Səriştəsizlik və naşılığın acı aqibəti
6 İyun 2022 12:09 Siyasət1993-cü il 4 iyun hadisələrindən 29 il ötməsinə baxmayaraq, bu hadisə Azərbaycan tarixinə qara ləkə kimi həkk olunub. Ölkədə tuğyan edən anarxiya, özbaşnalıq qardaş qırğını həddinə çatmışdı. Həmin dövrdə ölkəyə rəhbərlik edən AXC-Müsavat cütlüyünün yaratdığı hərcmərclik, xaos nəticəsində baş vermiş qardaş qırğını indi milli faciə kimi xatırlanır. Özünü xalqa qəhrəman kimi təqdim edən ayrı-ayrı silahlı dəstə rəhbərlərinin yaranmış vəziyyətdən sui-istifadə etməsi isə daha təhlükəli idi. Dövlətə tabe olmaq istəməyən silahlı dəstələrin özbaşnalığı demək olar ki, hər gün torpaq itgisi lə nəticələnirdi. Belə ki, Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi hissələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş vermişdi. AXC-Müsavat iqtidarının göstərişi ilə keçmiş korpus komandiri Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olmuşdu. Məlum hadisə nəticəsində hökumətə tabe olmayan hərbçilərlə hökumət qüvvələri arasındakı toqquşmada 35 nəfər həlak olmuşdu.
"Gəncə hadisələri" kimi tarixə düşən 4 İyun olayı AXC-Müsavat hakimiyyətinin iflası ilə nəticələndi. Bu hadisələrlə əlaqədar müxtəlif fikirlər səslənsə də, Azərbaycanı uçuruma aparan xaosun "müəllifləri" günahı bir-birinin üzərinə atsalar da, tarixi faktlar dəyişmir: ölkəyə vurulan siyasi, iqtisadi, ən əsası isə mənəvi zərbə insanların gələcəyə olan ümidini itirdi, səriştəsizlik Azərbaycanı vətəndaş müharibəsi həddinə çatdırdı. AXC-Müsavat cütlüyü hakimiyyəti ələ keçirən gündən ölkədə özbaşınalıq hökm sürürdü. Müxtəlif şəxslərə tabe olan qeyri-qanuni silahlı qruplaşmalar istədiklərini edir, min bir oyundan çıxırdılar. Respublikada son dərəcə mürəkkəb ictimai-siyasi şərait mövcud idi. Siyasi ehtiraslar səngimək bilmirdi. Ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki naşılığı, üstəlik, xarici himayədarlarının göstərişi ilə hərəkət etmələri vəziyyəti getdikcə gərginləşdirirdi. Hakimiyyət boşluğu, qanunların işləməməsi, torpaqlarımızın xeyli hissəsinin erməni işğalçıları tərəfindən zəbt edilməsi, əhalinin əsas kütləsinin yoxsulluq həddindən aşağı səviyyədə yaşaması, qorxu, xof altında saxlanılması, respublikanın milli sərvətlərinin cinayətkarcasına talanması xalqı getdikcə hiddətləndirirdi. Sosial, siyasi və mədəni həyatdakı özbaşınalıqlar, mənəm-mənəmlik, hərc-mərclik insanların səbrini son həddə çatdırmışdı. Başqa sözlə, 1993-cü il Gəncə hadisələri AXC-Müsavat hakimiyyətinin cinayətkar səriştəsizliyi, ölkədə yaratdığı anarxiya, xaos, özbaşınalığın, cəbhə bölgələrində bir-birinin ardınca baş vermiş uğursuzluqların, hakimiyyətdə olanların pozucu fəaliyyətin, AXC-Müsavat iqtidarına qarşı ümumxalq inamının heçə enməsinin məntiqi nəticəsi idi. Belə ki, 1993-cü ilin yayında ölkədə vəziyyət son dərəcə ağırlaşdı, hakimiyyət strukturlarına, o cümlədən, silahlı birləşmələrə nəzarəti itirən o zamankı iqtidar 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Artıq bir sıra ərazilərdə - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Hələ 1993-cü ilin fevralında prezident Əbülfəz Elçibəy keçmiş korpus komandiri Surət Hüseynovun rəhbəlik etdiyi 709 saylı hərbi hissənin ləğvi edilməsi haqqında sərəncam imzalamışdı. Lakin Surət Hüseynov bu sərəncamı icra etmədi. Prezidentin 709 saylı hərbi hissənin rəhbərliyinin dəyişdirilməsi və onun Ağcabədi rayonuna köçürülməsi haqqında yeni sərəncamı da kağız üzərində qaldı, üstəlik, Gəncəyə gələn hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri girov götürüldülər. Bundan sonra hakimiyyət 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı növbəti səhv qərar qəbul etdi və bununla da ölkədə qardaş qırğına əsas yaratdı. İyunun 4-də Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi. "Gəncə hadisələri" Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırdı və ölkə vətəndaş müharibəsi astanasına gətirildi, S.Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirdi və Bakıya doğru hərəkət etməyə başladılar.
Vətənin bu ağır günündə xalqın tələbi ilə Bakıya qayıdan Ulu Öndər Heydər Əliyevin böyük səyləri nəticəsində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, Ümummilli liderin hakimiyyətə qayıdışı ilə Azərbaycan məhv olmaq təhlükəsindən xilas olundu. Güclü siyasətçi, praqmatik lider, müdrik dövlət adamı kimi Heydər Əliyevin titanik səyləri nəticəsində müstəqilliyin ilk illərində dağılmaq və dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanı bu fəlakətdən qurtarmaq mümkün oldu, qısa müddətdə silahlı qarşıdurma cəhdlərinə son qoyuldu, ictimai-siyasi sabitlik təmin edildi, ölkə stabil inkişaf yoluna qədəm qoydu. Hazırda Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası Prezident İlham Əliyev tərəfinədn dövrün tələblərinə uyğun həyata keçirilir. Məhz dövlət başçısının uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilib. Birmənalı şəkildə demək olar ki, Azərbaycan Prezidentinin yürütdüyü qətiyyətli siyasət nəticəsində 44 günlük Vətən müharibəsində tarixi qələbə əldə edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.
Nurlan