"Türkiyə dünyada söz sahibi, regionun əsas aktorlarından biridir"
25 May 2022 12:18 Siyasət"Bu hadisə 1993-cü ilə aiddir. Kəlbəcər Ermənistan işğal edilərkən Prezident Əbülfəz Elçibəy mülki əhalinin çıxarılması üçün Türkiyədən vertolyot istəyib. Lakin Türkiyə tərəfi bunu reallaşdırmayıb. Elçibəy bunu öz müsahibələrində də deyib. Hesab etmirəm ki, Türkiyənin vertolyot vermək imkanı olmayıb, yaxud Türkiyə dövlət olaraq bu yardımı etməyib. Bu dövlətə rəhbərlik edənlərin seçimi olub. Niyəsi artıq başqa mövzudur"
Bunu Olaylar.az-a açıqlamasında "Cəbhə.info"nun baş redaktoru Rəfail Becanov söyləyib.
Onun sözlərinə görə, sadəcə, o məsələyə toxunaq ki, Ərdoğan bir siyasi lider olaraq başqadır. Onun hədəfləri fərqlidir. Türkiyənin daxili problemlərinə toxunmadan birmənalı demək olar ki, Ərdoğan Türkiyəni dünya dövlətləri sırasına çıxardı. İndi Türkiyənin imzası var imzalar içində.
" Türkiyə dünyada söz sahibi, regionun əsas aktorlarından biridir. Dünyanın supergücləri onunla hesablaşır. Türkiyənin dövlət və milli maraqlarına kimsə toxuna bilmir. Çünki artıq dünyanın lider dövlətlərindən biridir. Qarabağ məsələsində Türkiyənin mövqeyi, yardımı bizim qürur tariximizdir.
Ermənistanın havadarları Türkiyəni yanımızda görüb geri çəkilməyə məhkum oldular. Anladılar ki, Azərbaycan tək deyil. Arxasında Türkiyə var.
Böyük Atatürk deyirdi ki, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Bundan böyük hansı ifadəni tapmaq olar? Türkiyə dövlət olaraq, 30 il Qarabağ kədərini, 2020-ci ildə isə bizimlə bərabər Qarabağ sevincini yaşadı. Dünyaya müttəfiqlik yox, qardaşlıq, eyni millətin iki dövləti necə olur nümunəsi göstərdik"