“Qiyam Azərbaycanın ictimai-siyasi həyatında çox şeyi dəyişdi”
6 İyun 2022 14:04 Siyasət"29 ildən sonra 4 iyun Gəncə qiyamı ilə bağlı müxtəlif fikirlər səsləndirmək olar. Bəzən Surət Hüseynovun başçılığı ilə təşkil olunan qiyama üsyan da deyilir. Amma Gəncə hadisələri birmənalı qiyam idi. Gəncə hadisələrində silahlı hərbi birləşmə başqa bir dövlətin təsiri və tapşırığı ilə dövlət çevrilişi etmək niyyətindəydi. Bu qiyama isə uzunmüddətli hazırlıq aparılmışdı. Son qərar 23 apreldə Gəncədəki Zabitlər Evində yüksək rütbəli rus hərbçilərinin iştirakı ilə verildi."
Bunu Olaylar.az-a açıqlamasında "Cəbhə.info"-nun baş redaktoru Rəfail Becanov söyləyib.
Onun sözlərinə görə, qərara alındı ki, dövlət çevrilişi ediləcək və Elçibəy hakimiyyəti devriləcək. Surət Hüseynov o tapşırığın icraçısı idi. Niyə məhz Surət? Sirr deyil ki, Surət Hüseynov o dövr üçün Azərbaycanda nüfuzlu adamlardan biri sayılırdı. Birinci Qarabağ müharibəsində müəyyən uğurlar, ordu quruculuğundakı iştirakı onu məşhurlaşdırmışdı. Rusiya kəşfiyyatı da məhz bunu nəzərə alaraq, onu icraçı kimi seçdi. Siyasi avantüranın qurbanı olan Surət Hüseynovun əli ilə Azərbaycanda dövlət çevrilişini gerçəkləşdirmək və Azərbaycanı Rusiyanın forpostuna çevirmək istəyirdilər. Bütün bu proseslərin arxasında Rusiya hərbi kəşfiyyatı dayanırdı.
"Lakin qiyamçılar və onların havadarları, qiyamın təşkilatçıları çevrilişə nail olsalar da, son akkordları necə deyərlər, vura bilmədilər. Elçibəy hakimiyyətini devirdilər, amma hakimiyyəti qəsb etmək niyyətlərinin gerçəkləşməsini bacarmadılar. Elçibəyin strateji-taktiki addımları onlara mane oldu.
Təbii ki, Gəncə qiyamını təbii ki, güc yoluyla yatırmaq mümkün idi. Amma Azərbaycanda dövlət çevrilişi planlayanların sonradan hansı addımlara gedə biləcəyini proqnozlaşdırmaq çətin idi. Bu, vətəndaş müharibəsi təhlükəsini də ehtiva edirdi, ölkənin parçalanmasını da. Ona görə də Elçibəy bütün mümkün variantlarla, müxtəlif taktiki gedişlərlə bunun qarşısını almağa çalışdı.
Təbii ki, nəticənin necə olacağını proqnozlaşdırmaq mümkün olmadığına görə qiyamın qarşısı alınmadı iddiası düzgün deyil. Qiyamın qarşısının alınmamsının səbələrindən biri də o zamankı hüquq-mühafizə orqanları, o cümlədən Müdafiə Nazirliyinin öz işinin öhdəsindən gələ bilməməsi idi. Qiyamın qarşısını alınması üçün Gəncədə 709-cu hərbi hissəsinin Müdafiə Nazirliyinə tabe etdirilməsi məsələsi fiaskoya uğradı. Yəni qiyamın qarşısını alınmaması həm də kadr uğursuzluğu ilə bağlı idi. Müdafiə Nazirliyindəki məsul şəxslər, xüsusən nazir Dadaş Rzayev konkret olaraq, uğursuz kadr idi. Qiyam başlayan gün, yəni 4 iyun günü onu tapmaq belə mümkün olmadı. Nəticədə də silahlı və xarici kəşfiyyatın maraqlarını ifadə edən bir qrup çevrilişi gerçəkləşdirdi.
Qiyam Azərbaycanın ictimai-siyasi həyatında çox şeyi dəyişdi. Ölkədə ondan sonra da iki dəfə dövlət çevrilişinə cəhd olundu. Qarabağ probleminin həlli 27 il gecikdi. Bu qiyamın nəticələrinin dövlətimizə vurduğu ən böyük ziyandır. Rusiya Gəncə hadisələri ilə 1993-cü ilin iyun ayında Kəlbəcərin boşaldılması ilə başlayacaq prosesi dayandırmağa nail oldu. Bütövlükdə Qarabağ sorunu 93-cü ilin sonuna qədər yekunlaşmalı idi. Amma bu, Rusiyanın maraqlarına uyğun gəlmirdi. Ona görə də Gəncə qiyamı belə təcili reallaşdırıldı.
27 il gec olsa da, bu gün Qarabağ sorunu çözülüb. Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad edib. Amma hələ də Rusiya Ermənistana sülh prosesini tezləşdirməyə imkan vermir. Azərbaycanla Ermənistan arasında sülh olacaqsa, Rusiya Qafqazda təsir rıçaqlarının əsaslı hissəni itirmiş olacaq"
Mehriban Xəlilli