qanlı hücumlarından sonra Osmanlı Türkiyəsi ərazisinə keçmiş, kənd isə dağılmışdır.

Qərbi Zəngəzurun Qarakilsə nahiyəsinin Buğacıq kəndinin əhalisi 1905-1906-cı illərdə quldur hay-daşnak silahlılarının aramsız basqınlarına, qətl və qarətlərinə məruz qaldığından bu kənd tamamilə yox olmuşdur. "Buğa" kök tərkibindən əmələ gələn toponimlər  Sürməli qəzasında dağ ("Buğadağ"), Mehri nahiyəsində yaşayış  məntəqəsi ("Buğavar") və qış otlaq sahəsi ("Buğakar"), Dağ Borçalıda dağ zirvəsi ("Buğatəpə")... Dastan dilinin milli-mənəvi izi kimi coğrafi ünvan hüququ qazanmışdır, minilliklər boyunca, tarixi keçmişimizdən üzü bəri, həm də yurdumuzun odunu-ocağını qoruyub saxlamışdır...

Göyçə gölü yaxınlığındakı Toğluca kəndinin cənub-qərbində Ocaq dağı sakral-irfani dəyəri ilə maddi-tarixi irs keçmişini yaşayıb, kəndin dünya görmüş yaşlı sakinlərinin- Əmirvar Hüseyn oğlu Hüseynovun (1911-2006), İsaq İsmayıl oğlunun (1911-1986), Hüseyn Oruc oğlunun (1934-2007)... bildirdiyinə görə bu dağın günbatan yönündə, Göyçə gölünə tərəf, Uzundərə çayı (bu çay Göyçə gölünə tökülür, uzunluğu 7-8 km-dir) boyunca (kəndin cənub-qərbində) uzanan Quzeytəpədə Bayandur xanın qəbri var... bu yerdəki əski yurd-ocaq yerləri 1926-cı ilədək qalırdı...

(ardı növbəti saylarımızda)

R.S. Şərur-Dərələyəz mahalının Paşalı kəndinin kökənli əhalisi 1918-ci ildə hay-daşnak quldurları tərəfindən qovulmuş, onların evlərində Osmanlı Türkiyəsindən köçürülən hay sürüsü yerləşdirilmiş, nahiyə mərkəzi kimi bu kənd 1935-ci ildə Əzizbəyov rayon mərkəzi olmuş, 1991-ci ildən "Vayk" adlanır.

(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Paşalı nahiyəsinin Köçbəy kənd sakini Kirman Məmiş oğlu Xanlarovun (1947), Qaraqoyunlu nahiyəsi, Toğluca kənd sakini Kamran Mehralı oğlu Qasımovun (1961) və Qapan nahiyəsi, Yuxarı Pürülü kənd sakini İsmayıl Gəncalı oğlu Əhmədovun (1969) məlumatlarından istifadə olunmuşdur.)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31