Ombudsman Mərakeş Krallığına səfər edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Mərakeş Krallığının Rabat şəhərində rəsmi səfərdədir. Səfərin məqsədi İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyası (İƏT OA) İdarə Heyətinin növbəti iclasında iştirak etməkdir. Ombudsman Aparatından "Olaylar"a bildirilib ki, hibrid formatda keçirilən iclasın ilk günü Assosiasiyanın  fəaliyyəti, ombudsman institutlarının rolunun gücləndirilməsi ilə bağlı  prioritet məsələlər müzakirə edilib. Azərbaycan Ombudsmanı Səbinə Əliyeva məruzə ilə çıxış edərək, silahlı münaqişələrin insanların hüquq və azadlıqlarına təsiri,  Ermənistanın ölkəmizə qarşı uzun müddət davam edən təcavüzü nəticəsində beynəlxalq hüququn norma və prinsiplərinin pozulması, münaqişə və münaqişədən sonrakı dövrdə Azərbaycan Ombudsmanının həyata keçirdiyi faktaraşdırıcı missiyaların nəticələri barədə geniş məlumat verilib.

Daha sonra Səbinə Əliyeva ötən il Assosiasiya prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin  Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müstəqil araşdırmalar həyata keçirdiyini, beynəlxalq humanitar hüququn pozulması ilə bağlı çoxsaylı faktların əldə olunduğunu diqqətə çatdırıb. Çıxış zamanı İƏT-ə üzv ölkələrin ombudsman təsisatlarının imkanlarını gücləndirmək məqsədi ilə Assosiasiya tərəfindən təşkil olunan təlimlərin əhəmiyyətinə diqqət çəkilərək, belə təlimlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.Yekunda Ombudsman Assosiasiyanın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürüb, müzakirələr aparılıb. Səfər çərçivəsində,  həmçinin Ombudsmanın Mərakeş Krallığının dövlət rəsmiləri ilə görüşləri də nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31