Türkiyə və Azərbaycan dövlət başçılarının qarşılıqlı səfərləri inkişafımıza təkan verir- MÜSAHİBƏ-ÖZƏL
27 May 2022 12:10 SiyasətNəsib Məhəməliyev: "TEKNOFEST Azərbaycan festivalının ölkəmizdə keçirilməsi olduqca əlamətdar hadisədir"
44 günlük Vətən müharibəsindən sonra bir neçə dəfə Moskva və Brüsseldə görüşən Azərbaycan və Ermənistan liderləri iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına xeyli yaxınlaşıblar. Hər halda bu günlərdə hər iki ölkə liderinin Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirdiyi görüşü və görüşdə əldə edilən müəyyən razılaşmalar belə deməyə əsas verir. Bəs görəsən siyasilər bu barədə nə düşünür? Milli Məclisin deputatı Nəsib Məhəməliyev "OLAYLAR"-a verdiyi müsahibədə Brüssel görüşü və Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətində görülən işlər, atılan addımlar barədə danışıb.
-Nəsib müəllim, Brüssel görüşünün nəticələrini necə dəyərləndirirsiniz və bu kimi görüşlər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını nə dərəcədə yaxınlaşdırır?
-Görüşdə müzakirə olunan məsələlər və görüşün yekunu olaraq Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bəyanatını nəzərə almaqla, birmənalı şəkildə demək olar ki, Azərbaycan Brüsseldə növbəti diplomatik uğur qazandı. Düzdür, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması, xeyli vaxt aparacaq. Aydınlıq gətirilməli çoxsaylı suallar var. Ancaq, düşünürəm ki, sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların yaradılması, kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin reallaşdırılması və digər qərarlarla proses başladı. Çətin olsa da, addım-addım sülh müqaviləsinə doğru yaxınlaşmalıyıq. Azərbaycan tərəfində hansısa problem yoxdur. Ermənistan uzun illər yanlış hakimiyyətlərin apardığı destruktiv siyasət nəticəsində müstəqil qərarlar qəbul etmək iqtidarında deyil. Ermənistan siyasətinə diaspora, lobbi təşkilatlarından və regionda ənənəvi təsiri olan xarici güclər tərəfindən təzyiqlər var. Paşinyan sülhə mane olan bütün destruktiv qüvvələri neytrallaşdırmağı bacarsa, müsbət nəticə əldə etmək olar.
-Tərəflər iyul-avqust aylaında yenidən görüşmək barədə razılıq əldə ediblər. Sizcə o vaxta qədər Ermənistan sülhə hazır olduğunu ortaya qoya biləcəkmi və prosesi nə dərəcədə sürətləndirəcək?
-Brüssel bu formatda 3 görüş təşkil etmişdir. Əvvəlki üçtərəfli görüş aprel ayının 6-da keçirilmişdi və sonuncu görüşdə qəbul olunan qərarlar ilk dəfə o zaman qəbul olunmuşdu. Lakin, Brüsseldən sonra Paşinyanın Moskvaya səfəri baş tutdu. Ardınca Ermənistan xarici işlər naziri əsassız iddialarla çıxış etdi və proses pozuldu. Praktiki olaraq, Brüsseldə özünün də razılıq verdiyi öhdəlikləri icra etməkdən yayındı. Mənə elə gəlir ki, növbəti görüşün iyul-avqust aylarında keçirilməsi qərarı, Paşinyana bir növ xatırlatma məqsədi daşıyır. Yəni öhdəlikləri icra etməsən, cavab verəcəksən. Başqa bəhanələr gətirə bilməzsən. Kiməsə arxayın olmamalısan. Aydın məsələdir ki, Avropa İttifaqının vasitəçiliyinə qısqanclıqla yanaşan qüvvələr yox deyil. Növbəti görüşün konkret vaxtının müəyyənləşdirilməsi, şübhəsiz prosesi sürətləndirəcəkdir.
-Bir qayda olaraq bu kimi situasiyalarda Ermənistanda hakimiyyət çevrilişi baş verir və bütün proses yenidən sıfırdan başlayır. İndiki məqamda revanşistlərin Paşinyanı devirməsi mümkün görünürmü?
