15 Rusiya diplomatik mühasirədən çıxış yolları axtarışında
2 İyun 2022 11:25 SiyasətGörünən odur ki, Rusiya-Ukrayna müharibəsi hələ bir müddət davam edəcək. Başda Türkiyə olmaqla bir sıra ölkələr Kiyev və Moskvaya savaşı dayandırmaq və problemi danışıqlar masası ətrafında həll etməyi təklif etsə də, lakin tərəflər indiki halda danışıqlar prosesinə maraqlı görünmürlər. Bu isə hər gün onlarla, yüzlərlə insan həyatının son qoyulması, şəhər və kəndlərin xarabalığa çevrilməsi ilə nəticələnir.
Bu arada Rusiya-Ukrayna müharibəsi kontekstindən bəzi tədqiqat, araşdırma aparan beynəlxalq məsələlər üzrə ekspertlər, ayrı-ayrı ölkələrin analitikləri belə bir nəticəyə gəliblər ki. əslində Rusiya ilə Ukrayna arasında müharibənin baş verməsinə beynəlxalq silah alverçiləri, dünya üzrə bu sahədə məşhur olan şəbəkə rəvac verib. 44 günlük Vətən müharibəsi savaş meydanına yeniilik, yeni texnologiyalar gətirdiyi üçün yaxın keçmişin silahları belə demək mümkünsə əllərdə qalıb. Ona görə də beynəlxalq silah alverçiləri, silah qaçaqmalçıları hər hansı bir regionda müharibənin meydana gəlməsi və həmin savaşda yaxın keçmişin silahlarından, tank, top, hava hücumundan müdafiə sistemlərindən istifadənin marağında olublar. Bu mənada Rusiya-Ukrayna savaşı silah qaçaqmalçıları, beynəlxalq şəbəkə təmsilçiləri üçün göydəndüşmə olub. Hazırda da həmin şəbəkə müharibənin dayandırılmasına qarşıdır ki, əllərində olan silahlar üçün Kiyev real alıcı qismində olsun. Görünən mənzərə ondan ibarətdir ki, hazırda hərbi baxımdan ciddi itkilərlə üzləşən Rusiya, eyni zamanda diplomatik cəbhədə də Kiyev qarşısında məğlub durumdadır. Qərbin, Avropanın artan təzyiqləri Rusiyanı hər ötən gün iqtisadi və siyasi sahədə ciddi problemlərlə üzləşdirir.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Kiyev silahlanmanı davam etdirdiyi bir halda, Rusiya diplomatik mühasirədən çıxış yolları axtarır. Onun sözlərinə görə, Rusiyanın Avropada tərəfdaşı qalmayıb: "Doğrudur, Serbiya və Macarıstan kimi Avropa dövlətləri Rusiyaya qarşı sanksiyaların əleyhinədirlər. Hər ikisinin Rusiyanın neft və qazına ehtiyacı var. Ancaq Belqrad və Budapeşt belə Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə haqq qazandıra bilmirlər. Serbiya Avropa İttifaqına üzv olmaq istəyir və buna görə gələcəkdə Brüsselin təlimatlarından kənara çıxara bilməyəcək".
Mərkəz rəhbəri hesab edir ki, Avropadan əli üzülən Kremlin yeganə ümidi Çinədir. Moskvada "Rusiya və Çin: yeni dövrdə əməkdaşlıq" adlı konfrans təşkil edilib: "Sayca 7-ci olan bu konfransda iki ölkənin elm adamları və diplomatları bir araya gəliblər. 2015-ci ildən bu yana keçirilən konfrans iki ölkə arasındakı əlaqələrin strateji və praktik tərəflərini müzakirəyə çıxarır. İlk konfransın 2015-ci ildə keçirilməsi təsadüfi deyil. Bundan bir il əvvəl Rusiya Krımı ilhaq etmiş və Donbasda separatçı bölgə yaratmışdı. Nəticədə Kremlin Qərblə münasibətləri gərginləşdi və Moskva üzünü Avropadan Çinə çevirdi. Konfransda çıxış edənlər Qərbin Rusiya və Çinə qarşı təzyiq siyasəti yürütdüyü bildiriblər. Bunda qeyri-adi heç nə yoxdur. Rusiyanın işğalçı siyasəti və Çinin artan hərbi gücü və qonşularına qarşı əzələ nümayişi Qərbin bu iki dövlətə qarşı siyasətini sərtləşdirməyi diqtə edib. "Rusiya və Çin: yeni dövrdə əməkdaşlıq" konfransında çıxış edən Rusiya xarici işlər nazirinin müavini İqor Morqulov mövcud durumu belə xarakterizə edib: "NATO Avropa ilə yanaşı Asiyaya da daxil olub, Rusiya və Çin sərhədlərinin bütün perimetri boyunca problemli nöqtələr yaradıb, bu isə silahlanma yarışının artmasına gətirib çıxarıb".
Elxan Şahinoğlu hesab edir ki, əslində rusiyalı diplomatın dedikləri bütövlüklə Rusiya və Çinə aiddir: "Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı işğalçı müharibəsi, 2014-cü ildə Krımı ilhaq etməsi, Donbasda separatçı bölgə yaratması və bu ilin fevralında Ukraynaya qarşı başlatdığı işğalçı müharibə Qərb ölkələrini daha çox silahlanmağa vadar edib. Ukrayna müharibəsinə görə Finlyandiya və İsveç kimi neytral dövlətlər NATO-ya üzv olmağı qarşılarına məqsəd qoyublar. Bu arada, Çinin hərbi qüdrətini artırması və Tayvan adasına artan iddiası ABŞ-la yanaşı bölgə ölkələrindən Avstraliya, Hindistan və Yaponiyanı da yeni və modern silahlar almağa vadar edib. Rusiya və Çin siyasətlərini dəyişdirməyincə silahlanma yarışı tam gücüylə davam edəcək".
Füzuli