"Zəngəzur dəhlizinin açılması ümumilikdə türk dünyası üçün yeni imkanlar formalaşdırır" - politoloq İlyas Hüseynov

"Türkiyə ilə Azərbaycan arasında olan münasibətlər hər keçən gün inkişaf edir və yüksələn xətt üzrə genişlənir. Ona görə də bu münasibətlər dostluq və qardaşlıq telləri ilə bağlıdır. Eyni zamanda Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin 27 sentyabr tarixindən etibarən Azərbaycanın xalq işinə, ədalətli işinə böyük dəstək nümayiş etdirmişdir".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
"Cənab Rəcəb Tayyib Ərdoğanın siyasi bəyanatları özündə mühüm mesajları ehtiva edirdi. Əgər Ermənistanın yanında hər hansısa bir dövlət öz hərbi gücü ilə olacaqdısa, o zaman Türkiyə NATO-dakı ikinci gücü və potensialı ilə Azərbaycanın yanında olacaqdır. Bu çox mühüm bir qardaşlıq mesajı idi və bu mesaj sayəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi və əks hücum əməliyyatları böyük uğurla yekunlaşdı.
Türkiyənin Azərbaycana göstərdiyi mənəvi dəstəyi həm də informasiya cəbhəsində özünü göstərirdi. Media platformasının formalaşdırılması və bu istiqamətdə aparılan işlər Türkiyənin aparıcı informasiya vasitələrində Azərbaycan həqiqətlərinin işıqlanmasına yol açırdı. Gündəlik rejimdə türkiyəli siyasi ekspertlər, politoloqlar, hərbi mütəxəssislər Qarabağda və Şərqi Zəngəzurda baş verən prosesləri təhlil edirdilər və bu da bizim gücümüzə güc qatırdır. Ekspertlər arasında olan koordinasiyanı da xüsusilə qeyd etmək istəyirəm.
Digər məsələ, post-münaqişə reallıqları kontekstində Türkiyə Azərbaycan əməkdaşlığıdır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa işğaldan azad olunduqdan sonra 2021-ci ilin 15 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış "Şuşa Bəyannaməsi" ikitərəfli münasibətləri hərbi müttəfiqlik səviyyəsinə qaldırdı və "Şuşa Bəyannaməsi"ndə ikitərəfli münasibətləri tənzimləyən bir sıra istiqamətlər yer alıb. Siyasi, iqtisadi, hərbi, humanitar, mədəniyyət, enerji, nəqliyyat, gənclər siyasəti və digər mühüm sahələr "Şuşa Bəyannaməsi" sayəsində bu gün uğurla inkişaf etdirilir.
Texnologiya sahəsində olan əməkdaşlığı da buraya aid etmək olar.
Buna görə də Türkiyə Azərbaycan münasibətləri çoxşaxəlidir, burada mühüm aspektlər yer alır və Azərbaycanın haqq işinə Türkiyənin dəstək göstərməsi Azərbaycan-Türkiyə qardaşlığının bir simvoluna çevrilib. Düşünürəm ki, bundan sonra da Türkiyə-Azərbaycan əməkdaşlığı daha da genişlənəcək və regionun inkişafına xidmət edəcək. Zəngəzur dəhlizinin açılması ümumilikdə türk dünyası üçün yeni imkanlar formalaşdırır. Mərkəzi Asiyada olan türkdilli dövlətlər Zəngəzur dəhlizi vasitəsilə qərbə çıxış imkanlarını əldə edirlər. Azərbaycan, Xəzər hövzəsi nəqliyyat logistika tabına çevriləcək və burada türkdilli dövlətlər iqtisadi inkişaf üçün stimul qazanacaqlar.
Azərbaycan ilə Türkiyənin atdığı birgə addımlar türkdilli dövlətlərin rifahına xidmət edir. Türkdilli dövlətlər bundan sonra daha da inkişaf edəcəklər və Türkdilli Dövlətləri Təşkilatının formalaşması onun inkişaf etdirilməsi də məhz bu səbəbdən meydana gəlmişdir. Gələcəkdə türk dünyası öz potensialını da inkişaf etdirməklə, müasir beynəlxalq münasibətlər sistemində öz yerini və rolunu daha da möhkəmləndirəcəkdir".

Röyalə Xəyal
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31