-Ermənistanın tarixində terror hadisələri kifayət qədər olmuşdur. Ümumiyyətlə, erməni siyasətçiləri üçün başqa millətlərə, hətta öz siyasi opponentlərinə qarşı terror aktlarını, sui-qəsdləri törətmək adi normadır. Misal üçün, 1999-cu il parlament rəhbərliyinin güllələnməsini göstərmək olar. İndiki halda dinc yollarla Paşinyanı devirmək qeyri-mümkündür. Çünki, müxalifəti təmsil edən kriminal Qarabağ klanı və qatı millətçi daşnaklar əhali tərəfindən dəstəklənmir.
-Bu günlərdə ABŞ prezidenti Baydenin İlham Əliyevə ünvanladığı təbrik məktubunda Ermənistanla sülh müqaviləsinin bağlanmasına olan ümidlərdən də söz açılmışdı. Bu artıq Vaşinqtonun da Bakı ilə İrəvan arasında sülhün əldə edilməsindən yana olduğunu təsdiqləyirmi?
-Birləşmiş Ştatlar prezidenti Co Baydenin Azərbaycanın dövlət başçısı İlham Əliyevə təbrik məktubundan görünür ki, ABŞ müharibədən sonra yaranmış reallıqları qəbul edir və Azərbaycanla əməkdaşlıqdan məmnundur. Münasibətlərin daha da genişləndirilməsini arzulayır. Ermənistanla sülhün əldə olunmasında maraqlıdır. Xüsusilə, Rusiya-Ukrayna, Rusiya-Qərb münasibətləri fonunda Cənubi Qafqaz regionunda sülhün bərqərar olması ABŞ -ın maraq dairəsindədir.
-Son olaraq bu günlərdə Bakıda keçiriləcək "TEKNOFEST Azərbaycan" festivalı barədə fikirlərinizi bilmək istərdik. Həmin tədbirin rəsmi açılış mərasimində Türkiyə prezidentinin iştirakı da nəzərdə tutulur. Sizcə bu kimi tədbirlər, qarşılıqlı səfərlər Bakı ilə Ankara arasında əlaqələri nə dərəcədə inkişaf etdirib yeni bir mərhələyə daşıyır?
-TEKNOFEST Azərbaycan festivalının ölkəmizdə keçirilməsi olduqca əlamətdar hadisədir. 21-ci əsr İnformasiya Kommunikasiya Texnologiyaları əsridir. Bütün sahələr rəqəmsallaşdırılır. Texnologiyalar sürətlə inkişaf edir. Heç bir dövlət müasir texnologiyaları mənimsəmədən milli təhlükəsizliyini, informasiya, ərzaq təhlükəsizliyini, sənayesini, kənd təsərrüfatını inkişaf etdirə bilməz. 44 günlük müharibədə Qarabağ kimi çətin coğrafi relyefə, müdafiə sisteminə malik düşmən ordusunu məhz müasir texnologiyaların tətbiqi sayəsində maksimum az itkilərlə Müzəffər Ordumuz məğlub etdi. TEKNOFEST festivalına aparıcı universitetlərin, ayrı-ayrı nazirliklərin qatılması, festivalın əhəmiyyətini daha da artırır. Nümayiş olunan şoular geniş ictimaiyyət tərəfindən müsbət qarşılanır. Gənclərin texnoloji proseslərə, biliklərı marağını artırır.
Festivalda Prezident İlham Əliyevlə, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı, hər iki dövlət başçısının ölkələrində yeni texnologiyaların inkişafında maraqlı olduqlarının göstəricisidir. Qloballaşan dünyada gedən kəskin rəqabət mühitində aparıcı ölkələr sırasında xalqlarını ön sıralarda görmək arzusudur.
Siyasi nöqteyi-nəzərdən isə, Türkiyə və Azərbaycan dövlət başçılarının qarşılıqlı səfərləri, sıx təmasları inkişafımıza təkan verir, gücümüzə güc qatır.
Süleyman İsmayılbəyli