Şuşa bəyannaməsinin bir ili və şuşalı günlər...
10 İyun 2022 10:49 SiyasətTarixi köklərə, dini və milli dəyərlərə bağlı olan Türkiyə-Azərbaycan münasibətlərinin hər ötən gün daha da inkişaf etdirilməsi, yeni bir mərhələyə qədəm qoyması bir tərəfdən hər iki ölkənin siyasi liderinin, prezidentinin dünyada anoloqu olmayan dostluq, qardaşlıq münasibətlərinə malik olmasından irəli gəlirsə, digər tərəfdən ölkələr arasında imzalanan və müxtəlif sahələri əhatə edən əməkdaşlıq sazişləri, protokollar, bəyannamələrdən qaynaqlanır. İki ölkə arasında imzalanan və strateji tərəfdaşlıq anlamı daşıyan sənədlərdən biri də tarixi Şuşa bəyannməsidir. Məlumat üçün qeyd edək ki, bu günlərdə sözügedən bəyannaməsinin imzalanmasının 1 ili tamam olur. 44 günlük Vətən müharibəsində inamlı qələbəmiz və azad edilən torpaqlarda imzalanmış ilk beynəlxalq sənəd sayılan Şuşa bəyannaməsinin məhz Türkiyə ilə imzalanması Bakı-Ankara münasibətlərinin nə dərəcədə yüksək səviyyədə olduğunun təsdiqi idi. Şuşa bəyannaməsi həm də o anlamı verirdi ki, azad edilmiş ərazilərə yenidən həyatın qayıtması, orada quruculuq-abadlıq işlərinə başlanmasının təminatçısı Türkiyədir və Türkiyə özü ilə yanaşı, həm də Qarabağın təhlükəsizliyinə xüsusi diqqət yetirir. Elə müqavilədə tarixi Qars müqaviləsinə istinad etmək də deyilənləri təsdiq edirdi. Tərəflər Şuşa bəyannaməsi ilə 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını, 9 fevral 1994-cü il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə"ni və "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol"u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"ni rəhbər tutduqlarını bəyan edirdilər. İyunun 15-də Qarabağın incisi Şuşa şəhərində imzalanan sözügedən bəyannamə ilə tərəflər iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərin durumundan məmnunluq ifadə edərək siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edirdilər.
Tərəflər fəxarət hissi ilə bildirirdirlər ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi.
Şuşa bəyannaməsi həm də Qafqazda sabitliyin əldə edilməsinə hədəflənmiş bir sənəd idi. Düzdür, həmin ərəfədə Ermənistan, eləcə də bəzi qonşularımız Şuşa bəyannaməsini bir növ özlərinə təhdid hesab etdilər. Eyni zamanda Türkiyənin qafqazlarda hegemonluğu ələ alacağı kimi mənasız iddialar ortaya qoyuldu. Ancaq sənəddə açıq şəkildə ifadə edilirdi ki, bəyannməyə imza atan tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Bu kontekstdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınacaqdır.
44 günlük Vətən müharibəsinin başa çatmasına baxmayaraq Ermənistanla dövlət sərhədində təxribatların davam etməsi fonunda belə bir bəyannamənin imzalanması həmçinin Azərbaycanın təhlükəsizliyinin zəmanətçisi sayıla bilərdi. Belə ki, Şuşa Bəyannaməsində qeyd edilən "Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər" fikri bir növ Azərbaycan üçün mühüm bir zəmanət kağızı idi. Yəni, bundan sonra Azərbaycana qarşı hər hansı ərfazi iddiasında bulunan dövlət qarşısında Türkiyəni görəcək.
Bir sözlə Şuşa bəyannaməsinin Azərbaycan, eləcə də Qafqaz regionu üçün nə dərəcədə mühüm bir sənəd olduğu hər ötən gün daha aydın şəkildə hiss edilir.
Füzuli