"Moskva Qafqazda öz varlığını qorumaq üçün əsas silahı olan Qarabağ məsələsinə nəzarəti itirir"
31 Mart 2022 15:50 Siyasət"Qərb və Rusiya, Qarabağda bir ağızdan çıxış edir və ermənilərə havadarlıq edir"
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib:
"Prezident İlham Əliyevin Ermənistandan müsbət mesajlar alınmasına dair açıqlaması deməyə əsas verir ki, Ermənistan siyasi arenası mümkün və əsas variantlar arasında artıq sülhə doğru addımlamağı qəbul edir. Halbuki qarşı tərəf əvvəl sadəcə Qarabağ məsələsinin ermənilərin istədiyi şərtlərlə həllindən sonra sülhü mümkün görürdü. Nəzərə almaq lazımdır ki, nə qədər siyasi arenada müsbət fikirlər səslənməyə başlasa da, bölgədə vəziyyət kritikdir. Elə dünən bölgədə yeni erməni birliklərinin silahlandırılması videosu yayılmışdı. Burada mümkün iki ehtimaldan biri odur ki, ermənilər siyasi masada vaxt qazanmaq istəyir və bunun ən yaxşı yolu Azərbaycan tərəfinə müsbət mesajlar ötürərək rəsmi Bakını rahatlatmaqdır.
İkinci ehtimal isə, Ermənistan Qarabağdakı "tör-töküntülərinə" və ümumiyyətlə Qarabağa nəzarəti itirib və bu nəzarət tamamilə seperatçılar və separatçıların etiraf etdiyi kimi "onların varlığını qoruyan Rusiya sülhməramlıları" tərəfindən həyata keçirilir. Yəni, dünən bölgədə baş verən qeyri-qanuni silahlanma birbaşa Rusiya tərəfindən "ssenariləşdirilib". Düşünürəm ki, rəsmi Bakı bu ehtimala təəccüblənmir. Çünki Rusiyanın Azərbaycan əleyhinə onun düşmənlərini silahlandırması ilk dəfə deyil.
İki ehtimalın hansı realdır, bunu xarici kəşfiyyat orqanlarının əlindəki dəlilləri görmədən demək mümkün deyil, amma hər iki ehtimal son günlər siyasi arenada yaşanan Rusiya-Azərbaycan gərginliklərini də izah edir. Belə ki, Moskva Qafqazda öz varlığını qorumaq üçün əsas silahı olan Qarabağ məsələsinə nəzarəti itirir və anlayır ki, Qarabağ probleminin tamamilə həll edilməsi, onu Azərbaycanda tamamilə zərərsizləşdirəcək, qarşılığında Ermənistandaki hərbi və siyasi varlığı da sual altına düşəcək.
Qarabağ probleminin yekun sülh sazişi ilə bitməsi, Ermənistan və Türkiyə arasında ikitərəfli əlaqələri də bərpa edəcək. Onda, Ermənistandakı anti-rus siyasi arenası belə bir sual üzərində mühkəm dayanacaq:
- Madam ki, artıq Türkiyə ilə əlaqələr normallaşıb və qorxduğumuz ən böyük xarici təhlükə olan Türkiyə ilə dost münasibətlərə keçirik, onda Gümrüdə rus hərbi bazası nəyə lazımdır?
Bilirik ki, ermənilər arasında Gümrü hərbi bazasının vacibliyi barədə bəhanələrdən biri də guya "Türkiyə və ya Azərbaycan təcavüzünə qarşı" xilaskar kimi propaganda edilib. İndi Azərbaycan və Türkiyə ilə normal əlaqələrin qurulması Rusiyanın Qafqazdakı əsas əlaltısı Ermənistanı tamamilə itirməsinə səbəb olacaq. Bunu əngəlləməyin tək yolu var: Qarabağ probleminin həlli ömürlük "təxirə salınsın".
İkinci verisyada dediyimiz kimidirsə, yəni Ermənistan dövləti Qarabağa nəzarəti itiribsə, o halda rəsmi Bakıda "isti əməliyyatlara" ehtiyac duya bilər. Bu elə Paşinyan iqtidarının da ürəyincə olacaqdır. Nə Paşinyan Ermənistanı, nə də Azərbaycan Qarabağda nəzarətin Rusiyanın əlində tam bərqərar olmasına razıdır. Birinci versiyada isə, sülh prosesinin Azərbaycanın istədiyi konteksdə və istədiyi şəkildə gedişi mümkün görünmür. Nəzərə almaq lazımdır ki, Ukraynada bir-birini "məhv edən" Qərb və Rusiya, Qarabağda bir ağızdan çıxış edir və ermənilərə havadarlıq edir..."