Sülh prinsiplərinin qəbul edilməsi Azərbaycan diplomatiyasının növbəti uğurudur

Liderlərin sülh müqaviləsinə baxışları artıq konseptual yanaşmadan detallı müzakirələrə keçib

Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüş iki ölkə arasında sülh razılaşmasının əldə olunması istiqamətində mühüm hadisədir. Bu danışıqlar prinsip etibarı ilə əvvəlki razılaşmaların sürətli icrasına yönələn addımların dəqiqləşdirilməsi xarakteri daşıyır. Görüşün Azərbaycanın təklif etdiyi əsas sülh prinsiplərinin qəbul edilməsi ilə yekunlaşması Azərbaycan diplomatiyasının növbəti uğurudur. Milli Məclisin deputatı, MM sədrinin birinci müavini Əli Hüseynli qeyd edib ki, bu uğur həm də onunla əsaslandırılır ki, 5 saat davam edən görüşdə danışıqlar və onun yekun razılaşmalarında "Dağlıq Qarabağ" ifadəsi işlədilməyib, Minsk qrupunun adı çəkilməyib, status məsələsi isə ümumiyyətlə müzakirə mövzusu olmayıb. Deməli, artıq keçmişdəki təxribat elementləri yeni sənədlərdə və ya bəyanatlarda əksini tapmır. Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılarkən  isə Azərbaycan, hər zaman dediyi kimi, vətəndaş olacaq ermənilərin təhlükəsizliyinə təminat verəcəyini bir daha bəyan edib: "Görünən odur ki, liderlərin sülh müqaviləsinə baxışları artıq konseptual yanaşmadan detallı müzakirələrə keçib. Rəsmi Bakının təklif etdiyi 5 baza prinsipi əsasında formalaşan sülhyaratma prosesi artıq konkret tədbirlərlə və addımlarla müşaiyət olunur. Hər iki ölkənin rəhbərləri tərəfindən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında  müvafiq sənədlər imzalanıb və komissiyaların tərkibləri müəyyənləşdirilib. Üçtərəfli görüşün gedişində kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin sərhədlərin müəyyənləşdirilməsi kontekstində baxılması, həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi, beynəlxalq daşımaların tənzimlənməsi və digər məsələlər barədə razılığa gəlinib. Sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri tərəfləri qane edəcək formata salınıb. Razılaşmaya əsasən sülh müqaviləsinin hazırlanması üçün xarici işlər nazirliklərinin nümayəndə heyətləri yaxın vaxtlarda bir araya gələcəklər. bağlı təklif qəbul olunub. Avropa İttifaqının təşəbbüsü ilə iki ölkə liderinin  bir neçə aydan sonra yenidən birbaşa müzakirə üçün görüşmələri ilə bağlı təklif dəstəklənib. Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək. Bu nüanslar istər Rusiya, istərsə də Avropa İttifaqının təşəbbüsü ilə əldə edilən bütün razılaşmaların mahiyyətini bir məxrəc altında birləşdirir və praktiki işlər üçün yeni imkanlar açır". Onun bildirdiyinə görə, danışıqların nəticələri Azərbaycan dövlətinin postmünaqişə dövründə diplomatik manevrlərinin gücləndirdiyini və Ermənistana Bakının şərtləri ilə razılaşmaqdan başqa alternativinin olmadığını  təsdiq edir: "Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin 22 may tarixli üçtərəfli Brüssel görüşünün nəticələri ilə bağlı mətbuata verdiyi açıqlamanın məzmunu və nəzərdə tutulduğu kimi, artıq   dünən Sərhəd Komissiyalarının ilk birgə iclasının baş tutması  Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyi ilə bağlı ümidləri artırır". Millət vəkili  Ramin Məmmədov qeyd edib ki, Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında Brüsseldə keçirilən üçüncü görüşü Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım kimi qiymətləndirmək olar. Onun fikrincə, bu görüş tərəflərin mövcud problemlərin həlli üçün siyasi iradə nümayiş etdirməyə hazır olduğunu göstərir. Millət vəkili bildirib ki, daha əvvəl keçirilən iki görüşdən sonra üçüncü görüşdə əldə olunan nəticələr Brüssel prosesinin uğurla davam etdiyini göstərir: "Bunu ona görə Brüssel prosesi adlandırmaq olar ki, ötən ilin dekabrında keçirilən birinci görüş əslində tərəflərin mövqeləri arasında uzlaşma ehtimalının nə qədər olduğunu müəyyən etmək üçün atılmış addım idi. Tərəflərin bir-birinin mövqelərini nə qədər düzgün başa düşdüyü aydınlaşdı. Bu ilin aprelində keçirilən görüşdə isə böyük irəliləyiş əldə olunduğunu deyə bilərik. Çünki məhz bu görüşdə mübahisəli məsələlərin həlli ilə bağlı yol xəritəsinin müəyyən elementləri müşahidə olunmağa başladı. Mayın 22-də keçirilən sonuncu görüş isə artıq konkret addımların atılması ilə nəticələndi. Sərhədlərin delimitasiyası üzrə komissiyaların yaradılması barədə hər iki ölkənin dövlət başçılarının verdiyi qərarlar bunu əminliklə söyləməyə imkan verir". Ramin Məmmədov bildirib ki, hər üç görüşün yekunları Azərbaycanın sülh gündəliyini qəbul etdirdiyini göstərir. Brüssel görüşü ilə bağlı mətbuata verilən bəyanatda əksini tapmış fikirlərin, ayrı-ayrı ifadələrin təhlili göstərir ki, Azərbaycan öz haqlı və əsaslı mövqeyini qəbul etdirməyə nail olub. "Azərbaycan Prezidentinin qətiyyəti, siyasi iradəsi və nüfuzu, son illər ərzində ölkəmizin beynəlxalq aləmdə mövqelərinin güclənməsi Brüssel prosesinin nəticələrini şərtləndirən əsas amillərdir. Əlbəttə ki, regionda yaranmış yeni reallıqlar, dünyada baş verən proseslər, beynəlxalq münasibətlərin sürətlə dəyişən xarakteri, real qüvvələr nisbəti, bütün bunlar hər biri danışıqların məzmununa təsir göstərir. Lakin bu şərtlərdən öz milli mənafeləri kontekstində faydalanmaq üçün çevik və düşünülmüş xarici siyasət strategiyası həyata keçirmək son dərəcə vacibdir. Hesab edirəm ki, nəticələr Azərbaycanın bunun öhdəsindən məharətlə gəldiyini təsdiq edir". Millət vəkili qeyd edib ki, Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi ilə bağlı müzakirələri davam etdirmək barədə əldə olunmuş razılıq Brüssel prosesinin perspektivi haqqında optimist düşünməyə imkan yaradır: "Bu görüşün əsas nəticələrindən biri də növbəti görüşün vaxtının müəyyən olunması ilə bağldır. Bu o deməkdir ki, danışıqların davam etdirilməsinin zərurliyinə və faydalılığına inam var. Təbii ki, hər şey bundan sonra Ermənistanın əldə olunmuş razılaşmalara nə dərəcədə əməl edəcəyindən asılıdır. Çünki Azərbaycan hər zaman istənilən platformada götürdüyü öhdəliklərə sadiq olduğunu dəfələrlə nümayiş etdirib. Ermənistan haqqında isə bunun əksini söyləmək üçün kifayət qədər çoxsaylı faktlar var. Hər halda prosesin ümumi gedişi nikbin düşünməyə əsas verir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31